SEÇMƏ

Elçin Sadıqov: “Giriş kodunu verməkdən imtina etdiyim üçün prokurorluq telefonlarımı qaytarmır”

Yayımlandı: 4 Noyabr 2022 23:21

“İnsan hüquqlarını müdafiə etdiyimə görə təqiblər, təzyiqlər və ən əsası, amansız repressiya davam edir”

Vəkil Elçin Sadıqovun ev dustaqlığına görə Bakıdan kənara çıxa bilməməsi və əvvəldən müqavilə bağladığı müvəkkillərinin müdafiəsiz qalması məsələsilə bağlı şikayətinə noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Vəkilin ev dustaqlığına buraxılma qərarındakı “Bakıdan kənara çıxa bilməz” ifadəsinin “Azərbaycandan kənara çıxa bilməz”lə əvəz olunması haqda ərizəsinə sentyabrın 26-da Binəqədi Rayon Məhkəməsində baxılmış, lakin təmin olunmamışdı. Apelyasiya şikayəti də həmin qərardan verilib.

Bakı Apelyasiya Məhkəməsində bu məsələyə elə Elçin Sadıqovun ev dustaqlığına buraxılması haqda qərarı çıxaran və orada “Bakıdan kənara çıxa bilməz” yazan hakim Zəki Babayev baxıb. Apelyasiya şikayəti təmin edilməyib.

Elçin Sadıqov deyir ki, hələ həbsindən əvvəl müxtəlif bölgələrdən olan müvəkkillərinin işlərini götürüb, onların hüquqlarını müdafiə edirdi. Ona paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququ pozulmuş olur. Çünki əvvəldən seçdikləri, işlərini aparan vəkilin yardımından istifadə edə bilmirlər. Elçin Sadıqovun sözlərinə görə, bununla həm də vəkil kimi, onun fəaliyyəti məhdudlaşdırılır.

Elçin Sadıqov bildirib ki, həbs olunarkən götürülən telefonlarını prokurorluq hələ də qaytarmayıb. Onun sözlərinə görə, noyabrın 4-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılsa da, yenə telefonlarını qaytarmayıblar. Səbəb isə budur ki, ondan telefonlarına giriş üçün kodlarını tələb edirlər, o isə bunun şəxsi həyata müdaxilə olduğunu bildirərək verməkdən imtina edir.

“İnsan hüquqlarını müdafiə etdiyimə görə təqiblər, təzyiqlər və ən əsası, amansız repressiya davam edir. Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etmədi. Bu gün həm də məni Baş Prokurorluğun İstintaq İdarəsinə çağırmışdılar. Vəkillərimlə getmişdim. Artıq neçənci dəfədir ki, “telefonlarını qaytarırıq” adı ilə çağırıb, açmaqdan imtina etdiyim üçün onları mənə qaytarmaqdan imtina edirlər. Hər iki məsələ ilə bağlı üzvü olduğum Vəkillər Kollegiyası öz etirazını bildirmir”, – Elçin Sadıqov bildirib.

Elçin Sadıqov barəsində cinayət işi başlanmasını da, həbsini və ondan sonra yaranan məhdudiyyətləri sifarişin nəticəsi hesab edir.

Elçin Sadıqov sentyabrın 10-dan Binqədi Rayon Məhkəməsinin qərarıyla həbs olunub. Bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb.

O, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə eyni cinayət işi üzrə təqsirləndirilir.

Əvəz Zeynallı “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib.

Gözdən qaçırmayın:  Əlilliyi ləğv edilmiş şəxs: “TSEK təzə hiylələrə əl atıb”

Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.

Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button