Loading...
Loading...
GündəmXəbərlər

Elçin Sadıqova töhmət verildi – Vəkillər Kollegiyasından növbəti “islahat”

Vəkil İlham Əliyevə müraciət etməyi planlaşdırır

Fevralın 25-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti (VK RH) növbəti toplantısında vəkil Elçin Sadıqova töhmət verilməsi haqda qərar qəbul edilib.

Bu barədə məlumatı vəkil Elçin SadıqovFacebook” səhifəsində yayıb.

Vəkil bildirib ki, kollegiya onun iclasda iştirak etmək barədə xahişini nəzərə almayıb, iclas təxirə salınmayıb:

“Qərarı mənim iştirakım olmadan qəbul ediblər. Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi. Baş Prokurorluğun konfidensial görüşünün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırmadı. Rəyasət Heyəti, ümumiyyətlə, Yunis Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda Baş Prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamadı”.

E.Sadıqov daha sonra yazır:

“Azərbaycanda vəkillik etmək ona görə çətindir ki, təkcə dövlət orqanları tərəfindən deyil, Rəyasət Heyəti tərəfindən də təqib olunursan. Hətta rəhbərlik işlərdən imtina etmək haqqında sənə təkliflər də verir. İmtina etmədikdə isə prokurorluqla birləşib, intizam icraatı başlayıb cəzalandırırlar. Son vaxtlar insan haqlarını müdafiə edən vəkillərin “soyqırımı” davam edir, halbuki ölkədə dövlətin və vəkilliyin əsas məqsədi insan hüquq və azadlıqlarını müdafiə etməkdir. Bizim əsassız təqib edilməyimiz onu göstərir ki, Azərbaycan hökuməti insan haqlarının müdafiəsindən geri çəkilir və insan haqlarını müdafiə edənlərə qarşı total təqiblər həyata keçirir. Bundan başqa, VK rəhbərliyinin belə bir əsassız şikayətə xitam vermək əvəzinə məni cəzalandırması onu dəqiqliklə sübut edir ki, prokurorluğun kollegiya rəhbərliyinə qarşı təzyiq imkanları genişdir”.

Vəkil əlavə edib ki, ölkəyə qayıtdıqdan sonra geniş açıqlama verəcək və ölkə prezidenti İlham Əliyevə müraciət edəcək:

“İstəyirəm formal inkişaf adı ilə Kollegiyada nələr baş verdiyini, ölkədə qorxaq vəkillik formalaşdığını onun diqqətinə çatdırım”.
Vəkillər Kollegiyasının saytında Rəyasət Heyətinin iclası barədə məlumat yer alsa da, yalnız “İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir” cümləsi qeyd olunub.

Ötən il, sentyabrın 11-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevi güllələməkdə təqsirli bilinən Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirmişdi. 

“4 sentyabr 2018-ci il tarixdə artıq hədələr açıq-aşkar gəlməyə başladı və 5 sentyabr 2018-ci ildə Baş Prokurorun birinci müavini tərəfindən imzalanmış qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edildi. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib, vəkilin oğluma məsləhətlərini dinləyib və vəkilin oğluma məsləhətləri Baş Prokurorluğun xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”.

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

Ötən il, dekabrın 21-də Vəkillər Kollegiyasının İntizam Komissiyasının iclasında vəkil Elçin Sadıqovun məsələsinə baxılıb.

Respublika Prokurorluğu əvvəl Vəkillər Kollegiyasının sorğuna cavab olaraq Yunis Səfərovun 5 sentyabr 2018-ci il tarixdən sonrakı tarix üzrə “ərizəsini” təqdim etmişdi ki, ona təzyiq göstərib. Belə ki, vəkil təzyiq edib ki, o, istintaq zamanı və Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalması barədə ifadə versin.

Əslində isə Respublika Prokurorluğu sentyabrın 4-də Elçin Sadıqovu Yunis Səfərovun vəkilliyindən kənarlaşdırıb və bir gün sonra Vəkillər Kollegiyasına şikayət edib:

“Sonradan prokurorluq başa düşdü ki, axı, o, aydınlıq gətirməlidir, mənim Yunislə söhbətim 4 sentyabrda ona necə məlum olub. Bunu pərdələmək üçün işə yeni bir məktub əlavə edilib. Guya Yunis Səfərov 28 avqust 2018-ci ildə Penitensiar Xidmətin rəisi, cənab Ceyhun Həsənova məktub yazaraq istintaq zamanı və Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan zaman işgəncəyə məruz qalmadığını və mənim onun işgəncəyə məruz qaldığını zənn etdiyimi, bu barədə şikayət etməyi təkid etdiyimi yazıb. Halbuki, Yunis Səfərov həbsdə saxlanılan şəxs olduğundan mütləqdir ki, onun məktubu BİT rəisinin müqvafiq müşayiətedici məktubu ilə dəftərxana qeydləri aparılmaqla poçt vasitəsilə göndərilsin. Qeyd edilənlərin heç biri ərizədə yoxdur. Məktubdan belə başa düşmək olar ki, Yunis məktubu yazıb və onu kağız təyyarə formasına salaraq uçurdub. Məktub da Penitensiar Xidmətə yox, Baş Prokurorluğa uçub gəlib”.

Vəkilin sözlərinə görə, o, Yunis Səfərova gələn və ondan gedən məktubları yoxlatdırıb. Məlum olub ki, 1 -5 avqust 2018-ci il tarixlərində ona heç bir məktub gəlməyib və ondan heç yerə məktub getməyib.

Fevralın 22-də isə Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyilə Vəkillər Kollegiyasının Yalçın İmanova qarşı iddiası üzrə qərar çıxarılıb. Qərara əsasən, Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Back to top button