2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Elçin Şıxlı: “Rusiyanın bizə ötürmək istədiyi mesaj….”

24 saat.org fəaliyyətini dayandıran “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir.

– Elçin bəy, prezident Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü necə qiymətləndirirsiniz?

– Əlbəttə, mən incəliklər barədə danışmazdım, çünki bu haqda məlumatlı deyiləm. Ancaq bir şey dəqiq aydındır! Bütün bunlar Rusiyanın vaxtı uzatmaqdan başqa bir işi deyil. Bu illər ərzində nə qədər danışıqlar olub. Bu görüşlərdə nəticə olması üçün çabalar edilib. Ancaq indi bütün səylər o istiqamətdə gedir ki, məsələ həll edilməsin. Hazırkı status-kvo Ermənistana sərf edir. Onlar özləri üçün iş aparır, orda-burda Qarabağı tanıtmaq istəyirlər və s. Rusiya Qarabağ konfliktini yaradan dövlət olaraq bu məsələnin heç vaxt həllinə razı olmayacaq. Rusiya bu mənada həm bizi, həm də Ermənistanı nəzarət altında saxlamaq məqsədilə münaqişədən yararlanır. Həm də söhbət təkcə bizdən getmir. Məsələn, Moldovanı nəzarətdə saxlamaq üçün Dnestryani münaqişəni, Gürcüstanda Abxaziya və Osetiya problemini yaradıb, Ukraynada apardığı siyasətdə göz önündədir. Odur ki, mənin fikrimcə, bu görüş Rusiyanın baş aldatmasından başqa bir işi deyil. Təəssüflər olsun ki, bizim də burada təkbaşına bir iş görmək üçün gücümüz yoxdur. Nəzərə alın ki, burada geosiyasi məqamlar mövcuddur. Bu məqamlar hər kəsə aydındır. Regionda dövlətlər özlərinə uyğun siyasət yürüdürlər. Prezident Ərdoğan Rusiya ilə münasibətləri düzəltmək üçün az qala diz üstə çöküb demək istəyir ki, bağışlayın, səhv edib təyyarənizi vurmuşam. Dünya Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi vaxtda Ərdoğan hökuməti nədənsə Rusiyanın ətəyindən yapışmağa çalışır. Əlbəttə, indi turizm sahəsində Türkiyədə problemlər yaranıb, Rusiyada bura gedən turistlərin sayı azalıb və s. Ancaq nəzərə almaq lazımdır ki, rusların Türkiyəyə getməməsinin səbəbi heç də Rusiya-Türkiyə münasibətlərində yaranan problemlərlə bağlı deyil. Əksinə, bu daha çox Rusiyada müşahidə olunan iqtisadi böhranla əlaqəlidir. Bu səbəbdən də, indi Rusiyadan kütləvi şəkildə Türkiyəyə gedən turistlərin sayında kəskin azalma var.

Saytların yığılması Saytlarin yigilmasi

– Rusiya Sankt-Peterburq görüşünü təşkil etməklə nə mesajı verdi?

– Fikrimcə, Rusiya Azərbaycan və Ermənistana mesaj verdi ki, müharibə etməyin, çünki buna razı deyiləm. İndilikdə münaqişə necə varsa eləcədə qalsın. Azərbaycanda uzun müddətli hərbi kampaniya aparmağa hazır deyil. Yəni bunun üçün münasib zəmin və geosiyasi şərait yoxdur. Azərbaycan əlbəttə bütün dünyaya qarşı gedə bilməz.

– Prezidentlərin ötən ay Vyanada keçirilən görüşündə həmsədrlər, Rusiya, Fransa və ABŞ-ın xarici işlər nazirləri iştirak edirdi. Ancaq Sankt-Peterburq görüşündə həmsədrlər, Fransa və ABŞ xarici işlər nazirləri iştirak etmirdi, format tam fərqli idi. Rusiya bu görüşü təşkil etməklə Qərbə mesaj verir ki, əsas söz sahibi odur?

– Bu məqam şübhəsiz ki, var. İkincisi, Rusiya özü üçün maraqlı olan məsələni Azərbaycan və Ermənistanla müzakirə etmək istəyirdi. Əgər xatırlayırsınızsa, SSRİ zamanı məşhur bir gizgi filmi var idi- pişiklə sıçanların davasından bəhs edirdi. Pişik arada bir deyirdi ki, yoldaşlar, gəlin sülh şəraitində yaşayaq. İndi ruslar deyir ki, oturun yerinizdə. Mən icazə verməsəm, dava etməyin. Rusiyanın bizə ötürmək istədiyi mesaj bundan ibarətdir. Rusiya bu konfliktin belə vəziyyətdə qalmasını istəyir. Çünki bu Rusiyanın maraqlarına uyğundur. Biz Türkiyə ilə yaxınlaşsaq bu Rusiyanın marağında olmaz. Beynəlxalq qanunlar, BMT qərarlarına uyğun olaraq konflikt həll edilsə, Rusiya bundan narazı qalacaq və s. Əsas məsələ budur.

– Bu halda Qərbin marağı nədən ibarətdir?

– Qərbin burada marağı ondan ibarətdir ki, bu regionda əmin-amanlıq, sakitlik olsun. Bunun müqabilində neft-qazın tranziti məsələsinə təhlükə yaranmasın. Onların burada maddi maraqları var. Əsasən də, qaz və neft məsələsi var. Qərb istəyir ki, burada sakitlik olsun və Rusiyaya alternativ olan qaz kəməri çəkilsin. Odur ki, onlar burada aranın qarışmasını istəmir. Əgər ara qatışarsa, bu zaman alternativ qaz kəməri ideyası məhv ola bilər.

– Rusiyanın məqsədi Qarabağ konfliktinin dondurulmuş formada saxlamaq, Qərbin marağı regionda stabilliyin qorunmasıdırsa, bu o deməkdir ki, hərbi əməliyyatların ehtimalı sıfırdır?

– Hə. Hərbi əməliyyatların ehtimalını sıfıra bərabər demək olmasa da, bu rəqəmə nisbətən yaxındır. Çünki qərb burada problemin olmasını, müharibəni, nə də Rusiya bölgədə status-kvonun dəyişməsini istəyir. Bu nöqtədə maraqlar müxtəlif olsa da, eyniləşir. Reallıq budur.

– Qərbin və Rusiyanın nə istədiyi bəllidir. Bəs Azərbaycan özü nə istəyir?

– Azərbaycan öz torpaqlarını istəyir. Biz hamımız öz ərazi bütövlüyümüzün təmin olunması, işğal faktının aradan qalxmasını istəyirik. Bir də böyük əksəriyyət Azərbaycanın çox yüksək səviyyədə inkişaf etməsini arzulayır. Elə bir inkişaf ki, həm iqtisadi, həm siyasi, həm də demokratik baxımdan Azərbaycan cəlbedici ölkə halına gəlsin. Mən belə düşünürəm ki, Azərbaycan indikindən də artıq səviyyədə iqtisadi baxımdan inkişaf edərsə, insan haqları və demokratik institutlar tam mənasında işləsə, bura hətta Qarabağ ermənilərinə vətəndaş olmaq baxımından cəlbedici ola bilər. Bizim əsas vəzifələrimizdən biri budur. Biz güc və müharibə yolu ilə bir şey əldə edə bilmiriksə, Azərbaycanı o qədər inkişaf etdirməliyik ki, erməni Ermənistanı deyil, Azərbaycanın vətəndaşı olmasını seçsin. Bu əlbəttə, utopik görünsə də, problemin həll edilmə yollarından biri kimi qiymətləndirilməlidir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button