Loading...
Loading...
Siyasət

Eldar Həsənov istintaqın qərəzli və ittihamların saxta olduğunu bildirib

Bakı/17.08.21 Azərbaycanın Serbiyadakı keçmiş səfiri və ölkənin keçmiş baş prokuroru Eldar Həsənov vəkillər vasitəsilə yaydığı bəyanatda ona qarşı irəli sürülən ittihamları rədd edib.

İstintaq dövründə yalnız bir dəfə – 13 Avqust 2020 -ci ildə (həbsdən bir gün sonra) məhkəmədə qısa ifadə verib.

“Hadisəni anlaşılmazlıq kimi qiymətləndirdim, bütün məsələlərin obyektiv və ədalətli araşdırılacağına ümid etdiyimi, Prezident İlham Əliyevin ədalətinə inandığımı bildirdim”, – deyə Həsənov qeyd edir.

O, ittihamları “qanunsuz, əsassız, qeyri-obyektiv və sifarişli” hesab etdiyindən başqa heç bir ifadə vermədiyini vurğulayıb.

“Həbsimin həqiqi səbəbi əslində guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim barədə ölkə rəhbərliyinə tamamilə yalan məlumatların ötürülməsi olmuşdur”, – deyə Həsənov yazır.

Bununla yanaşı Həsənov qeyd edir ki, həqiqətən o Xarici İşlər Nazirliyinin qapalı iclaslarında, o cümlədən 2 fevral 2020-ci ildə Brüssel şəhərində Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakı ilə keçirilən qapalı iclasında, həmçinin yazdığı məktublarda dövlətin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid edib.

“Amma məsuliyyətli məmur kimi onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanılır”, – deyə o yazır.

Daha sonra Həsənov qeyd edir ki, ona qarşı qaralama kampaniyası təşkil edilir.

“Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyati üzrə ötürülməsini, son 2 ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur”, – deyə o yazır və qeyd edir ki, onun haqqında yalan məlumatı iki yüksək rütbəli məmur formalaşdırıb və zərurət yarandıqda hər iki insanın adını açıqlayacaq.

O daha sonra qeyd edir ki, istintaqın müxtəlif mərhələlərində onda azadlığa çıxması müqabilində müəyyən şəxslərə qarşı ifadələr vermək tələb edilib. Lakin o bu anlaşmanı rədd edib.

Daha sonra Həsənov bəyan edir ki, 27 il ərzində Heydər Əliyevin və hazırkı prezident İlham Əliyevin siyasətinə sadiq olub.

Sonra o qeyd edir ki, verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara yox, mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətinən başqa bir şey deyil.

Həsənov həmçinin hesab edir ki, prokurorluğun “qərəzli” olması səbəbindən vaxtında ixtisaslaşdırılmış tibbi müayinə və müalicə ala bilməyib.

Həsənova qarşı ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1 (dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

Lakin istintaqın yekununa əsasən, ona qarşı daha üç maddə ilə ittiham irəli sürülüb: Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması) və 313-cü (vəzifə saxtakarlığı) maddələri.

Əgər əvvəl Həsənovu 7 ilə qədər azadlıqdan məhrum etmə gözləyirdisə, indi 10 ilə qədər həbs cəzası gözləyir.

İstintaqın versiyasına görə, Həsənov 2010-2020-ci illərdə Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Monteneqroda səfiri işlədiyi dövrdə bir qrup şəxslə əlbir olaraq 17 931 316 manat (10 554 036 dollar) xərcləyib və mənimsəyib.

Səfirlik üçün binaların alınması və onların təmiri bəhanəsi ilə 11 804 661 manat (6 948 002 dollar) leqallaşdırıb. Həsənov həmçinin dövlətin maraqlarına 327 373 manat (192 685 dollar) məbləğində əhəmiyyətli zərər vurub, həmçinin 192 387 manat (113 235 dollar) büdcə vəsaitini təyinatı üzrə xərcləməməkdə ittiham edilir.—06D-

 

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button