Loading...
Loading...
ÖLKƏGündəm

Eldar Həsənova 11 il həbs istənildi

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovun işi ilə bağlı dörd ay davam edən məhkəmə istintaqı yekunlaşıb. Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror Eldar Həsənovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Sabiq səfirin vəkilləri çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə – 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir.

Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan XİN əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button