2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Eldar Həsənovun vəkili: “Son 20 gündə dəfələrlə yıxılıb”

Yayımlandı: 15 İyul 2022 19:57

Keçmiş səfirin başgicəllənmədən əziyyət çəkdiyi bildirilir

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində vəziyyətinin son günlər kəskin pisləşdiyi, başgicəllənmə nəticəsində dəfələrlə yıxıldığı bildirilir. Bu barədə Meydan TV-yə onun vəkili Cavad Cavadov məlumat verərək bildirib ki, xüsusən aprelin 26-dan sonra durumu ağırlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

“26 apreldən bu günə kimi Eldar Həsənovun səhhətində yalnız ağırlaşma baş verir. Son 20 gündə parokziomal vertiqo (qəflətən yaranan başgicəllənmə) nəticəsində yıxılmalarınn sayı yenidən intensivləşib. Bundan əlavə, hipertoniya, şəkərli diabet, boyun-bel nahiyəsində olan ciddi xroniki problemləri və onun yaşı mövcud durumu daha da ağırlaşdırır. Bir müddət öncə ayaqlarının şişməsi nəticəsində hərəkət etməyində ciddi çətinliklər yaranmışdı. Gündəlik qəbul etdiyi dərmanların sayı 32-dən aşağı düşmür. Gecələr dəfələrlə krtitik durum yaranıb, amma cəzaçəkmə müəssisəsinə təcili yardım maşını çağırmaq mümkün olmayıb”, – vəkil bildirib.

Cavad Cavadovun sözlərinə görə, sabiq səfirin ailə üzvləri özəl klinikalardan biri ilə müqavilə bağlamaq istəyir ki, kritik durum yarananda təcili yardım çağırmaq mümkün olsun. Buna icazə almaqdan ötrü Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunsa da, cavab ala bilmirlər:

“Bundan başqa, iki aydan artıqdır həkim-nevropatoloqun buraxılması üçün də müraciət etmişik, ona da cavab verilmir, təmin olunmur. Təkidli müraciətlərimizdən sonra iyunun 24-də professor Adil Qeybulla onun yanına müayinə üçün buraxıldı. Bu, ilkin tanışlıq xarakteri daşıyırdı. Adil Qeybulla tibb sənədlərilə tanış olub. Onun yenidən müayinə aparması, tibbi tövsiyələr verməsi üçün yenidən görüşməsinə ehtiyac var. Lakin mümkün olmayıb”.

Vəkil vurğulayıb ki, müəssisənin həkimi gündəlik çox az müüddətdə işdə olur. Bu səbəbdən də Eldar Həsənovun durumunda kritik hallar yarananda tibbi müdaxilə olmur, çarəsiz durum yaranır.

Müdafiəçi yada salıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci ildə Eldar Həsənovla bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir kimi üçüncü qərarını qəbul edib. Həmin qərara əsasən hökumət onu zəruri və adekvat tibbi müalicə ilə təmin etməlidir. Bundan başqa, 19 yanvar 2022-ci ildən başlayaraq, onun sağlamlıq vəziyyəti, göstərilən tibbi müalicə haqqında hər üç ayda bir dəfə Avropa Məhkəməsinə məlumat verməlidir.

Vəkil Prezident İlham Əliyev və ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, Eldar Həsənovun sağlıq durumuyla bağlı məsələlərin qanuna uyğun şəkildə həlli üçün göstəriş verilməsini istəyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-yə bildirilib ki, məhkumların müayinə və müalicəsilə bağlı məsələlər Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin səlahiyyətində olan məsələdir.

“Baxmayaraq ki, Penitensiar Xidmətlə Tibb Baş İdarəsi ayrı-ayrı strukturlardır, amma deyə bilərəm ki, bu qurumun əməkdaşları məhkumların səhhətilə bağlı məsələlərə həssas yanaşır. Bu məsələdə məhkumlar arasında heç bir fərq qoyulmur. Kimliyindən asılı olmayaraq, bütün məhkumların qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları təmin olunur. Məhkumların sağlam olması Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır”, – ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.

Eldar Həsənov 1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə isə Azərbaycanın müxtəlif ölkələrdə səfiri vəzifəsində çalışıb. O, 2020-ci ilin avqustunda Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsində çalışarkən Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 10 il azadlıqdan məhrum edilib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button