2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Elektroenergetika haqqında” yeni qanun layihəsi ilə bağlı ziddiyyətli proqnozlar

Yayımlandı: 1 Mart 2023 14:08

Qubad İbadoğlu: “Qanun qiymət artımına səbəb ola bilər”

Energetika Nazirliyi Milli Məclisə “Elektroenergetika haqqında” yeni qanun layihəsi təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 28-də Milli Məclis “Elektroenergetika haqqında” yeni qanun layihəsini müzakirəyə çıxarıb.

8 fəsil, 42 maddədən ibarət qanun layihəsinə görə, enerjinin istehsal və ötürülməsini dövlət, satışını isə özəl şirkətlər həyata keçirəcək.

Azərbaycanda oxşar təcrübə 2001-2006-cı illərdə yaşanıb. Bakı və Sumqayıtda enerji satışını “Barmek Azərbaycan” şirkəti həyata keçirib.

Sonradan şirkətin bir neçə əməkdaşı mənimsəmədə suçlanaraq enerjinin satışı və paylanması işi “Barmek Azərbaycan”dan geri alınıb.

Bundan sonra ölkədə elektrik enerjisini “Azərenerji” ASC istehsal edir, “Azərişıq” ASC isə satır. Bunların hər ikisi dövlət şirkətidir.

Yeni qanun bu işi özəl şirkətlərin görməsinə qapı açır. Əslində rəqabət olduğu zaman xidmətin keyfiyyəti yüksək, qiyməti isə aşağı olur.

Yeni qanun Azərbaycana necə təsir göstərə bilər?

İqtisadçı Qubad İbadoğlu deyir ki, yeni qanun layihəsinin qəbulu ölkədə elektrik enerjisi qiymətlərinin bahalaşmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, qanun qəbul olunacağı təqdirdə “Azərişıq” ASC elektrik enerjisinin nə satışı, nə də alışı ilə məşğul olacaq.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu
Mənbə: Meydan TV

Bu qurumda yalnız paylaşdırma funskiyası saxlanılacaq:

Enerjinin hasilatını “Azərenerji” ASC həyata keçirəcək, satışla isə özəl şirkətlər məşğul olacaq. Bir sözlə, “Barmek dövrü”nə qayıdırıq”.

Bu qayıdış hansı təsir və nəticələr doğura bilər?

İqtisadçı deyir ki, satışın özəl şirkətlərin idarəçiliyinə verilməsi böyük ehtimalla prosesinə başlamadan öncə enerjinin satış tarifləri qaldırılacaq və hakimiyyət bunu investor marağının artırılması ilə izah edəcək.

İkinci mərhələdə isə özəl şirkətlər adı ilə sağlam investor deyil, hakim ailənin və onların ortaqlarının bu prosesə cəlb olunduğunu görəcəyik:

“Sonra da bazarda qiymətlər liberallaşdırılacaq, yəni enerjinin satış qiymətləri 2 mərhələdə artırılacaq və diversifikasiya olunacaq”.

Bəs xidmətin keyfiyyəti?

Qubad İbadoğlu bildirib ki, bu dəyişiklikdən istehlakçılar satış bazarında keyfiyyətli xidmət göstəriləcəyi təqdirdə uduş əldə edə bilərlər.

Keyfiyyətli xidməti isə yalnız rəqabətli bazarda fəaliyyət göstərən şirkətlər göstərə bilər:

“İndiki şərtlərlə imkan verməzlər ki, “Barmek”ə oxşar şirkət bazara girsin və sonra da hakimiyyətə məhkəmədə dava açsın. Odur ki, istehlakçıları uduşlar deyil, tariflərin bahalaşmasından itkilər gözləyir. Halbuki dəyişikliyin hədəfində investisiya öhdəliyi götürən sağlam biznes dayanarsa, bazarda rəqabət təmin edilərsə, bu, enerji sektorunda irəliyə doğru atılmış addım olardı”.

İqtisadçı bildirib ki, indiki halda bu sahədə sağlam biznes, rəqabət, yüksək xidmət kimi gözləntiləri yoxdur.

Rəqabətli mühit və investisiya cəlbi?

Energetika nazirinin müavini Samir Vəliyev isə deyir ki, yeni qanun layihəsi Azərbaycanın energetika sistemində islahatların həyata keçirilməsi istiqamətində mühüm addımdır.

Mənbə: Energetika Nazirliyi

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində formalaşdırılmış hazırkı elektroenergetika modelinin çatışmazlıqları bu modelin tətbiqində problemlərə səbəb olub:

“Yeni qanun layihəsi energetika sahəsində rəqabətli mühit yaradacaq, investisiyaları və yeni texnologiyaları cəlb edəcək”.

“Ötürmə və paylanması istehsal və satışdan ayrılacaq”

Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov isə bildirib ki, sənədin qəbulundan sonra enerjinin istehsal və satışında rəqabətqabiliyyətli mühit yaranacaq:

“Həmçinin enerjinin ötürmə və paylanması istehsal və satışdan ayrılacaq. Bu da elektrik enerjisinin topdan və pərakəndə satış tariflərinin tənzimlənməsinə gətirəcək. Qanun layihəsi üç mərhələdə tətbiq olunacaq”.

Yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il aprelin 3-də qəbul edilmiş qanun qüvvədən düşəcək

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button