2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Elif Şafak qəhrəmanı əncir ağacından nələr dedi

Görəsən, ağaclar danışa bilsə, bizə nə deyərdi? “Onlar bizdən çox yaşayır. Ona görə bizdən çox şey görürlər. Bəlkə onlar bizə hər şeyə daha sakit və daha müdrik gözlə baxmağa kömək edə bilərlər”, – yazıçı Elif Şafak “The Guardian”a müsahibəsində deyir.

Dünyada ən çox tanınan türk qadın yazıçı Elif Şafak bərabərlik və söz azadlığı təbliğatçısıdır. Onun baxışları onu günü-gündən daha da repressivləşən Rəcəb Tayyib Ərdoğan hökumətinə qarşı qoyub.

Onun “The Island of Missing Trees” (İtkin ağaclar adası) adlı yeni romanı zorakılıq və itki haqqında olsa da, həm də ehtiraslı bir sevgi hekayəsidir. Romanın ən mühüm qəhrəmanlarından biri isə incə və çox müdrik bir ağacdır.

Saytların yığılması Saytlarin yigilmasi

Birgə travma

Sahibi Kostas onu körpə ikən Kiprdən Londona gətirib və burada əkib. Kostas və onun yasaq sevgisi, Dəfnə yeni həyata başlamaq ümidi ilə adanı tərk edərək Londona gəliblər. Bu balaca əncir ağacı isə hər şeyi görüb. Bu ağac əvvəllər kiprli yunan Kostas və kiprli türk Dəfnənin yeniyetmə ikən görüşdüyü tavernanın qarşısında bitirdi. Tavernanın özü 1974-cü il bombardmanında yerlə-yeksan olunub. Ağacsa bu sevgili cütlüyün başına gələnlərin hamısını bilir: ayrılığın ağrısını da, mühacirətin melanxoliyasını da.

Ağac həm də Kostasla Dəfnənin qızı Ada üçün keçmişlə indi arasında fiziki bağdır. Londonda doğulan Ada valideynlərinin sirlərini və müştərək travmasını anlamır.

“Mən həmişə ağrının nəsildən nəslə keçdiyinə inanmışam. Bəlkə elmi deyil, ancaq bizim ailə içində rahat danışa bilmədiyimiz şeylər sakitcə bir nəsildən o birinə keçir. Mühacir ailələrdə yaşlı nəsil çox vaxt gənc nəsli keçmişin peşmanlığından qorumağa çalışır, çox şeyi danışmır. İkinci nəslinsə başı adaptasiya olunmağa, yaşadığı ölkənin bir parçası olmağa qarışır və araşdırmağa vaxtı olmur, çox məşğuldur. Beləliklə, yaddaşın dərinliklərinə baxmaq üçüncü nəslə qalır. Mən xatirələri valideynlərininkindən də köhnə olan …üçüncü nəsil mühacirləri görmüşəm. Anaları və ataları onlara deyir: “Sənin evin buradır, hər şeyi unut”. Ancaq onlar üçün kimlik vacibdir”, – Şafak deyir.

“Keçmiş vacibdir”

Bir insan heç vaxt olmadığı yer üçün darıxa bilərmi? Şafak hesab edir ki, bilər: “Sən o yeri qəlbində daşıyırsan, hətta sənə danışılmayan hekayələr vasitəsilə. Sən boşluğu hiss edə bilirsən. Keçmiş vacibdir, çünki o bizi formalaşdırır – biz bunu bilsək də, bilməsək də”. O hesab edir ki, bu cür xiffət çox vaxt həm də yeməklə bağlı olur. Buna görə də roman Kipr yeməklərinin təsviri ilə doludur. “Dinlər toqquşur, ancaq inanclar sərhədləri aşıb keçir. Yemək də belədir”, – Şafak deyir. Mətbəxdə yunan və türk ailələrinin həyatı çox oxşar ola bilər.

Adanın Londonda ona qonaq gələn xalası Məryəm hər yeməyi, hətta səhər yeməyini də ziyafətə çevirir. O da dünyaya bu cür nəzarət edir: “Məni onun kimi qadınlar böyüdüb. Mənim nənəm üçün yemək yeməkdən daha artıq bir şey idi. Yemək insanları bir yerə toplamaq demək idi. Masa arxasında problemləri həll edə bilərsən…”.

Yerə basdırılan əncir ağacı

Şafak bu kitabı yazmağa hazırlaşarkən bitkilər haqda çoxlu kitab və məqalə oxuyub. Romanda Kostas əncir ağacını Britaniya qışından qorumaq üçün yerə basdırır. “Mən eşitmişdim ki, onları basdırmaq olur. Mən Miçiqanda, Enn-Arborda yaşayanda, – ora isə çox soyuq ola bilir, – italyan və portuqal ailələrin belə etdiyini eşitmişdim. Bunun işə yaradığını öyrənmişdim. Siz onu iki aylığına torpağın altına basdırırsınız, yaz gələndə isə çıxarırsınız. Bu, əsl möcüzədir, çünki o, hələ sağdır”, – Şafak deyir.

Sonradan romanda bu qazıb çıxarma başqa bir məqamda da əks olunur: Kiprdə İtkin düşmüş insanlar üzrə komitə hələ də vətəndaş müharibəsində itən insanların qalıqlarını axtarıb tapmağa çalışır və bunun üçün ekshumasiya həyata keçirir.

Şafakın özü də mühacirdir. Onun “Ata və bic” romanı işıq üzü görəndən sonra “türklüyü təhqir” ittihamı ilə məhkəmə prosesi başlayıb. Şafak da həyat yoldaşı və iki övladı ilə Londona köçməli olub. Sonradan məhkəməyə xitam verilsə də, Türkiyədə hələ də Şafakın işlərini təhqir cinayətlərinin olub-olmadığını müəyyən etmək üçün yoxlayırlar.

“…Siz bir məkandan fiziki uzaq olanda bu sizin zehni qopuqluğunuzu göstərmir. Bəzən ruhən siz emosional olaraq o yerə daha da bağlı olursunuz. Mühacir olmaqda bir melanxoliya var…”, – yazıçı deyir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button