Xəbərlər

Elman Rüstəmovun yalan iddiası üzə çıxdı

Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTv-yə müsahibəsində deyib ki, həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu Azərbaycandakı iqtisadi vəziyyəti yüksək qiymətləndirir. O qeyd edib ki, Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar fonunda ölkədəki makroiqtisadi vəziyyətə tam nəzarət edir:

“Bu gün biz üzvü, səhmdarı olduğumuz beynəlxalq təşkilatlarla məsələhətləşirik, onlar Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Bu həm Dünya Bankına, həm də Beynəlxalq Valyuta Fonduna aiddir”,- deyə Mərkəzi Bankın sədri vurğulayıb.

“Fakt Yoxla”  Elman Rüstəmovun bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Dünya Bankı

Dünya Bankının aprelin 20-də yaydığı hesabatda bildirilir ki, “COVID-19” pandemiyası və neft qiymətlərinin düşməsi Azərbaycanda iqtisadi vəziyyətini zəiflədib. Şoklar aradan qalxdıqca ümumi daxili məhsulun (ÜDM) artımının 2020-ci ildə azalacağı, 2021-2022-ci illərdə yenidən artacağı proqnozlaşdırılır. 

Bundan başqa qeyd olunur ki,  dünya bazarında neftin qiyməti daha da azalsa və “COVID-19” pandemiyası davam etsə, 2020-ci ildə daha ağır iqtisadi kiçilmə baş verə bilər. Azərbaycanda investisiyaların 2020-də daha da azalacağı  bildirilir.

“COVID-19” pandemiyası və neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatı üçün təcili həll edilməli olan problemlərdir. Sağlamlığa mənfi təsirlərlə yanaşı, bu zərbələr depresiyaya uğrayan neft gəlirləri, ticarət və maliyyə axınlarının azalması, turizm sektorundan daxilolmaların azalması və istehlakçı inamının pisləşməsi də iqtisadiyyata zərər verəcək.

Azərbaycanda mövcud olan makroiqtisadi problemlər, o cümlədən neft gəlirlərindən güclü asılılıq, məhdud məzənnə çevikliyi və maliyyə sisteminin zəifliyi – mərhələli makroiqtisadi tədbirlər çərçivəsində həll edilməlidir”,-deyə Dünya Bankının hesabatında qeyd olunur. 

Bundan başqa, 2020-ci ildə Azərbaycanda ÜDM-in 0.2% kiçiləcəyi, inflyasiyanın 3.3% səviyyəsində olacağı bildirilir. Mərkəzi Bankın məlumatına görə, 2019-cu ilin dekabrına inflyasiya 2,6%, 2020-ci ilin martına 3% təşkil edib.

Foto Dünya Bankının hesabatından götürülüb

Hesabatda Azərbaycanın məzənnənin inflyasiya ötürücülüyünə (exchange rate pass-through ratio) görə həssas ölkə olduğu qeyd edilib. Macarıstan, Polşa, TürkiyəRusiya ilə müqayisədə Azərbaycan məzənnə vasitəsilə inflyasiya ötürücülüyünə görə ilk yerdədir. 

İqtisadçı Rövşən Ağayevə görə, məzənnənin inflyasiya ötürücülüyü əmsalı məzənnənin 1% ucuzlaşmasının istehlak qiymətləri indeksində yaratdığı artımı göstərir. 

“Hesabat müəllifləri Azərbaycanda bu əmsalın 0.25-ə bərabər olduğunu göstərir. Bu göstəricinin  yüksək olması idxaldan asılılıq mənasına gəlir. Azərbaycanın idxaldan asılılıq səviyyəsi Rusiya ilə müqayisədə azı 2, Türkiyə ilə müqayisədə isə 4 dəfə yüksəkdir”,-deyə iqtisadçı bildirib.

Foto Dünya Bankının hesabatından götürülüb

Rövşən Ağayev hesabata istinadən yazıb ki, virusun yaratdığı böhrandan ən ağır zərbə ən kasıb 40%-lik ev təsərrüfatlarına dəyəcək. Azərbaycanda 2,5 milyon ev təsərrüfatının olduğunu deyən iqtisadçıya görə, azı 1 milyon ev təsərrüfatı böhranın risk zonasına düşür. 

Beynəlxalq Valyuta Fondu

BVF-un yaydığı hesabatda 2020-ci ildə koronavirus pandemiyası nəticəsində qlobal iqtisadiyyatın 2008-2009-cü illərdə qeydə alınan maliyyə böhranı ilə müqayisədə 3% azalacağı proqnozlaşdırılır. 

BVF Azərbaycan iqtisadiyyatında 4 istiqamətdə gözlənilən proqnozları açıqlayıb. Hesabata görə, Azərbaycanın 2020-ci ildə iqtisadiyyatı 2.2% kiçiləcək və istehlak qiymətlərində 3.3%-lik artım olacaq:

Beynəlxalq Valyuta Fondunun Azərbaycanla bağlı proqnozu
 201920202021
Real ÜDM2.3–2.20.7
İstehlak qiymətləri2.63.33.2
Cari hesab qalığı9.2-8.2-3.7
İşsizlik5.05.05.0

Hesabatda bildirilir ki, işsizliklə bağlı rəqəmlər real vəziyyətdən fərqli ola bilər.

Göründüyü kimi, Elman Rüstəmovun adını çəkdiyi təşkilatların yaydığı hesabatlarda koronavirus pandemiyası və neft qiymətlərinin düşməsinin Azərbaycan iqtisadiyyatından yan keçəcəyi qeyd  olunmur. Təşkilatlar 2020-ci ildə Azərbaycan iqtisadiyyatında durğunluq və geriləmə proqnozlaşdırırlar. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elman Rüstəmovun iddiası yanlışdır.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button