Now Reading:
“Elmar Məmmədyarov dilinə “işğal” sözü gətirmək istəmir”

“Elmar Məmmədyarov dilinə “işğal” sözü gətirmək istəmir”

Elxan Mehdiyev: “Siz Elmar Məmmədyarovun danışığına bir baxın, guya 20 ildir ki, o tərəfdən xoş bəyanatlar gəlirdi?”

24saat.org Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir.

– Elxan müəllim, Dağlıq Qarabağ konflikti ilə bağlı real situasiya, danışıqlar prosesi indiki mərhələdə nədən ibarətdir?

– Azərbaycanın problemi budur. Xarici işlər nazirindən tutmuş sadə azərbaycanlıya qədər hər kəs ancaq Qarabağa məsələ deyir. Burada sanki termin davasıdır. Qarabağ münaqişəsi yox, bu erməni işğalıdır. Siz heç eşitmişiniz ki, ərəblər Fələstin-İsrail münaqişəsi desin? Yox! Onlar deyirlər işğal edilmiş ərazilər. Bunu ABŞ-da da, Avropada da, elə Ərəbistan və Fələstində də belə deyirlər. Bizim xarici işlər naziri Elmar Məmmədyarov dilinə işğal sözünü gətirmək istəmir. Elə bir söz deyir: status-kvo. Bu işğalçının durumunu yüngülləşdirməyə xidmət edən haldır. Buyur işğal ifadəsi söylə. Qarabağ münaqişəsi deyəndə söhbət Dağlıq Qarabağın üzərinə gəlir. Mən də deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi deyil, torpaqların işğalı. Dağlıq Qarabağ deyəndə işğal edilən digər ərazilər kənarda qalır və ancaq Dağlıq Qarabağ üzərində münaqişə anlaşılır. Onsuz da ABŞ da, Avropa da deyir ki, Dağlıq Qarabağ üzərində münaqişə var və bunu dinc yolla həll etmək lazımdır. Axı sən işğal sözünü demirsən. İşğala verilən reaksiyada tamam fərqlidir. Sənsə münaqişə deyirsən. Məsələnin mahiyyəti bundadır.

– Deyirsiniz ki, münaqişəyə yanaşmanın kökündə səhv var?

-Bəli. Bir ara Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi deyirdilər… A kişi sənin torpağını tutub, vətəndaşını qovub, qız-gəlininin başına oyun açıb. Mən də bədbəxtçilikdən son 20-23 ildir münaqişələrlə məşğul olmuşam. Amerikanın universitetləri qalmayıb. Gərək buynuzumuz olsun ki, sözümüz eşidilsin. Mən münaqişələr mövzusunu öz davam üçün araşdırmışam? Görüntü belədir ki, kişinin malını-pulunu mənimsəyir, evini dağıdır, arvad-uşağını öldürürlər, kişidə isə ancaq şikayət edir. Bizim günümüz budur. Elmar Məmmədyarov gündə deyir ki, status-kvo dəyişməlidir, ermənilərdən xoşagəlməz bəyanatlar gəlir və s. Bizim nazirin danışığına baxın. Guya 20 ildir ki, oradan xoş bəyanatlar gəlirdi? Əlbəttə, mən “zaqovor” deməyin tərəfdarı deyiləm, ancaq sanki ortada belə bir hal var.

– Yəni tərəflər arasında razılaşdırılan və idarə olunan söz davası?

– Bəli. Təsəvvür edin ki, apreldən sonra ermənilər Dağlıq Qarabağdan çıxırdı, erməni ordusu faktiki pərən-pərən düşüb, erməni cəmiyyəti ay yarım meydanlarda qaldı ki, ruslar bizə kömək etmir. Tarix də göstərdi ki, onların işğal edilən ərazilərimizdə ordusu yoxdur, dedikləri mifdir. Hansı ki, Azərbaycan ordusu 2-3 saat döyüşüb, sonra dayan əmri alıb. Belə çıxdı ki, apreldən sonra başlanan aktiv diplomatik danışıqlardan Sarksiyan ustalıq nümayiş etdirərək vəziyyətdən çıxıb. Mən o vaxt demişdim ki, əgər Azərbaycan bu addımlarını davam etməsə bu proses bizim başımızda çatlayacaq, erməni vəziyyətdən çıxmaq üçün danışıqlarda imitasiya edir, onun gerçək danışıqlar aparmaq niyyəti yoxdur, vaxt udub silahlar almağa çalışacaq və yenidən əvvəlki vəziyyətə qayıdıb şərtlərini diktə etməyə çalışacaq. İndi eyni vəziyyətdir, mən nə deyim? Azərbaycan tərəfi də atəşkəsə getdi. Əvəzində ermənilər özlərinə gəldi, yeni silahlar aldı, indi də ruslarla birgə ordu yaradır. Tarixdə hamıya şans bir dəfə verilir. Bu şansdan istifadə etmək lazım idi. Ermənilər 1993-cü ildə onlara verilən şansdan istifadə etdi. Biz daima deyirdik ki, ermənilər Azərbaycanda yaranan xaosdan, prezidentin paytaxtı tərk etməsindən, hərbi çevrilişçilərin hakimiyyətə gəlməsindən yararlanıb. Bunu 5 gün əvvəl Sarksiyan da etiraf etdi. Gedin Sarksiyanın partiyasının çıxışına baxın. Etiraf etdi ki, ermənilərin 90-cı illərdə əldə etdiyi qələbə Azərbaycanda yaranan qeyri-stabilliyin nəticəsində oldu.

– İndidən sonra diplomatik danışıqları lüzumsuz sayırsınız?

– Erməni danışığa gəlmir. Şərti budur ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyın. Əgər bu mövzuda müzakirə gedirsə danışıqlara gəlirəm. Əks halda gəlmirəm. İndi də bizim dediklərimizi erməni təkrar edir, deyir biz imitasiya naminə danışıqlara getmirik. Halbuki bunu əvvəllər biz deyirdik, ermənilərin belə deməyə arqumenti yox idi. Təsəvvür edin ki, indi bu sözü ermənilər deyir. Və belə deməklə beynəlxalq ictimaiyyəti aldadır. Hələ deyirlər ki, Azərbaycan BMT-nin 4 qətnaməsinə əməl etmir. Əvvəl bunu biz deyirdik. İddia edirlər ki, Azərbaycan 4 qətnamənin heç birini yerinə yetirmədi, odur ki, vəziyyət uzandı və indiki durum mövcuddur.

– Açıq şərt-böhtan?

– Erməni tərəfi deyir ki, həmin qətnamədə həm də yazılıb ki, silahlar susmalıdır. Baxmayaraq ki, qətnamələrin birində qeyri şərtsiz yazılır ki, erməni tərəfi ərazidən çıxmalıdır. Sadəcə qətnamələrdə belə maddədə var ki, bütün hərbi-silahlı toqquşmalar qeyri şərtsiz dayandırılmalıdır. İndi deyirlər ki, Azərbaycan buna əməl etməyib.

– Sizcə, bu erməni başının məhsuludur, yoxsa Rusiyanın?

– Birincisi bunu erməni deyir. Ermənistan bu cür hərəkət edir və əlbəttə ki, Rusiya bundan istifadə edir.

– Sizə elə gəlmirmi ki, indiki mərhələdə Sarksiyanı vəziyyətdən çıxaran Moskva oldu?

– Yüzdə yüz ruslar oldu. Buna şübhə yoxdur. Azərbaycan prezidenti Vyanada, Sankt-Peterburq görüşlərində iştirak etdi, daha sonra prezident Putin Bakıya səfər etdi. Üstəlik Bakıda İran, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirildi. Az sonra Putin-Ərdoğan, Sarksiyan-Putin görüşü keçirildi. Biz də daxil olmaqla bütün dünya inandı ki, prezident Putin bu məsələləri danışıb və Sarksiyana da bunu razı salacaq. Ancaq Putinlə görüşdən sonra Sarksiyan çıxıb dedi ki, Rusiya prezidentinə izah edib ki, ilk növbədə Dağlıq Qarabağın milli müqəddəratı təyin edilməlidir. O zaman Putinin Azərbaycan tərəfi ilə danışıqları nə oldu, bu görüşlərdə hansı məsələlər müzakirə edilib?

– Nəticədə erməni tərəfi Hamburq görüşündə iştirak edib-etməyəcəyi haqda məsələyə də reaksiya verməyi artıq hesab edir?

– Deyir ki, biz imitasiya xairinə görüşmürük, statusu müzakirə ediriksə, görüşək. İkincisi, Azərbaycan Vyana və Sankt-Peterburqda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bir öhdəlik kimi Kasprşikin missiyasının sayının genişləndirilməsi, digəri cəbhədə insidentlərin araşdırma mexanizmi ilə bağlıdır. Azərbaycan tərəfi buna etiraz etməmişdi. Sonra may ayında Azərbaycan tərəfi dedi ki, biz görüşdə deməmişik ki, insidentləri araşdırma mexanizmi yaradılsın. Ondan sonra ABŞ vise-prezidenti Bayden Azərbaycan prezidentinə zəng açdı. Daha sonra Novruz Məmmədov çıxıb dedi ki, Bakı insidentlərin araşdırılmasına etiraz etmir, araşdıra bilirlərsə araşdırsınlar. Ermənidə bundan tutub.

– Bundan sonrakı mərhələdə nə gözləyirsiniz?

– Heç nə gözləmirəm. 20-25 ildir nə olursa bundan sonrada o olacaq. Azərbaycan ordusu apreldə sözünü dedi, qəhrəmanlıq göstərdi. Amma apreldə qazanılan prosesin davamı itirildi.

24saat.org

Input your search keywords and press Enter.