2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Elnur Vaqifoğluna 3il 6 ay həbs tələbi

Jurnalist daha bir cinayətdə ittiham edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə iclası keçirilib. 24saat.org xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Prokuror Fərid Nağıyev çıxış edərək Elnur Vaqifoğlunun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Zərərçəkmiş Orxan Mehrəliyev isə təqsirləndirilən şəxslə barışdığını bildirib.
Təqsirləndirilən jurnalistin vəkili çıxış edərək müdafiə etdiyi şəxs barəsində həbs olmayan cəza seçilməsini xahiş edib.
Hakim bildirib ki, E.Məmmədov barəsində Ağdam Rayon Məhkəməsinin də hökmü var. E.Məmmədov həmin hökmdən apellyasiya şikayəti verib. Hakim apellyasiya məhkəməsinin qərarını gözlədiklərini bildirib.
Bildirək ki, E.Məmmədovdan Ağdam rayonunun sabiq icra başçısı Raqub Məmmədov şikayətçi olub. Raqub Məmmədov icra başçısı olan zaman Elnur Məmmədovun onun barəsində böhtan xarakterli yazılar yazmasına görə şikayətçi olub.
Proses iyulun 11-də davam edəcək.
Dələduzluq ittihamı üzrə isə Elnur Məmmədov öz qohumu olan Orxan Məmmədova qarşı dələduzluq etməkdə təqsirləndirilir. İttihama görə, E.Məmmədov qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib. Amma vəd edilən iş baş tutmayıb. Orxan Məmmədovun şikayəti əsasında Elnur Məmmədov barəsində cinayət işi açılıb və ona Cianyət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib. Elnur Məmmədov həbs edilməyib və onun barəsində polis nzəarətinə verilmə qətimkan tədbiri seçilib. Amma iş məhkəməyə göndərilən zaman isə Elnur Məmmədov proseslərdə iştirak etməyib. Beləliklə bir neçə ay məhkəmədən yayınıb. O, məhkəməyə gəlmədiyi üçün barəsində həbs qərarı çıxarılıb.
O, həbs edilən zaman daha bir cinayət hadisəsinin iştirakçısı olduğu üzə çıxıb.
Daxili işlər orqanlarının mayın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən Elnur Məmmədovun şantaj və hədə-qorxu ilə məşğul olduğunu da üzə çıxarıb. Aparılan araşdırmalarla onun reket jurnalist kimi fəaliyyəti göstərməsi, tez-tez bölgələrə gedərək gizli videoçəkilişlər aparması, şantaj, hədə-qorxu və dələduzluq yolu ilə müxtəlif qurumlardan, bəzi dövlət idarələrindən, rəhbər vəzifəli şəxslərdən birdəfəlik və ya aylıq haqq alması məlum olub. E.Məmmədovun yaxın əlaqələrində olan daha 4 xəbər saytının təsisçiləri və baş redaktorları ilə əlbir olaraq müxtəlif vaxtlarda Ağdam rayonunun bəzi rəhbər vəzifəli şəxslərinin məhz işdən azad olunmaları istiqamətində mütəmadi olaraq barələrində neqativ məzmunlu məqalələr yazması müəyyən edilib. Məlum olub ki, reketlər şantaja məruz qoyduğu şəxslərdən poçt vasitəsi ilə 100-150 AZN məbləğində bir neçə dəfə pul alıb, eyni zamanda həmin vəzifəli şəxslərdən onun üçün rayonun məktəblərindən pul yığmalarını tələb edib. Onlar əsasən Ağdam və ətraf rayonlardan olan digər vəzifəli şəxslərdən pul alıb, pul verməyəcəkləri təqdirdə sosial şəbəkələrdə, öz saytında və yaxın ətrafına daxil olan həmkarlarının xəbər portallarında barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu kimi çoxlu sayda digər faktlar müəyyən edilib. E.Məmmədovun ətrafında davam etdirilən araşdırma nəticəsində 2018-ci il fevralın 9-da Ağdam şəhər sakini Polad Zeynalovun həyətindən silah-sursatın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayətin açılması da təmin edilib. Müəyyən olunub ki, Ağdam rayon sakinləri – 1-ci Yüzbaşlı kənd orta məktəbinin direktoru Polad Zeynalov və həmin məktəbin müəllimi Vüsal Əliyev arasında iş prosesində münaqişə yaranıb. Müəllim direktora problemlər yaratmaq üçün tanışı Elnur Məmmədova müraciət edərək ona məxsus “dosye.az” saytında işlədiyi məktəb haqqında neqativ məzmunlu məqalələr dərc etməyi sifariş verib. V.Əliyev bununla kifayətlənməyərək P.Zeynalovu həbs etdirmək qərarına gəlib və bu məqsədlə 2017-ci ilin dekabr ayında yeznəsi Rizvan Mirzaliyevlə birlikdə onun qanunsuz olaraq saxladığı 2 ədəd əl qumbarası, 3 ədəd əl qumbarasına aid alışqan, 3 ədəd “Kalaşnikov” avtomatına aid daraq və 9 ədəd patronu direktor P.Zeynalovun həyətyanı sahəsində gizlədiblər. Bundan sonra E.Məmmədov hüquq-mühafizə orqanlarının birində işləyən tanışına müraciət edərək direktorun qanunsuz silah saxlaması barədə məlumat verib. 2018-ci il fevralın 9-da həmin məlumat əsasında sonuncunun evində və həyətində axtarış aparılıb və oradan V.Əliyev və R.Mirzaliyevin gizlətdikləri silah-sursat aşkar olunub. Dindirmə zamanı Elnur Məmmədov, Vüsal Əliyev və Rizvan Mirzaliyev törətdikləri cinayəti etiraf edib, hər üç şəxs həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button