2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Elxan Şahinoğlu: “Rusiya XİN-nin reaksiyası Paşinyana xəbərdarlıq idi”

Fərhad Məmmədov: “Ermənistan Rusiyanın Ukraynada müharibəsindən istifadə edir” 

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının mülki missiyasının Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsinə reaksiya verib.

Bununla bağlı Rusiya XİN-in rəsmi saytında məlumat da dərc edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda qeyd olunur ki, Rusiya Aİ missiyası ekspertlətrinin sərhəddə monitorinqindən heç bir əlavə dəyər gözləmir və əgər Brüsseldə səmimi olaraq Qafqazda sülhdə maraqlı olsaydılar missiyanı Azərbaycanla razılaşdırardılar.

Bundan başqa, Moskvada hesab edirlər ki, ABŞ və NATO-nun əlavəsinə çevrilən Aİ-nin Ermənistan sərhədində peyda olması regionda yalnız geostrateji qarşıdurmanın gərginləşməsinə səbəb ola bilər.

“Missiyanın adının mülki olması heç kimi çaşdırmasın, çünki missiya Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti əsasında formalaşır. Aİ-nin Ermənistanda möhkəmlənib, Rusiyanı sıxışdırıb çıxarmaq cəhdi erməni və azərbaycanlıların regionun sülh yolu ilə inkişafı üçün cəhdlərinə zərbə vura bilər”, – məlumatda deyilir.
Rusiya XİN vurğulayıb ki, regionda stabillik və təhlükəsizliyin əsas faktoru Rusiya sülhməramlı qüvvələri və Ermənistanda xidmət edən Rusiya sərhədçiləridir. Onlar Aİ missiya üzvlərinin davranışına reaksiya verəcəklər.
“Yerevan KTMT-nin missiyasının göndərilməsi ilə bağlı işləri məntiqi sonluğa çatdırmamış Aİ-ni seçdi. Əgər erməni müttəfiqlərin KTMT-nin potensialında marağı varsa, onun missiyası Ermənistana göndərilə bilər”, – məlumatda qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyi. Foto: MikroKon/shutterstock

Belə bir kəskin reaksiyanı Ermənistanın özündə bir sıra eksperlər Rusiyanın sonuncu xəbərdarlığı kimi də qəbul ediblər.

Məsələni Meydan TV üçün şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərində gərginlik artıq başlayıb.

“Rusiyanın Paşinyanı cəzalandırmanın ən yaxşı yolu Azərbaycana Qarabağda qayda-qanun yaratmağa maneçilik etməməsidir”


Onun fikrincə, Paşinyanın Avropa İttifaqı missiyasını Ermənistana dəvət etməsi Rusiya əleyhinə idi.

Elxan Şahinoğlunun sözlərinə görə, təsadüfü deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında Ermənistanı xəbərdarlıq etdi ki, KTMT-nin missiyasına üstünlük verilməlidir, nəinki Avropa İttifaqının.

“Lavrov Avropa İttifaqının missiyasının uğur qazanacağına inanmadığını deyərək əlavə etdi ki, Bakı buna razı deyil. Rusiya Xarici İşlər Nazirliyinin 26 yanvar bəyanatı isə Nikol Paşinyana ikinci mesajdır”, – politoloq deyib.

Elxan Şahinoğlu iki ölkə arasında münasibətlərin gərginləşməsinə sübut kimi Nikol Paşinyanın fikirlərini misal gətirib. O xatırladıb ki, təxminən iki həftə əvvəl Baş nazir Nikol Paşinyan Rusiya əleyhinə iki fikir söylədi.

Elxan ŞahinoğluElxan Şahinoğlu
Foto: “ria-novosti”

“Birincisi o idi ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda təlimlərinə ehtiyac yoxdur. Bu, o deməkdir ki, yaxın aylarda Baş nazir Ermənistanın təşkilatı tərk edə biləcəyini elan edə bilər. İkincisi daha iddialıydı. Paşinyan dedi ki, Ukrayna müharibəsi fonunda Rusiyanın Ermənistanda hərbi varlığı ölkə üçün ciddi təhdid mənbəyidir”, – Elxan Şahinoğlu deyib.

Onun fikrincə, indi Moskvanın Paşinyanı necə cəzalandıracağı sualları aktualdır.

“Kreml Paşinyanı devirə bilmir, çünki öz adamları zəifdir, keçmiş prezidentlər Köçəryan və Sarkisyanın siyasətdən çəkildiyinə dair xəbərlər artıb. Rusiyanın Paşinyanı cəzalandırmasının ən yaxşı yolu Azərbaycana Qarabağda qayda-qanun yaratmağa maneçilik etməməsidir. Yəni separatçılar tərki-silah edilsin və iki ildən sonra da Rusiya sülhməramlıları bölgəni tərk etsin”, – mərkəz rəhbəri bildirib.

Bununla yanaşı Elxan Şahinoğlu hesab edir ki, Ukraynada müharibə səbəbindən Rusiya müəyyən mövqeləri itirib, zəifləsə də, Ermənistana təsir etmək imkanını saxlayıb.

“Rusiya Ukrayna müharibəsinin yaratdığı bataqlığın içindədir və savaş bu il də şiddətilə davam edəcək. Baxın, Rusiyanın itkiləri artır, hərbi texnikasının sayı azalır və Cənubi Qafqazda da mövqeləri zəifləməyə başlayır. Əslində, gedişat Bakının maraqlarına uyğundur, çünki Moskvanın başı savaşa qarışsa, biz də Qarabağda qayda-qanun yarada bilərik. Amma Azərbaycandan fərqli olaraq Rusiyanın Ermənistana təzyiq alətləri var”, – o deyib.

Buna misal kimi politoloq Rusiyanın Ermənistana verdiyi ucuz qazın qiymətini qaldıra biləcəyini deyib.

Bundan başqa, onun sözlərinə görə, Rusiyanın Ermənistandakı hərbi varlığı Nikol Paşinyan hakimiyyətinə qarşı istənilən vaxt istifadə olunar.

“Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür, müəyyən güzəştlərdən istifadə edir, məsələn, Rusiya banklarının kreditlərindən. Bu istiqamətdə də Moskva Yerevana təzyiq göstərə bilər. Sadəcə, Rusiyanın yalnız Paşinyanı devirmək imkanı yoxdur. Kremlin Ruben Vardanyan variantı vardı, o da işə yaramır. Göndərdilər Xankəndinə, düşünülürdü ki, nüfuzu artacaq, Azərbaycan onunla təmasa keçəcək, sonra Rusiya Ermənistana göndərib Paşinyanla əvəz edəcək. Amma bu variant da alınmır. Çünki Vardanyanın Qarabağda da reytinqi azalıb. Rusiya yalnız iqtisadi və hərbi alətlərlə Paşinyana təzyiq edə bilər”, – Elxan Şahinoğlu hesab edir. 

Bu vəziyyətdən Azərbaycanın necə istifadə edə biləcəyinə toxunan mərkəz rəhbəri deyib ki, Azərbaycan yaranan tarixi geosiyasi fürsətdən istifadə edib 200 illik separatizmə yaxşı nöqtə qoya bilər.

O vurğulayıb ki, Kremlin Nikol Paşinyanla münasibətləri getdikcə gərginləşir, iş o həddə çatıb ki, Rusiyadakı ermənipərəst ekspertlər də çaşqın durumdadırlar.

“Onlar 30 il Azərbaycan əleyhinə Ermənistana dəstək veriblər. İndi dərin düşüncəyə qərq olublar ki, Nikol Paşinyan Moskvanın əleyhinə gedirsə, artıq Ermənistana dəstək verə bilmirlər. Ermənistan üçün bu istiqamətdə də itkilər var”,- politoloq deyib.

Onun sözlərinə görə, 2020-ci il 10 noyabr bəyanatına görə Azərbaycan Rusiyadan tələb edə bilər ki, sülhməramlıların müddətini uzatmır və Qarabağdakı məsələləri özü həll edir.

“Bizə Rusiyanın köməyi lazım deyil, yetər ki, mane olmasın. Hadisələrin gedişatı göstərir ki, Kremlin Paşinyandan narazılığı artdıqca, Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq imkanlarının ehtimalı da artır”, – Elxan Şahinoğlu deyib. 

“Ukraynada Rusiyanın uğursuzluqları Ermənistana imkan yaradır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsin”

Politoloq Fərhad Məmmədov da hesab edir ki, Moskva-Yerevan münasibətləri artıq kəsknləşib və bu, demək olar ki, 2020-ci ilin ilk yarısında baş verən hadisələrlə üst-üstə gəlir.

“Amma bu dəfə Ermənistan hakimiyyəti Avropa İttifaqının uzunmüddətli missiyasını ölkəsinə dəvət etməklə daha irəli gedir. Rusiya Xarici İşlər Nazirliyinin 26 yanvar bəyanatındakı mesajlar açıq-aydındır. Bu, Rusiyanın adekvat reaksiya verəcəyi anlamına gəlir. Onu ikitərəfli münasibətlərdə, yaxud Ermənistanın daxilində hər hansı bir hərəkətlənmə ilə baş verə bilər. Yaxın zamanlarda bunu görəcəyik”, – o deyib.

Onun fikrincə, Ermənistan Rusiyanın Ukraynada müharibə aparmasından istifadə edir və problem məhz bu savaşdadır.

Fərhad Məmmədov. Foto: Meydan TV

“Keçən il də müşahidə etdik ki, Rusiya Ukrayna cəbhəsində uğursuzluqlarla qarşılaşanda Yerevan Moskva vasitəşiliyi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsi ilə bağlı addmlar atır. Bu da  Azərbaycanın fəallığı üçün şərait yaradır. Ümumiyyətlə, Ukraynada Rusiyanın uğursuzluqları Ermənistana imkan yaradır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsin”, – politoloq deyib.

O deyib ki, bu, həm Zəngəzur, həm Ermənistan qoşunlarının Qarabağdan çıxarılması ilə bağlıdır. Fərhad Məmmədova görə, Azərbaycan görəndə ki, Ermənistan bu formatda öhdəliklərini yerinə yetirmir, birtərəfli qaydada sərhəddə və Qarabağda hərəkət edir.

“Məsələ ondadır ki, Ermənistan daxilində də rusiyapərəst siyasi qüvvələrin potensialından istifadə oluna bilər. Düzdür, onların o qədər də gücü yoxdur, parlamentdə azlıqdadırlar, keçən il də etiraz aksiyaları nəticə vermədi. Amma müəyyən dövrdə onlardan istifadə edə bilərlər”, – o hesab edir.       

Fərhad Məmmədovun sözlərinə görə, Rusiya çalışır ki, Laçın yoluyla bağlı problemdə üçtərəfli formatda həllini tapsın.

“Amma Azərbaycan buna imkan vermir. Ermənistanda o qədər də “isti” baxmır. Yerevan açıq şəkildə deyir ki, bu, onun yox, Rusiyayla Azərbaycanın məsələsidir. Ona görə Moskva Bakıyla birgə Laçın yoluna nəzarətetmə mexanizmlərini tətbiq edə bilər. Hazırda bunu görmürük, amma yaxın gələcəkdə mümkün olacaq”, – Fərhad Məmmədov deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button