2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Emin Hüseynov “QAYNAR QAZAN”a anlatdı – “Məni gözləyən 10 nəfərdən biri cəld tərpənsəydi…”

Emin Hüseynov: “Bütün Qərb ölkələrinin səfirliklərinin qarşısında qruplar məni gözləyiblər”

evez-emin

Bu, Emin Hüseynovdur – Azərbaycan mətbuatının azadlıq fədailərinin müdafiəsində müstəsna rol oynayan, onların dar günlərində müdafiə bayrağını qaldıran, sıradan çıxarılan müstəqil mətbuatın müdafiəsinə əzəmətli dirəniş bayrağı ucaldan adam. Bütün çətinliklərin içindən baş çıxarsa da, sonunda onu da dayandıra bildilər. Emin sadəcə başını götürüb məmləkətdən getdi.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq Emin Hüseynovun gedişi sıradan bir gediş olmadı. Dövlətlərarası skandala çevrildi. Onun heç bir addımı sıradan olmadı zatən. Hamının üzərinə tank-tüfənglə getdiyi azad söz adamlarını o qorudu. Bütün televiziyaların bir-bir səngər dəyişdirdiyi bir zamanda o, yeni televiziya kanalı ilə əzilənlərin səsi oldu – “Obyektiv TV” hamımızın mübarizə tariximizi yazdı. Bütün mətbuat zallarının bağlandığı, hakimiyyətlə anlaşdığı bir məqamda onun mətbuat zalı kimsəsizlərin və əzilənlərin ixtiyarında oldu. Bütün mətbuat konfranslarını pullu keçirmək üçün hamı sıraya düzüləndə, o irəli düşdü və media üçün pulsuz mətbuat konfransları üçün zal yaratdı. Bir çox ilklərin müəllifidir Emin Hüseynov. Həbs olunub dərin-dərin illərə sürgün olunanda yanında, təşkilatında çalışıb ailəmizə baxa bildilər – ailə ortamı yaratdı Emin Hüseynov. Hamı tərəfindən atılan, yardımsız, müdafiəsiz buraxılan siyasi məhbus ailələrinin ərklə üz tutduğu, hirsləndiyi, umduğu, gözlədiyi adam oldu Emin Hüseynov.

O tutulanda hamımızın bayırda və “Bayıl”da nitqimiz tutuldu. Müdafiəmiz dayandı. Bayrağımız endi. Onun da bayrağını endirdilər. Zallarını bağladılar. Ofisinin qapılarına möhür vurdular. Tank kimi üstündən keçdilər. Necə 3 il əvvəl – 2011-ci ildə bizim üstümüzdən keçmişdilərsə, eləcə də 3 il sonra – 2014-cü ildə onun üstündən keçdilər. Həyat bizi Kürdəxanıya və müxtəlif Azərbaycan “zon”larına, onu isə İsveçrənin Xarici İşlər naziri ilə Avropaya apardı. Və… biz onunla düz 5 il sonra uzaq Finlandiyanın paytaxtı Helsinkidə görüşdük. Vəd verdiyi kimi, ilk həcmli müsahibəni də bizə – “Qaynar Qazan”a verdi.

Emin Hüseynov indi-indi özünə gəlir. Onu bu dəfə nikbin və eyni zamanda o qədər də narahat gördüm. Hər zamankı həssaslığı qalmayıb, amma yenə çalışqan ovqatdadır. İndi işi daha da böyüyüb. Zaman onun hədəflərini bütün Avropaya yayıb. Daha Azərbaycanın hüququ pozulan qələm adamlarının yox, bütünlükdə Azərbaycanın vəkilliyini etməyə iddialıdır. İmkanları iddiaları ilə üst-üstə düşsə, onun da öhdəsindən gələcəyinə inanıram. Vaxtilə müdafiə etdiyi adamlar onu o qədər pis vəziyyətdə qoyub ki, indi haqqına mübarizə aparanlara da şübhə duymağa başlayıb. Təbii ki, bütün bunlar yanlışdır, amma zaman hər şeyi yoluna qoyacaq. Necə ki, qoydu.

Eminin Azərbaycandan gedişi film kimi olaylı olub. 48 dəqiqə danışdıq. Çox şey dedi, amma heç nə də demədi. Ehtiyatlılığı yüksək səviyyədədir və bunu dəyərli Oxucu-tamaşaçı da hiss edəcək. Keşməkeşli həyat yolu onu diplomata çevirə bilib. Narahatçılığı hər halından məlum olur. İstər indidən, istər də gələcəkdən qayğıları var.

O, artıq Azərbaycan vətəndaşı deyil. Yaxın günlərdə heç olacağı da gözlənilmir. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib, amma onun da qərarı dəryada balıq sevdası. Hansımızın Avropa İnsan Hüquqları Məhkəməsində işimiz yoxdur? Mənim 8 işim oradadır və 6 il keçib hələ “çıt” yox. Prioritet hallarda baxılan qərarlar da gözlərimizin önündə. Deməli, biz hələ uzun illər Eminlə Avropada – Azərbaycandan qeyri məkanlarda görüşəcəyik. Bu növrağı zaman dəyişməsə, təbii ki…

Siz o Emini görəcəksinizmi, bilmirəm. Şəxsən mən bir xeyli dəyişmiş, Avropanın sərt qaydalarını mənimsəmiş, bir az da laqeydləşmiş, quru, boz bir Emin Hüseynov gördüm. Bu, həm də onun yaşadıqlarının nəticəsidir, bilirəm. Təbii ki, o, mənim 2011-ci ildə qoyub getdiyim Emin ola da bilməzdi. Biz hamımız 2011-ci ildən bu tərəfə, təxminən, 50 il yaşamış, qocalmışıq. Ömrümüzdən gedən ağır illər ömrümüzə ağır günlər gətirib.

“Film gibi, yani” – Qayaxan demiş. Hə, Eminə onu da deyiblər. Deyiblər ki, gəl sənin həyatını filmə çəkək. Emin hələlik razılıq verməyib. Mən razı olardım, onsuz da hər birimizin həyatımızın hekayələri həm də bir-birini tamamlamırmı? O zaman gəlin, Emin Hüseynovun həyatının film kimi keçən 10 ayından bəhs edən 48 dəqiqəlik hekayəsinə baxaq.

Qiyməti əlahəzrət Oxucu-tamaşaçı versin.

“Qaynar Qazan”ın 16-cı qonağı əfsanəvi Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun – RATİ-nin direktoru, Azərbaycan vətəndaşlığından və ölkədən çıxarılan, hazırda mühacirət taleyi yaşayan Emin Hüseynovdur.

Yer: Finlandiya, Helsinki…

Gün: Beynəlxalq Söz Azadlığı Günü…

Mövzu: Azad və Müstəqil Sözdür…

Əvəz Zeynallı

 

Azərbaycandan ötrü çox darıxıram

emin

– Salam. “Qaynar Qazan”da xoş gördük.

 

– Xoş gördük, Əvəz bəy.

 

– Heç ağlımıza gələrdimi ki, neçə ildən sonra biz Helsinkidə “Kristal Hall”da yox, “Finlandiya Hall”da görüşəcəyik. Nə var, nə yox? Vəziyyət necədir?

– Şükür Allaha, hər şey yaxşıdır. Bircə Vətəndən kənardayıq. Əsas kədərli məqam budur. Həm də dostları, yaxınlarımızı tez-tez görə bilmirik.

– Yəni, Azərbaycandan ötrü darıxırsanmı? Belə çıxır ki, darıxırsan.

– Azərbaycandan ötrü çox darıxıram, amma həyat elə gətirib ki, hal-hazırda burada olmalıyıq. İnşallah, imkan olanda qayıdacağıq.

– Səhhətində problemlər də var idi. Onların hamısı düzəldimi?

– Səhhətimdə olan problemin bir qisminin üzərində mütəmadi işlər görürəm, bəziləri isə ömrümüzün axırınadək qalacaq.

– Aldığın zədələri qəsd edirsən?

– 2003-2008-ci illərdəki, 2012-ci ildəki xəsarətlər izsiz qalmır. Yəni, insan istənilən bir zərbəni alarsa, nə qədər müalicə almasına baxmayaraq, onun xəsarətləri qalır.

 

Əgər özünü bataqlıqdan çıxara bilməsən

 

– Bura gəlişin çox maraqlı oldu. O zaman mən hələ həbsdə idim. Həbsxanada olarkən, RATİ olaraq, Emin Hüseynov olaraq verdiyin dəstəyə görə, indi fürsət varkən, öz təşəkkürümü bildirirəm. Amma axıradək də o dəstəyi verə bilmədin. Yəni, mən həbsxanada ola-ola sənin də başına belə işlər gəldi. Sonra da mən həbsdən çıxdım, səni tapa bilmədim. Daha  sonra bir də baxdıq ki, sən getmisən. Həmin proses necə oldu? İndiyədək də bu, çoxlarına maraqlıdır. Hərə bir söz deyir, hərə bir versiya səsləndirir.

– İndi çox adam çox versiya səsləndirə bilər, onların şəxsi işidir. İnsanların ifadə azadlığı var, kim nə istəyirsə, deyə bilir. Amma mənim belə bir prinsipim var ki, əgər mən kiminsə hüququnu qoruyuramsa, çalışıram ki, sonadək qoruyam. Əvvəla, qeyd eləməliyəm ki, öz hüququm, öz imkanlarım barəsində də düşünməliyəm. Əgər mən özüm öz hüququmu qoruya bilmirəmsə, deməli, başqasının da hüququnu qoruya bilməyəcəm. Çəkməçi bəzən görürsünüz ki, çəkmələrini itirir, amma kiməsə yenə çəkmə düzəldir. O yanaşma yanlışdır. Yəni, mən hesab edirəm ki, jurnalist və yaxud da hüquq müdafiəçisi olan istənilən bir şəxs – bu, təbii ki, onun öz seçimidir, amma mənim dünyagörüşüm onu göstərir ki, bəzən daha önəmli olur ki, özünü xilas edib, sonra da başqalarını xilas edə bilmək üçün hər hansı bir iş görməlisən. Bunun üçün də ilk növbədə özünün hüquqularını müdafiə etməlisən. Əgər özünü bataqlıqdan çıxara bilməsən, başqasını heç bir zaman bu bataqlıqdan çıxara bilməzsən. Keçmiş Sovetlər Birliyinin keçmiş vətəndaşları olaraq ruslardan misal çəkməyi xoşlayırıq: “Спасение утопающих, дело рук самих утопающих” – «Batan adamın xilası hər şeydən əvvəl özündən asılıdır». Kiməsə arxayın olmaq, ümid etmək ki, səni xilas edəcəklər, nəticədə boşa çıxa bilər. Ona görə də insan əvvəlcə özünü xilas etməyi bacarmalıdır.

– Elə sualım da ona gəlib çıxır. Nə oldu birdən-birə? Qəfildən getdin, deyəsən?

– Qəfildən olmadı. 10 aya yaxın Azərbaycanda çalışıb fəaliyyət göstərdik.

– Həbs olma təhlükəsi yaranandan sonra səfirliyə getdiyin anı nəzərdə tuturam. Əvvəldən hadisələr necə oldu? Sənə xəbər gəldi ki, həbs olunmaq təhlükən var?

– Biz, necə deyərlər, sətirarxası ifadələrin mənasını oxuya bilirik. Ən azı, bizə aydın oldu ki, ölkəyə qayıdanda belə bir hadisə ola bilər. Məsələn, mən xaricdə olarkən bir neçə jurnalistdən xəbər aldım. O vaxt Gürcüstanda idim və telefonuma bir neçə zənglər oldu. Səhhətimlə bağlı müalicə üçün Gürcüstana getmişdim. Qolum yerindən çıxmışdı və mən orada stasionar-ambulator müalicədən keçdim. 2-3 gün xəstəxanada qaldım. Sonra mənə Vergilər Nazirliyindən zəng gəldi ki, “Emin, RATİ-yə yoxlama ilə gəlmək istəyirik”. Haradasa iyulun 25-i olardı. Mən də onlara bildirdim ki, hazırda Gürcüstanda xəstəxanadayam və 3-4 günə Azərbaycana qayıdacağam. Hələ məndən soruşdular ki, “həqiqətənmi gələcəksiniz?” (Gülür…)

 

Dedi ki, əvvəlcə Leyla Yunusu, İntiqam Əliyevi və Rəsul Cəfərovu, axırda da səni tutacaqlar…

 

evez-emin4

– Artıq bunun özü işarə olub…

– Dedim, “bəli, biz gələcəyik, gözümüz üstə yeriniz də var, gələrsiniz təşkilata, nə istəsəniz yoxlayarsınız…” Hərçənd bir şeyi də dedim ki, “Bizim təşkilatın mühasibləri, müavinlərim oradadırlar. Gedib, elə indi birbaşa yoxlamaya başlaya bilərsiniz. Mən də zəng vurub, tapşıraram ki, sizə lazım olan sənədləri təqdim edərlər”. Dedilər, “yox, tələsməyin, nə vaxt istəsəniz, gələrsiniz…” Ondan sonra daha bir zəng gəldi. Dost jurnalistlərdən biri idi, dedi ki, “Emin, səni tutacaqlar, ölkəyə qayıtma”. Hələ iyulun 26-ı idi, dedi ki, “əvvəlcə Leyla Yunusu tutacaqlar, sonra İntiqam Əliyevi və Rəsul Cəfərovu, axırda da səni…”

– Allah, Allah, sirr deyilsə, kim idi?

– Həmin jurnalist Azərbaycandadır, mən onun adını çəkməklə onu təhlükəyə ata bilərəm. Amma kameranı söndürəndən sonra onun adını deyə bilərəm. Çünki bu məlumatı da kimsə ona demişdi. Biz jurnalistlərin işi elədir ki, bəzi həmkarlarımız dövlət mediasında, yaxud da hansısa məmurun yanında çalışırlar və onlara belə xəbərlər gələ bilir. Ona da belə bir məlumat gəlib və o da mənə dedi ki, “belə bir iş var və sizə qarşı əməliyyat hazırlanır. Mən çox nigaranam, sənə deyirəm ki, qayıtma!” Dedim, “sən çox sağ ol ki, bu barədə xəbər verirsən, amma mən qayıdıram”. Və mən ölkəyə qayıdan günün səhəri Leyla Yunusu tutdular. Elə bil, sanki gözləyirdilər ki, hamı ölkəyə qayıtsın, tutsunlar. Artıq biz görəndə ki, Rəsulu bir gün əvvəl ölkədən buraxmadılar – onun ölkədən çıxışına qadağa qoyulmuşdu – mən o zaman bildim ki, nəsə bir şey var. Buna baxmayaraq, mən bildirdim ki, əgər bizim də ölkədən çıxışımıza qadağa qoyulsa, biz kimdən əskiyik ki, oturub, işimizi davam etdirərik. Bəlkə nədənsə şübhələnirlər, yoxlayarlar, sonra da məsələ aradan qalxar. Ölkəyə qayıtdım, gördüm ki, Leyla Yunusu tutdular. Onda mən camaata da dedim ki, yəqin ki, nəsə anlaşılmazlıq olub. Mən özüm inanmadım ki, onu tutublar.

 

Leyla Yunusun tutulacağına inanmırdım

 

– İnandırıcı deyildi?

– İnandırıcı deyildi. Çünki kimsə mənə dedi ki, Leyla Yunusu tutublar, amma Arif Yunusu buraxıblar. Onda dedim ki, “bu, necə ola bilər, birini tutub, digərini buraxıblar, yəqin bu, oyundur, nədir?” Sonra dəqiqləşdirdim, gördüm ki, həqiqətən də L.Yunus barəsində həbs qətimkan tədbiri seçilib. Ondan 2-3 gün sonra – avqustun 2-də Rəsul Cəfərovu tutanda bildim ki…

– Artıq sən də həbs olunacaqsan?..

– Necə bildim? Belə bir misal var, birinin başına bədbəxt hadisə gələndə deyirlər ki, bu, xeyirədir. Deyirlər, bir kənddə kasıb bir kişi olur, bir dənə də atı olur. Bir gün baxırlar ki, bu ağlayır, soruşurlar, deyir ki, atı axşamdan yoxa çıxıb. Kəndin ağsaqqalı bunu sakitləşdirib, deyir ki, fikir eləmə, bu, xeyirədir. Camaat elə düşünür ki, ağsaqqal dəlidir. Amma iki gündən sonra kasıbın atı yanında dayça ilə geri qayıdır. Hamı kişini təbrik edir, amma ağsaqqal yenə deyir ki, bu, şərədir. Camaat yenə fikirləşir ki, at yanında balası ilə qayıdıb, bunun harası şərədir? Bundan bir qədər sonra atın balası böyüyür, onun dırnaqlarını nallayanda kişinin yeganə oğlunu təpiklə vurub ayağını sındırır. El-gün yığılıb, kişiyə təskinliyə gələndə ağsaqqal deyir ki, bu, xeyirədir. Hamı yenə də təəccüblənir. Bir müddət sonra müharibə başlayır və kəndin bütün əli silah tutan oğullarını cəbhəyə aparırlar, amma kişinin oğlu topal olduğu üçün onu aparmırlar. Camaat da görür ki, ağsaqqal haqlı imiş. İndi mənim də qolum yerindən çıxıb…

 

Anamın ad gününə yığışmalı idik

emin2

 

– Xeyirə imiş…

– Yay ayları olduğundan işçilər dedilər ki, bizi Qubaya apar, mən də RATİ-nin bütün kollektivini yığıb Qubaya aparmışam. Çay qırağında işçilərə kabab çəkirdim. Yağışdan sonra çayın kənarı sürüşkən olub, nəsə ayağımı qoyan kimi sürüşdüm, bir tərəfi üstünə düşdüm, qolum yerindən çıxdı. Bütün günü işçilərə deyirdim ki, axı mən sizə dedim, gəlin sizi Nabrana – dəniz kənarına aparım. Siz də məni bu meşəyə gətirib, yıxdınız. Ondan sonra bir ayağım həkimlərdə qaldı – o həkim, bu həkim… Qolumun hesabına travmatologiyaya getdim, həkim baxıb dedi ki, bura su yığılıb, yaxşı olar ki, Türkiyəyə gedib, yoxlatdırasan. Mən də getmək istəyəndə gördüm ki, pasportum yoxdur. ASAN xidmətə yaxınlaşdım, oradan bildirdilər ki, 150 manat dövlət rüsumunu ödəyəndən 12 saat sonra xarici pasportu mənə təqdim edəcəklər. Avqustun 4-də pulu ödədim. Qolum gipsdə gəzirəm. Necə oldusa, Novella Cəfəroğlu ilə Səidə Qocamanlı məni bulvarda gördülər. Uşaqlarla çay içirdik. Soruşdular ki, qoluna nə olub? Dedim, qolum çıxıb, vəziyyəti pisdir. Səidə Qocamanlı dedi ki, mənim nəvəmin sümüklərində problem var. Türkiyədə  ailə həkimimiz var, çox yaxşı qiymətlərə müalicə edir. İstəyirsənsə, həmin həkimə deyək, səni göndərək Türkiyəyə… Mən də belə baxdım, fikirləşdim ki, onsuz da Gürcüstanda olmuşam. Yəni getmək planımda yox idi. Səhəri gün dedi ki, sənin üçün həkimdən randevü almışam, sabah emailinə məktub gləcək. Bir də gördüm ki, xəstəxanadan məktub gəlib ki, filan vaxtı həkimlə randevünüz var. Getdim, bilet almağa, gördüm ki, pasportum maşının “bardaçok”unda qalıb. Dostumla gəlmişdim, o da Gürcüstana qayıdıb. Fikirləşdim ki, nə edim? Getdim ASAN Xidmətə və bildirdim ki, pasportum yoxdur. Sistemlə yoxladılar – barmaq izlərini götürmüşdülər. Dedilər ki, sabah gəlin, pasportunuzu problemsiz götürün. Avqustun 5-də pasportu götürdüm, həkimlə də randevünün vaxtını dəyişdirdim. İstanbul hospitalında 2 günlük də yer götürmüşdüm. Avqustun 8-də də geriyə bilet almışdım. Çünki anamın yubileyi idi həmin gün… adətən, həmin gün bütün qardaşlar bir yerə yığışırıq, ata-anamla bir yerdə oluruq. Zamanla evdə tapılmırıq, amma avqustun 8-də bir yerə yığılırıq. Avqustun 5-də gedəndə məni buraxmadılar. Sanki ayıldım. Fikirləşdim ki, aaa… lap eyni şeydir ki, Rəsulu da buraxmamışdılar.

– Rəsul artıq həbs olunmuşdu?

– Rəsulu avqustun 2-də artıq tutmuşdular. Leyla xanım da o vaxta qədər tutulmuşdu.  Nəzarət bölməsində 2 saata qədər yoxladılar. Bütün sənədləri, həkimdən randevü kağızlarını onlara göstərdim və dedim ki, ay yarımdır qolum məni incidir. Dedilər, yox qardaş, sənə heç bir izahat verə bilmərik. Dedim, axı qanun var, izah edin, əgər təqsirləndirən şəxsəmsə, məni tutun, aparın. Dedilər ki, yox, səni tutub aparası deyilik, çıx get. Məni geri döndərdilər, bütün sənədləri də götürdüm. 1 gün sonra – avqustun 6-da məhkəməyə müraciət elədim. Avqustun 7-də də mənim prokurorluğa çağırılmağım barəsində bildiriş gəlib.

 

Avqustun 8-dən sonra telefonları bağladım

 

– Ananın ad günündə?

– Anamın ad günündə prokurorluğa çağırıblar. Özü də bu bildirişi anamgilə çatdırıblar və mənə də heç bir sənəd verməyiblər. Mənim yaşadığım ünvana da heç bir bildiriş göndərilməyib. Sonradan bildim ki, anamgilə zəng vurub deyiblər ki, “Emini görsəniz, deyin ki, prokurorluğa gəlsin”. Mən də avqustun 8-dən sonra bütün telefonlarımı qoydum kənara. 1-2 tanış həkimə müraciət etdim ki, qoluma yığılan suya əncam çəkilməsinə kömək etsinlər. Telefonları da yanımda gəzdirmirdim. Ona görə də fiziki olaraq, heç kəs məni tapa bilmirdi.

– Belə demək olarmı ki, artıq sən gizli şəraitə keçdin?

– Ehtiyatlı şəraitə keçdim. Necə deyərlər, “ehtiyatlı igidin anası ağlamaz…” Artıq görürdüm ki, məni izləyirlər,  ehtiyatlanmağa başlamışdım. Avqustun 7-də RATİ-nin əməkdaşı Rasim Əliyevə – Allah ona rəhmət eləsin – dedim ki, mənim özümə yaxın bildiyim, etibar elədiyim adam yoxdur, mən həkimə getməliyəm. Bakıda sənəd istəyə bilərlər, ona görə də dostlarla əlaqə saxladım, dedilər ki. Naftalanda yaxşı yerlər var. Rasim məni öz maşını ilə götürdü və avqustun 7-dən 8-ə keçən gün 5 ulduzlu “Çinar” otelində qaldıq. Çünki iki xəstəxananın ikisi də dolu idi və bizə demişdilər ki, gözləyək. Oteldə Rasimin planşetini Wi-Fi-ya bağladıq və xəbərləri oxuyanda gördük ki, İntiqam Əliyevi tutublar. Dedim, “Rasim, telefonu söndür”.

 

RATİ mühasirəyə alınandan sonra bütün rabitə xətlərini söndürdük

evez-emin1

 

– Sən artıq bildin ki, 100 faiz səni həbs edəcəklər?

– Avqustun 8-də İntiqam müəllimi aparanda gördüm ki, deyir, “optimist olun, optimist olun!” Dedim,  “telefonları söndür, bizi indi axtaracaqlar”. “Azadlıq” radiosunda da məlumat verilmişdi ki, artıq RATİ mühasirəyə alınıb. Bu xəbəri də alandan sonra bütün rabitə xətlərini söndürdük. Zatən mənim telefonum artıq yox idi, Rasimdə də elə-belə, ucuz telefon var idi. Amma həm də planşeti var idi. Ondan sonra da keçdik…

– Partizan şəraitinə?..

– Rasim soruşdu ki, “nə eləmək lazımdır?” Dedim ki, “mən artıq burada qala bilmərəm”.

– Rasim də qorxmaz oğlan idi…

– Əgər Rasim həmin gün məni aparmasaydı, mən bu gün, bəlkə, hələ də həbsxanada idim, bəlkə də başqa bir şey olacaqdı. Yəni, faktiki olaraq, həmin gün Rasim məni xilas elədi.

– Bakıya gəldiniz?

– Mən Bakıya gəldim, Rasimə də təşəkkür elədim ki, “sağ ol, iki gün mənə kömək elədin”. Artıq Rasim də anlamışdı ki, nə var-nə yox?  Biz həm də maşını sürəndə Rasim radara düşmüşdü, şəklimizi gecəynən çəkmişdilər. Tapşırdım ki, polis səndən nə soruşsa, sən həqiqətləri deməlisən. Yəni, demə ki, Emini görməmişəm, de ki, Emini bir neçə xəstəxanaya aparmışam. 2-3 gündən sonra Rasim prokurorluğa çağırıldı. Sonradan onun özü ilə telefonla danışdım, dedi ki, “demişəm, Emin xəstəxanaya getməli idi, onu xəstəxanaya, həkimlərin yanına aparmışam”. Daha o “sarı tellər”ə toxunmayıb. Başqa nə soruşublarsa, deyib ki, bildiyimi sizə dedim.

– Bəs, nə vaxt səfirliyə getdin?

– Avqustun 18-də.

– 10 gün Bakıda qaldın?

– 10 gün başqa bir yerdə qalmışam.

– Bəs, səfirliyə necə getdin?

– Səfirliyə də elə öz ayağımla getdim girdim.

– Bəs, dedilər ki, kimsə səni aparıb?

– Vertolyotla aparmışdılar məni?

 

Rasim qədər mənə kömək edən ikinci bir şəxs də olub

emin3

 

– Mən belə eşitmişəm ki, səfirliyə gedəndə kimsə səni müşayət eləyib.

– Rasim qədər mənə kömək edən ikinci bir şəxs də olub, yaxın dostum. O, kömək edib və mən də onun köməkliyi ilə içəri keçmişəm.

– İdrak Abbasov olub?

– Mən o şəxsin adını deyə bilmərəm. Nə vaxtsa, vaxt gəlsə, deyəcəm.

– Kömək edib…

– Bəli, kömək edib. O adam, faktiki olaraq, məni xilas edib. Amma mən istəmirəm ki, bu gün həmin adamın adını açıqlayam. Çünki Rasimin başına gətirilənləri mən artıq görmüşəm.

 

Rasim məhz avqustun 8-də – o hadisədən düz 1 il sonra – öldürüldü

emin1

 

– Sən elə düşünürsən ki, Rasimin başına gətirilənlərlə səni qorumağının arasında bir rabitəmi var?

– Bir məqam mənim üçün bu gün də qaranlıq qalır. Rasim məhz avqustun 8-də öldürüldü. O hadisədən düz 1 il sonra. Başqa bir meyar olsaydı, deyərdim ki, olan olub, keçən keçib. Hətta mən bir neçə dəfə Rasimə ölkəni tərk eləməyi təklif eləmişdim. O, ölkəni tərk etmədi. Demişəm ki, ya xaricdə, ya da yaxın xaricdə səni işlə təmin edə bilərik. Yalnız bir şey olacaq ki, Azərbaycandan kənarda olacaqsan. Dedim ki, “bu hökumətdən hər şey gözləmək olar. Ucuz qisas belə gözləmək mümkündür.” İş elə gətirdi ki, məhz həmin gün də Rasim öldü.

– Yəni, deyirsən ki, təsadüfi hadisəyə oxşamır?

– Bir şey deyim ki, nə üçün bu təsadüfi hadisəyə oxşamır. Və mən bunu təsadüfi hesab eləmirəm. Ən azı, mən Rasimin ölümünü jurnalistin ölümü kimi qiymətləndirirəm. Rasimi peşə fəaliyyətinə görə həyatını qurban vermiş jurnalist hesab edirəm. Hər bir şeyi kənara qoyaq – RATİ-ni, mənimlə dostluğunu və s. Rasim Əliyev jurnalist kimi döyülərək, xəstəxanaya qəbul olunub. Həmin xəstəxanada mənim özüm 3-4 dəfə yatmışam. Küçədə kiminləsə dalaşırsan, yarım saatdan sonra sahə müvəkkili gəlir, adamı halsız halda belə dindirməyə başlayır.

– Tamamilə doğrudur, üstəlik də Rasim jurnalistdir.

– Üstəlik də bütün hüquq-mühafizə orqanlarına xüsusi xətlə birbaşa məlumat verilir ki, jurnalist ölüb. Protokol var. Sabah jurnalist öləndə, ölkənin imicinə zərər dəyir. Milli Təhlükəsizlik Nazirliyinə kimi məlumat daxil olur ki, filankəsi bıçaqlayıblar. Hökumətin də işi odur ki, əlində olan imkanlarla o jurnalistin həyatını qorusun. Bizim həkimlər isə, faktiki olaraq, Rasimi öldürüblər. Mən bəzən deyirəm ki, onu filankəslər yox, həkimlər öldürüblər. Və yaxud da digər qüvvələr, hansılarının ki, tapşırıq vermək səlahiyyətləri var. Həmin xəstəxanada Rafiq Tağı da ölüb. O da həmin jurnalist idi ki, onu reanimasiyadan ümumi palataya köçürmək peşə cinayəti idi. Həkim bu işdə istintaqa cəlb olunmadı.

– Rasimin işində onu döyənlərə, düzdür, çox iş verdilər, amma həkimləri də istintaqa cəlb eləmədilər.

– Rasimi döyənlərə ömürlük iş belə versəydlər, o, mənim üçün heç bir göstərici deyildi. O adamlar həqiqətən də Rasimi döyüblər və məhkəmə ilə də cəzalarını alıblar. Amma bunun özü cinayətin üstünün açılmasını göstərmədi. Yəni, cinayətdə əli olan bir qrup şəxs cəzalarını alıb. Bu işdə məsul şəxs qismində  həkimlər, polislər və işi aparan prokurorluq əməkdaşları olublar. Rasim bu hadisədən 4-5 gün əvvəl polisə hədələndiyi barəsində məlumat verib. Rasim “Azərbaycan Polisi” günündə bir məşhur şəkil paylaşıb. Həmin şəklin tarixçəsi də çoxlarına məlum dur. Etiraz aksiyalarının birində çəkiliş aparan Rasimi polis sərt hərəkətlərlə vurur və çəkiliş aparmasına imkan vermir. Sonradan – bu şəkil yayılandan sonra həmin polisi tutduğu vəzifədən azad etdilər. Rasim də həmin şəklini facebook-da paylaşıb və altından da yazıb ki, “Azərbaycan Polisi, bayramın mübarək!” Satira ilə yazıb. O satiradan sonra ona kimlərsə yazılar yazmağa, təhdid eləməyə başlayıblar ki, “indi sənə göstərərik ki, polis haqqında necə belə şeylər yazmaq olar… Sən satqınsan, xainsən, Vətəni sevmirsən”. Rasim də “screen shot”-ları mənə göndərirdi və mən də ona dedim ki, belə situasiyalarda 3 məsləhətim var: ya ölkədən çıx, ya polisə təhlükəsizliyinin qorunması ilə bağlı müraciət elə, ya da özünü gözlə.

– Yəni sən təxminən bu hadisələrdən əvvəl Rasimə məsləhətlərini vermisən?

– Hə. Mənimlə danışandan sonra o, 102-yə zəng vurub, bir də polisə yazılı müraciət edib. Hər şeyi də olduğu kimi yazıb. Hər hansı bir vətəndaş öz təhlükəsizliyindən narahat olub, polisə müraciət edirsə, polis mütləq hadisələri nəzarətə götürməlidir. Əgər polis vətəndaşı müdafiə eləmirsə, sonradan onun başına bir iş gəlirsə, o adam sonradan həlak olur, ya da ölürsə, təbii ki, kimsə bunun cavabını verməlidir. Demək istədiyim odur ki, nə polislər, nə də həkimlər istintaq işinə cəlb olunmayıblar.

– Mən belə başa düşdüm ki, Rasimin başında bu qeylü-qal var imiş…

– Necə?

 

Kimsə kimisə kimlərinsə əli ilə öldürür

 

– Yəni, Rasimin başında bu təhdidlər var idi. Rasim hər zaman kimlərinsə tərəfindən hədə-qorxu və təhdidlər alıb. O zaman son döyülmə hadisəsi də plana daxil olubmu, yoxsa, təsadüfən belə bir iş olub?

– BMT-nin 200 dövlət üzvü var. Həmin 200 dövlətdə jurnalistlərin ölümlərinin necə baş verdiyini təhlil eləsək, görərik ki, onların da qatillərinin arasında futbol azarkeşləri, etiraz edən oxucu kütləsi və s. olur. Kimsə kimisə kimlərinsə əli ilə öldürür və sonra da deyir ki, “görürsən, kimsə daş atdı, jurnalistin başına dəydi, öldü…” Bu daşı kim atıb? Daş hansı tərəfdən atılıb, onu yoxlamırlar.

– Çox gizli bir əl, sanki ssenari qurub…

– Baxın. Rasim hadisədən dərhal sonra 103 xidmətilə Təcili Tibbi Yardım çağırıb, onlar gəlməyiblər. Rasim özü maşına minib, xəstəxanaya gəlib. Bu ağırlıqda xəsarətlərlə xəstəxanaya gələn adama həkim deyib ki, “sən qızsan bəyəm, qorxursan, sabah gedib futbol oynayacaqsan”. Rasim israr edib ki, narahatdır, ağrıyır, onu yoxlasınlar.  Mən də zəng vurdum uşaqlara, dedim ki, nə lazımdırsa, eləyin. Pul da lazımdırsa, göndərim.

 

Normal bir ölkədə Oktay Şirəliyev cəzalandırılmalı idi…

evez-emin7

 

– Özü ilə danışdınız?

– Özü ilə danışdım. Ölməsindən 1 saat, yarım saat öncə yarım saata yaxın danışdıq. Dedim ki, “Rasim, səni çox yormaq istəmirəm, dincəl”.  Hətta zarafatlaşdıq. Rasimin köhnə iş yoldaşları yanında idi. Bütün jurnalistlər yanında olub. Yəni, həkimlər görüblər ki, Rasim jurnalistdir. Haradasa, jurnalistika fakultəsinin tələbəsi yox, artıq tanınmış bir adamdır. Rasimin yanına gəlirlər, kameralar qoşulur, ondan müsahibə götürürlər. Adi bir misal çəkim. Həkimin yanına adi bir arayış üçün gedəndə, özünü təqdim edib, jurnalist olduğunu bildirəndə, həkim özünü yığışdırır. Çalışır ki, xəstəxananın nöqsanlarını jurnalist görməsin. Yaxşı palataya köçürmək haqqında tapşırıq verir, həkimə tapşırır və s. Tibbi protokola görə, xəstəxanaya müraciət edən xəstəni soyundurmalıdırlar, rentgenə, UZİ-yə salmalıdırlar, xəstəliyin diaqnozunu tapmalıdırlar və s. Rasim isə elə necə gəlmişdisə, o paltarda da öldü. Mayka ilə, remenli şalvarla palatada uzanmışdı. Bu, artıq həkimlərin cinayətidir. Rasimin həkimlərinin hamısı cinayət məsuliyyəti daşıyır, onların hamısı tutulmalı idi. Amma dövlət başçısı İlham Əliyev iki gün sonra Səhiyyə naziri Oktay Şirəliyevə “Şərəf” ordeni verdi. Ona bu mükafat düşür? Oktay Şirəliyev vəzifədə olduğu müddətdə iki jurnalist xəstəxanada ölüb, normal bir dövlətdə buna görə nazir cəzalandırılmalı idi.

– Bütün baş verənləri sən təsadüfi hesab eləmirsən…

– Yox, mən təsadüfi hesab eləmirəm. Ən azı ona görə ki, Rasimin ölümü kimlərəsə sərfəli idi. Kimlərsə, kiməsə nəsə göstərə bilərdilər. Hər bir şey ola bilərdi. İstənilən halda bu cinayət obyektiv şəkildə araşdırlımalı idi. Ən azı, həkimlər məsuliyyətə cəlb oluna bilərdilər. Diqqət etsəniz, görərsiniz ki, bu işdə 5 nəfər həbs olunur, amma işin mahiyyətində dayanan Cavid Hüseynovun cinayət işi bu işdən ayrılıb, kənara qoyulur. Bu adam, faktiki olaraq, həbsdən azad ediləcək. Biz bilmirik, bəlkə də elə Cavid həmin şəxsləri öyrədib, deyib ki, “gedin, onun dərsini verin”. Mən ümumiyyətlə, Azərbaycanda 1993-cü ildən bu günə qədər ifadə azadlığı ilə bağlı bütün tarixi oxumuşam. Bir dəfə də rastlaşmamışam ki, futbol azarkeşlərindən kimsə gəlib jurnalisti döysünlər. Bir dəfə olub, azarkeşləri “Futbol+” qəzetinin səhifələrində bir-birilərini təhqir ediblər. Amma buna görə kiminsə jurnalisti döyməsi hadisəsi ilə rastlaşmamışam. Bu hadisədə, guya, futbol azarkeşləri gəlib, jurnalisti ölümcül döyürlər və əl-qol sallayıb, gedirlər.

– Hətta biri də məhkəmədə demişdi ki, “lap əcəb eləmişəm…”

– Dediklərinin əziyyətini də, cəzasını da çəkəcək. Bu, məsələnin başqa bir tərəfidir. Amma KİV-də kimisə təhqir etməyib ki? Rasim facbook-da öz səhifəsində balaca bir fikir bildirib. Yazıb ki, filan məsələyə bu cür yanaşmaq düzgün deyil. Rasim 200 minlik tirajı olan “Azadlıq” qəzetində Cavidi söyməmişdi ki… Rasim kimi facebookda o qədər futbol azarkeşi var ki… Elə tanınmış adamlar var ki, deyirlər, bu Azərbaycanın futbol yığmasını aparıb zibilliyə atmaq lazımdır. Kimsə öz fikrini bildirdiyi üçün burnu qanayıb? Nəyə görə məhz Rasim hədəfə götürüldü?

 

Əgər kiminsə evinə gəlib, gizlənmisənsə, ev yiyəsinə baş ağrısı gətirəcək şeyləri etməzsən

 

– Qayıdaq sizin səfirliyə getməyiniz məsələsinə… Bunu mətbuat da yazdı, deyəsən, “dost”unuzun da saytı geniş araşdırma yazısı verdi.

– Hansı dostum?

– (Yarızarafat, yarıcıddi…) Həbsxanada müdafiə edib, Guillermo Cano mükafatını verdirdiyiniz dostun. Hətta elə mənzərələr çəkməyə çalışdılar ki, guya, səfirliyə girənə qədər bütün onlar baş vermişdi. Guya, qrim olunubsan, başqa bir paltar geyinibsən, səfirliyin qarşısına gələndə polis səndən nəsə soruşub. Bu vaxt səfirlikdə səni dərhal içəri salıblar. Ondan əvvəl isə ABŞ səfirliyinə müraciət etmisən. Bu yazılanlarda, deyilənlərdə nə kimi həqiqət var? Ümumiyyətlə, hadisələr necə oldu?

– Avqustun 8-də günorta saatlarında İsveçrə səfirliyinə gəlmişəm.

– Yəni, əvvəlcə ABŞ səfirliyinə getməmisən?

– Yox, yalan söhbətlərdir. İsveçrə səfirliyinə gəldim və orada özümü xarici vətəndaş kimi təqdim elədim. Dedim ki, xahiş edirəm, məni…

– Görünüşünü dəyişmişdin, yoxsa?..

– Necə varamsa, elə idim. Bəzi vizual dəyişikliklər var idi, amma biometrik göstəricilər eyni idi.

– Qrim kimi şeylər olub?

– Qrim olmayıb, amma birbaşa tanımaq da mümkün deyildi.

– Polislər nəsə soruşdular?

– Sizə nə maraqlıdır?

– Özün dedin ki, əgər maraqlıdırsa, danışım, mən də dedim ki, təbii, maraqlıdır…

– Orada olan hadisələri danışmaq üçün bir kitablıq yazı yazmaq lazımdır.

– Yəni, elə bir zəngin təəssürat var?

– Bir müsahibədə o haqda ətraflı danışmaq mümkün olmaz, amma ailə üzvlərimdən kiminlə əlaqə saxlamaq istəyirdimsə, saxlaya bilirdim. Başqalarına gəlincə isə – birdən soruşa bilərsiniz ki, jurnalistlərlə əlaqə saxlaya bilmədim – mən orada qonaq idim.

– Yəni, onlar əvvəlcədən bilirdilər ki, sən kiminlə əlaqə saxlayacaqsan?

– Gəlin, belə bir şey deyim. Müəyyən qaydalar yox, dəyərlər var ki, əgər sən kiminsə evinə gəlib, gizlənmisənsə, ev yiyəsinə problem, baş ağrısı gətirəcək şeyləri etməzsən. Ev yiyəsi sənə kömək edib, müvəqqəti də olsa, öz himayəsinə götürüb. Sən də ətrafda olanları qıcıqlandırmamalısan. Qayda budur. Mən də ən azından bunu başa düşüb, İngiltərədə qalan Culiana Assanc kimi eyvanda mətbuat konfransları keçirə bilməzdim. Yəni mən öz ölkəmdə idim və Azərbaycanla İngiltərəni müqayisə eləsək, tamamilə başqa-başqa məkanlardır. Özünüz də bunu yaxşı başa düşərsiniz.

– Yəni, dövlətlərarası skandala səbəb ola bilərdin? Onun bir narahatçılığını hiss elədinmi və ya sənə hiss elətdirdilərmi?

– Yox, mən heç nə hiss eləmədim. Siz deyirsiniz ki, skandal olub.

 

Azərbaycan və İsveçrə diplomatiyasının tarixində ilk hadisə

evez-emin5

 

Hər halda Azərbaycan tarixində ilk belə hadisədir ki, tanınmış və önəmli bir insan çox rahatlıqla bu sistemin əlindən çıxa bilir. Bunu nəyə bağlayırsan? 8-9 ay bir ölkənin səfirliyində sığınacaq almaq Azərbaycan diplomatiyasında ilk hadisə oldu.

– Nəinki Azərbaycanın, İsveçrənin diplomatiyasında belə bir hadisə ilk dəfə idi ki, olurdu.

– Çox maraqlıdır. İsveçrənin sənə qarşı olan münasibətindən, yoxsa ümumən insan haqlarına olan münasibətindən yaranan özəllik idi?

– Mən deməzdim ki, bu, mənə xüsusi olan münasibət idi. İsveçrənin çox zəngin humanitar bir tarixi var, ola bilsin, bunun da kökləri var.

– Sən niyə məhz İsveçrə səfirliyinə getdin? Digər dost səfirliklər də var idi. Onların bir çoxu da səni tanıyırdı.

– Özünü dünyada humanitar sahədə daha çox doğrultmuş ölkə olaraq məhz İsveçrəni bildiyim üçün ora müraciət etdim. Düşündüm ki, ən azı, İsveçrənin sınaqdan çıxmış diplomatik mexanizmləri var. Həm də İsveçrə, insan hüquq müdafiəçilərinin qoruma mexanizmlərini bir il əvvəl tətbiq eləmişdi və onların hazırlanmasında özüm də yaxından iştirak etdiyim üçün oranı seçdim. Digər tərəfdən, seçim də o qədər böyük deyildi.

– İsveçrənin səhv etmirəmsə, Xarici İşlər naziri prezidentlə danışıqlar apardı.

– Belə deyək, dövlətlərarası diplomatik danışıqlar gedirdi.

– Sən çox şeyləri demək istəmirsən, diplomat kimi danışırsan.

– Yox. Mən o şəxslərdən heç birinin yanında oturub, danışıqlarda iştirak eləməmişəm.

 

İlham Əliyevdən soruşun

evez-emin6

 

– Hansı şərtlər müqabilində sənin ölkədən çıxışına razılıq verildi?

– O şərtlərin nə olduğunu bilmək üçün daha yaxşı olardı ki, imkanınız varsa, İlham Əliyevdən soruşun.

– Yoxdur imkanlarımız…

– Yəni, o şərtləri qəbul etmiş tərəflər var və mən sadəcə o şərtlərin nəticəsini gözləyən bir tərəf idim. Amma təbii ki, hansısa danışıqların bir nəticəsi oldu.

– Yəni, sənə qarşı da şərtlər irəli sürüldü ki, danışmayacaqsan, filan istiqamətdə fəaliyyətini dayandıracaqsan?

– Mənə heç bir şəxs tərəfindən heç bir şərt qoyulmayıb.

– Amma vətəndaşlığınızı əlinizdən aldılar…

– Bəli, vətəndaşlığım əlimdən alınıb. Azərbaycan hökuməti elə hesab etdi ki, mənim vətəndaşlığımı əlimdən almaqla, mənə hiss ediləcək dərəcədə bir zərbə vurublar.

– Belə çıxır ki, sən hal-hazırda vətənsizsən, sənin vətəndaşlığın yoxdur.

– Qanuni olaraq mən Azərbaycan Respublikasının vətəndaşıyam. Bunun necə olduğunu izah edim. Azərbaycan vətəndaşlığını mənə nə İlham Əliyev, nə Heydər Əliyev, nə də Əbülfəz Elçibəy verməyib.

 

Vətəndaşlıqdan çıxarılmağımı qanunsuz hesab edirəm

 

– Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətin varmı?

– Bir şeyi qeyd etmək istəyirəm ki, mən vətəndaşlıqdan çıxarılmağımı qanunsuz hesab edirəm.

– Vətəndaşlıqdan çıxmağınla bağlı sənə sənəd veriblər?

– Bəli, veriblər.

– O sənədi alandan sonra ölkədən çıxdın, yoxsa çıxandan sonra sənədi verdilər?

– Mən ölkəni tərk edəndən 1 ay sonra evimizə sənəd gəlib ki, mən iyunun 10-da – ölkəni tərk etməzdən 2 gün əvvəl vətəndaşlıqdan azad olunmuşam.

– Hansı əsaslarla vətəndaşlıqdan çıxarılmısan? Bu haqda sənəddə səbəb göstərilibmi?

– Əsas mənim müraciətim olub.

– …Sən vətəndaşlıqdan çıxmağınla bağlı müraciət etmisən?

– Bəli. Müraciət etmişəm, amma…

 

…Menyüdə seçim üçün çox şey yox idi

emin4

 

– Yəni, ölkədən çıxmağının əsas şərtlərindən biri də bu olub ki, Azərbaycan vətəndaşlığından imtina edəsən?

– Hə. Amma məsələyə belə yanaşaq. Mənim durumumda olan istənilən şəxs üçün menyüdə seçim üçün çox şey yox idi. Amma bir daha təkrar edirəm, bu, elə məsələdir ki, əgər hətta mənə heç kimsə təzyiq göstərmədən mən Azərbaycan vətəndaşlığından imtina etmək üçün İlham Əliyevin adına müraciət etsəm də, prezidentin heç bir səlahiyyəti yoxdur ki, məni vətəndaşlıqdan çıxarsın.

– Azərbaycan Respublikasının Konstitusiyası heç kim üçün bu səlahiyyəti vermir ki, Azərbaycan vətəndaşını vətəndaşlıqdan çıxarsın.

– Bəli, hətta İlham Əliyev də məni Azərbaycan vətəndaşlığından çıxara bilməz. Bir daha təkrar edirəm. Hətta mənə qarşı heç bir təzyiq olmadan …

– Öz xoşunla müraciəti yazsan belə…

– Bəli, öz xoşumla yazsam belə, İlham Əliyevin məni Azərbaycan vətəndaşlığından çıxarması üçün heç bir səlahiyyəti yoxdur.

 

Avropa İnsan Haqları Məhkəməsinə müraciət eləmişəm

 

– Ona görə də soruşuram ki, məhkəmədə bu məsələni mübahisələndirəcəksənmi?

– Mən zatən bu məsələni mübahisələndirdim. 18 dekabr 2015-ci ildə – miqrantların hüquqlarının pozulması ilə əsaslandırılan Beynəlxalq Miqrasiya günündə Avropa İnsan Haqları Məhkəməsinə müraciət eləmişəm. Ümidvaram ki, məhkəmə də Azərbaycan vətəndaşlığından çıxarılmağımı qanunsuz hesab edəcəkdir.

– Necə oldu? Birdən-birə gəlib sənə dedilər ki, “hazırlaş, gedirik?”, yoxsa necə?

– O, uzun bir məsələdir, Əvəz bəy.

– Yox, mən konkret olaraq bilmək istəyirəm ki, ölkədən çıxacağınla bağlı məlumatın var idimi, yoxsa birdən-birə gəlib dedilər ki, məsələ həll olundu, gedirik?

– Yenə deyirəm ki, o, çox uzun bir məsələdir, amma onu deyə bilərəm ki, bu, müəyyən danışıqların nəticəsidir.

– Narahat idinmi ki, birdən səfirlikdən çıxanda səni tutarlar? Danışıqları nəzərə almaya bilərlər.

– Mən cəmi bir dəfə, o da səfirliyə girəndə narahat idim.

 

1-2 dəqiqə də çəksəydi…

 

 

– Çıxanda artıq rahat idin?..

– Yox, mən səfirliyə gələndə gördüm ki, orada adamlar məni həbs etmək üçün gözləyirlər. 1-2 dəqiqə də çəksəydi, məni gözləyən 10 nəfərdən biri cəld tərpənsəydi, mən içəri daxil ola bilməyəcəkdim.

– Amma səni tanımayıblar?

– Məni tanımadılar.

– Onlar da artıq duyuq düşəndə, hər şeyi fərq edəndə səni İsveçrə səfirliyinin içərisinə saldılar…

– İçəridə olanda oradakı əməkdaşlardan, mühafizə xidmətinin əməkdaşlarından biri pasportu istədi. O zaman başa düşdüm ki, nə olursa-olsun, vaxtı udmalıyam. Dedim ki, pasportum viza şöbəsindədir, alıb, indi verərəm. Bunu deyəndə, onlar…

– Şübhələndilər?

– …yox, şübhələnmədilər. Onlar zatən artıq şübhələnmişdilər və qıraqda olanlar da yaxınlaşmışdılar. Səfirliyin qarşısında az qala məni əhatəyə də almışdılar. Amma başa düşmürdülər ki, bu kimdir. “Pasportu indi, 5 dəqiqəyə gətirəcəm”,- deyəndən sonra qapı açıldı və …

– Sən keçdin?

– Bəli, mən keçəndən sonra da dedim ki, 5 dəqiqəyə gəlirəm.

 

Çalışdım ki, yaxşı aktyorluq işi nümayiş elətdirim

evez-emin6

– O zaman, yəqin, çox həyəcanlı olmusan…

– Birinci məqamda başa düşdüm ki, əgər həyəcanlansam, başa düşüb tutacaqlar. Çalışdım ki, yaxşı aktyorluq işi nümayiş elətdirim və  içəri keçim.

– İçəri keçəndən sonra polislərə tərəf dönüb, demədin ki, “bay-bay”?..

– Elə demədim, amma dedim ki, “5 dəqiqə gözləyin, indi pasportu gətirəcəm”. Yəqin 5 dəqiqə məni gözləyəndən sonra görüblər ki, mən çıxmamışam, başa düşüblər, ən azı, biliblər ki, 10 nəfərdən 9-u çıxıbsa, deməli, biri içəridə qaldı.

– Səfirlik əvvəlcədən sənin gələcəyinlə bağlı məlumatlı idi, yoxsa ora gedəndən sonra məlumatlandılar?

– Yəni, səfirlik əvvəlcədən məlumatlı idi, yoxsa yox?

– Hə, səfirliyin sənin gələcəyinlə bağlı əvvəlcədən məlumatı var idi?

– Mən bunu bilmirəm.

 

Bütün Qərb ölkələrinin səfirliklərinin qarşısında qruplar məni gözləyiblər

evez-emin8

 

– Deməli, bilmirsən.

– Amma bir şeyi də sonradan bildim ki, bütün Qərb ölkələrinin səfirliklərinin qarşısında qruplar məni gözləyiblər.

– O zaman belə çıxır ki, sən əvvəlcədən bu məsələ ilə bağlı hansısa səfirliklərlə danışıq aparmısan. Ən azı fikirləşmisən ki, bu səfirliklərin hansına gedim.

– O məsələləri mən şərh eləməyəcəm.

– Doğrudan da danışılacaq şey çoxdur. Mən belə baxıram ki…

– Bəli, danışılacaq şeylər çoxdur. Amma nə vaxtsa, 10 il sonra bu haqda bir daha danışarıq.

– Bir onu dəqiqləşdirmək istəyirəm. Hava limanına İsveçrənin Xarici İşlər nazirinin maşınında gəldin, yoxsa necə?

– O, önəmli deyil. Onu deyə bilərəm ki, bir yerdə ölkəni tərk elədik. Xarici İşlər nazirinin təyyarəsi ilə, dövlət nümayəndələrinin də olduğu heyətlə ölkəni tərk elədim. Xırda detallar burada o qədər də önəmli deyil.

 

Ailəmi incitdilər

 

– Yox, əslində önəmlidir. Haradan getdin, necə getdin, maraqlıdır. Sən ölkəni tərk edəndən sonra evi, ailəni narahat etmədilər ki? Təzyiq, filan olmadı ki?

– Mən orada olanda ailəmi bir az incidirdilər. Valideyinlərimi, anamı prokurorluğa çağırıblar. Anamın ad günündə gəlib, ona verdiyim köhnə “ipod”-u belə aparıblar və bu günə kimi də qaytarmayıblar. Anam da hər dəfə məndən soruşur ki, mənim “ipod”-umu nə vaxt alıb, göndərirsən? Deyirəm, göndərəcəm. Hər şeyi apardılar. Təşkilatın əmlakını apardılar. Tutalım, bu, önəmsizdir. Amma qardaşımı da incitdilər.

– Mehmanı, deyəsən, indiyə qədər də ölkədən buraxmırlar.

– Bəli, buraxmırlar. O biri qardaşımda da müəyyən problemlər var. Qardaşlarım sənəd, pasport belə ala bilmirlər.

– Bizim səninlə söhbətimiz həddindən artıq çoxdur. Hələ biz səninlə buradakı işlərin, planlarınla bağlı heç nə danışmadıq. O haqda da danışmadıq ki, RATİ-nin gələcəyi necə olacaq? Azərbaycan mətbuatının durumu nə yerdədir? Burada hansı proseslər gedir? Çünki Avropada Azərbaycanla bağlı çox proseslər gedir, biz də burada olduğumuz 1-2 gün ərzində gördük ki, yığılıb qalan son dərəcə ciddi problemlər var. Sən də uzun müddətdir ki, bu işlərlə məşğul olmayıbsan. Bunların hamısı ayrılıqda geniş bir söhbətin mövzusudur. Sənin də vaxtın məhduddur. Biz də artıq yekunlaşdırmalıyıq.

– Daha 5-10 dəqiqə danışa bilərik…

 

Bütün işlərimiz darmadağın olunub

evez-emin2

 

– Burada nə kimi planların var? Nə olacaq, nə eləmək istəyirsən?

– Planlarım çoxdur. Azərbaycanda ifadə azadlığı, digər fundamental insan haqları ilə bağlı fəaliyyətimi imkan daxilində davam elətdirəcəm və davam elətdirirəm də… Lakin RATİ-nin həyata keçirdiyi bir neçə layihəni – indiyədək həyata keçirdiyimiz “Obyektiv TV” layihəsini həyata keçirmək mümkün deyil. Çünki artıq bunu həyata keçirmək üçün nə texniki, nə də insan potensialına malik deyilik. Bütün işlərimiz darmadağın olunub. İkincisi, ölkədə bir yerə toplaşıb, hansısa tədbiri keçirmək belə problemdirsə, digər layihələri də həyata keçirmək mümkün deyil. Amma baş verən nöqsanları fiksasiya eləmək, onları yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq insan haqları öhdəliklərini həyata keçirmək üçün ictimai vəkilliyi davam elətdirmək hələlik mümkündür. Başqa şeyləri isə eləmək mümkün deyil. Biz ancaq Azərbaycanın qoşulduğu beynəlxalq sazişləri nəzərə alaraq, Azərbaycan Konstitusiyasının insan haqları sayəsindəki dəyərlərini nəzərə alaraq, işimizi imkan daxilində davam elətdirə bilirik. Amma təbii ki, 2014-cü ilin yayına qədər elədiyimiz işlərin bu gün 70 faizini görə bilmirik.

 

– Çox sağ olun.  Təşəkkür edirəm, uğurlar.

 

– Siz də sağ olun.

 


04 may 2016-cı il

Heklsinki, “Finlandiya Hall”

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button