Now Reading:
Erdoğanın ABŞ-la “diplomatik müharibəsi” Zərrabı geri almaq üçündür?

Erdoğanın ABŞ-la “diplomatik müharibəsi” Zərrabı geri almaq üçündür?

“Financial Times” yazır ki, ötən həftə bir əməkdaşı İstanbulda həbs olunduqdan sonra ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə yeni vizaların verilməsini kəskin məhdudlaşdırıb.

Məqalədə deyilir ki, bu, iki müttəfiq arasında diplomatik böhranı daha da dərinləşdirməklə minlərlə türkün ABŞ-a səfər etməsinə blok qoyub.

FT yazır ki, baş verən çəkişmə ilə birbaşa əlaqədar Türkiyə lirəsi 6 faiz dəyərdən düşüb və bu ticarətin həcmlərinə və malların qiymətlərinə təsir göstərməyə başlayıb.

Bloomberg saytının məlumatına görə, bazar ertəsi Türkiyənin aktivləri üçün il ərzində ən pis gün olub.

Məqalədə deyilir ki, səfirlik əməkdaşının həbsi bu il ikinci belə saxlanmadır. Türkiyədə hazırda azı 10 ABŞ vətəndaşı Fethullah Gülenlə sübuta yetirilməmiş əlaqələrinə görə həbs altındadır.

FT yazır ki, Ankaranın Gülenin ekstradisiyasına nail olmaq cəhdləri hələ ki boşa çıxır.

Ankaradakı ABŞ səfriliyinin yaydığı bəyanatda deyilir ki, “baş verən son hadisələr Birləşmiş Ştatlar hökumətini Türkiyənin ABŞ misiyasının təhlükəsizliyi üçün cavavbdehlik dərəcəsini yenidən qiymətləndirməyə vadar edib”.

Səfirlik bildirib ki, missiyaya gələnlərin sayının azaldılması üçün ABŞ missiyası bütün qeyri-mühacirət vizalarının verilməsini dayandırıb.

Buna cavab olaraq Türkiyənin Vaşinqtondakı səfriliyi də ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırıb.

Bu o deməkdir ki, ABŞ səfirliyi bu ölkəyə yalnız mühacirət edənlər üçün viza verəcək.

İstanbuldakı ABŞ səfirliyi 2016-cı maliyyə ili ərzində türklərə 113 min 240 qeyri-mühacir vizası vermişdisə, bu il bu rəqəm cəmi 4214-yə enib.

“Financial Times”a görə, ABŞ səfirliyinin Türkiyə vətəndaşı olan ikinci əməkdaşının həbs edilməsi Amerika diplomatlarını belə bir qənaətə gətirib ki, Recep Tayyip Erdoğan bu məhbusları cənab Gülenin və Erdoğanın yaxın çevrəsinə daxil İran azərbaycanlısı olan biznesmenin ekstradisiyasına nail olmaq üçün həbs edib.

“Yeni sultan Erdoğan və müasir Türkiyənin böhranı” kitabının müəllifi Söner Cağaptay deyir ki, Erdoğanın Suriyada Rusiya ilə sövdələşmələri və prezidentin islamçı tərəfdarları arasında antiamerika sentimentinin yüksəlişi iki ölkə arasındakı münasibətlərin uzun müddət sınağa çəkiləcəyini göstərir.

Türkiyənin hökumətpərəst mediası dərhal bəyan edib ki, həbs edilən ABŞ səfirliyi nümayəndəsi cənab Gülenlə əlaqələrdə ittiham olunur.

Türkiyə prezidenti Güleni iyul çevriliş cəhdinin və ondan əvvəl, 2013-cü ildə Erdoğanın yaxın çevrəsinə qarşı korrupsiya ittihamları qaldırılmasının arxasında dayanmaqda ittiham edir.

FT yazır ki, bu arada ABŞ səfiri John Bass-in tezliklə vəzifəsini tərk edəcəyi barədə informasiya sızması Türkiyənin hökumət mediasını sevindirib. Erdoğan tərəfdarları səfirin iyul çevriliş cəhdi ilə əlaqəsi olduğuna inanırlar.

Məqalədə deyilir ki, Erdoğanın ABŞ vətəndaşlarını həbsxanalarda məhz dəyiş-düyüş üçün “girov” kimi saxlamasını onun özü də dolayısı ilə təsdiq edib.

O polis zabitləri ilə söhbətində işarə edib ki, bir ildən artıqdır Türkiyə məhbəsində saxlanan ABŞ presveterian pastoru Andrew Brunson Amerikada sığınacaq tapmış Fethullah Gülenlə dəyişdirilə bilər.

“Onlar deyirlər ki, pastoru bizə verin, – deyib Erdoğan, – Onda siz də əlinizdəki ruhanini bizə verin”.

Bu problem təkcə ABŞ vətəndaşlarına aid deyil. Almaniya dipliomatları şübhələnirlər ki, Türkiyə həbsxanada saxladığı almaniyalı jurnalist Deniz Yüceli Almaniyaya sığınmış qaçaq Türkiyə zabitlərinə dəyişmək istəyir. Erdoğan Almaniyaya sığınan zabitləri çevriliş cəhdində iştirakda ittiham edir. (BBC Azərbaycanca)

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.