Now Reading:
Erkin Qədirli: “Yarım il bundan əvvəl bizdə Amerika pulu axtarırdılar, indi də İran pulu axtarırlar”

Erkin Qədirli: “Yarım il bundan əvvəl bizdə Amerika pulu axtarırdılar, indi də İran pulu axtarırlar”

24saat.org REAL Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli ilə müsahibəni təqdim edir. Qeyd edək ki, baş prokuror Zakir Qaralovun göstərişi ilə prokurorluq REAL Hərəkatı ilə İranın əlaqələrini araşdırmağa başlayıb.

 
– Erkin bəy, baş prokuror Zakir Qaralovun göstərişi ilə REAL-ın İranla mümkün əlaqələri araşdırılacaq. Bu haqda nə deyə bilərsiniz?
– Sizdən öncə bu mövzuya dair həmkarınız mənə zəng eləmişdi. Ancaq mənim xüsusi bir cavabım yoxdur. Mən bu haqda nə deyə bilərəm? Yaxşısı budur ki, siz prokurorluqdan, Eynulla Fətullayevdən bu haqda soruşun. Bunların hamısı boş söhbətlərdir, özlərinin işidir. Mənim bununla bağlı xüsusi bir şərhim yoxdur.

 
– İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadənin REAL-ın ofisində olması və sizinlə 2 saat müzakirə edilməsi məsələsi əsas götürülür…
– Əzizim, mənimlə zarafat edirsiniz? Əlbəttə, belə bir görüşümüz olub. Sonradan biz bu haqda saytımızda məlumat yaymışıq. Nə gizli görüş? Bizim görüşdüyümüz şəxs diplomatdır, onun statusu var. Necə ki, ABŞ və digər səfirliklərlə görüşüb xəbərini yaymışıq, bu görülə də bağlı xəbər yaymışıq. Mən anlamıram, burada söhbət hansı gizli görüşdən gedə bilər? Bu adi görüşdür. Biz diplomatik nümayəndələrlə görüşlər keçirmişik, bu görüş də onlardan biridir. Özü görüş istəyib, gəlib görüşüb. Biz qapılarımızı bağlayası deyildik ki.

 
– İran diplomatları nadir hallarda ictimai təşkilatlar və siyasi partiyalarla görüş keçirirlər. Bu baxımdan sizinlə görüşmələri belə ab-hava yaradıb. Bunun fərqindəsiniz?
-Təşəbbüs qarşı tərəfdən gəlib, biz də buna normal yanaşmışıq. Burada nə var ki? Mən bunu anlamıram.

 
– Görüşün bu şəkildə təqdim edilməsi, prokurorluğun bu istiqamətdə araşdırmalara başlaması, sizcə, nədən xəbər verir?

– Mən buna söz tapa bilmirəm. Sadəcə olaraq sözüm yoxdur. Açığı, bu mənə zarafat kimi gəlir və boş-boş uşaq söhbətlərindən baş bir şey deyil. İndi bir şey bilmirəm. Əgər vaxtları varsa iş görsünlər. Biz bu işlərə qarışmırıq və boş-boş söhbətlərdə də yoxuq. Necə ki, bütün işlərimiz açıqdır, qanun qarşısında problemimiz yoxdur. Yarım il bundan əvvəl bizdə Amerika pulu axtarırdılar, amma bir şey tapa bilmədilər. İndi də İran pulu axtarırlar. Boş və mənasız işlərdir.

 
– Baş prokuror göstəriş verib ki, bu görüş, sizin təşkilatın İranla əlaqələri araşdırılsın. Sizcə, növbəti mərhələdə cinayət işi açıla, kimlərsə saxlanıla bilərmi?
– Nə desəniz ola bilər. Biz Azərbaycanda yaşayırıq.

 
– Bundan sonra sizin addımlarınız necə olacaq?
– Yaxşı olacaq. Bizim heç bir addımımız yoxdur, nə addımımız olacaq ki? Biz işimizi görürük.

 
– Ölkədəki ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?
– Hər şey yaxşıdır.

 
– Yaxşı deyəndə konkret nəyi nəzərdə tutursunuz?
– Elə bu proseslərin özünü. Bu göstərir ki, proses yaxşı gedir.

 
– Yəni proses siz istədiyiniz kimi yaxşı gedir?
-Yox, istəməklə bağlı deyil. Bu prosesdir. Yəni biz baş verənlərə proses kimi baxırıq. Görünür bunu da yaşamaq lazımdır. Bu işə girişmişiksə, gərək davam edəsən.

 
– Biz demokratiya prosesinin hansısa mərhələsindəyik?
– Bu saat gündəmə demokratiya deyil, məncə, daha önəmli məsələlər var. Məsələn, qanunun aliliyini təmin etmək, milli hökumət, sahibkarlara iqtisadi azadlıqlar vermək, iqtisadi azadlıqlar və s. Demokratiya sonranın işidir.

 
– Bəzi ekspertlər düşünürdü ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir çox neft ölkələrini, o cümlədən Azərbaycanı da məcbur edəcək ki, açılımlara, islahatlara getsin. Sizcə, bu nəhayətdə baş verəcək?
– Mən bilmirəm. Hesab edirəm ki, belə suallar hökumətə yönəlməlidir. Şəxsən mənim bununla bağlı fikrim yoxdur.

 
– Sanki qəzəblisiniz, danışmaq istəmirsiniz…
– Bəli, elədir.

 
– Niyə?
– Mənə soyuqdur, bayırda durmuşam. Əslinə baxanda heç bilmirdim ki, bu mövzuda danışacaqsınız. Mən müsahibələrimi dayandırmışam.

 
REAL olaraq fəaliyyətiniz davam edəcək?
– Təbii.

 
– Həbsdə olan sədriniz İlqar Məmmədovla kontaktlarınız necə qurulur?
– Heç bir kontaktımız yoxdur. Vəkillər onun yanına gedib gəlir. Eləcədə İlqar bəy evinə zəng edir, həyat yoldaşı ilə görüşür. Həmişə necə olubsa, indi də elədir.

 
– Yəni sizinlə birbaşa kontakt yoxdur?
– Yoxdur!

 
– İnsanların REAL Hərəkatına marağı, təşkilatınızın nüfuzu haqda nə deyə bilərsiniz?
– Məsələn, hüquq mühafizə orqanlarında çalışan insanların marağı böyükdür. Mən bunu hiss edirəm. Neçə illərdir ki, hüquq mühafizə orqanları ilə sıx danışıqlar gedir. Görüşürük. Sağ olsunlar, bizi dəvət edirlər, hörmətlə qarşılayırlar, dindirirlər. Belə sabit dialoq var.

 
– Sadə insanlar və tələbələrin marağı?
– Bunlar da sadə insanlardır, vətəndaşlarımızdır da. REAL-ın gələcəyi ilə maraqlansınlar, təmas qursunlar, müxalifətdə hansı ideyalar var və s. Biz məsələyə bu cür baxırıq. Gənclər, tələbələr isə təhsildədir. Bu saat qış sessiyasıdır, imtahan verirlər.

 
– Eynulla Fətullayev elan edir ki, REAL-ın elektoratı yoxdur, təşkilatınız sadəcə 3-4 nəfər bloggerin birliyidir…
– Açığı elektorat məsələləri ilə mən məşğul olmuram. REAL-da ümumiyyətlə elektoratla məşğul olan şöbə yoxdur. Ona görə də, bu haqda bir söz deyə bilmərik. Tutaq ki, Eynulla belə deyir. Sizcə, elədir?

 
– Məncə, yox…
-Onda bu sualı Eynullaya vermək lazımdır. Yazını o yazıb.

Input your search keywords and press Enter.