Now Reading:
Erməni tibb bacısından Azərbaycanda tükürpədici əməl – FOTO

“Valideyn övladı üçün hər şeyə qadirdir” deyimi bəlkə də Mingəçevirdən olan Hüseynovlar ailəsinə görə deyilib. Sözügedən ailə düz 30 ildir ki, yataq xəstəsi olan övladlarının yanından bir an ayrılmır, gecə-gündüz qulluğunda dayanır.

Hüseynovlar ailəsinin böyük övladı Zakir anadan sağlam doğulsa da, yaş yarımlığında sağalmaz dərdə düşüb. Artıq 30 ildir ki, o, yalnız sol böyrəyinin üstdə, uzanıqlı vəziyyətdə yaşayır. Valideynləri övladlarının bədbəxtliyinə erməni tibb bacısının səbəb olduğunu deyirlər.

Zənifə Hüseynova övladının 1986-cı il təvəllüdlü olduğunu, bu vəziyyətə isə ondan il yarım sonra düşdüyünü danışır: “Sahə həkimimiz xəbər göndərdi ki, “təcrübə aparan həkimlər gəlib, azyaşlı uşaqları xəstəxanaya çağırırlar, siz də uşağınızı gətirməlisiz”. Mən də apardım”.

“Əlimdən alıb içəri apardılar və bir neçə saatdan sonra gəlib dedilər ki, “oğlunuz ayılmır”. 3 gün xəstəxanada gözlədik, 3 gündən sonra uşaq ayıldı. Sonra inkişaf dayandı, büzüşüb bir yumaq kimi oldu, hara aparsaq da, əmələ gəlmədi”, — deyən ana göz yaşlarına hakim ola bilmir.

Söhbəti davam etdirən ailə başçısı Əlisa Hüseynov onların bütün bədbəxtliklərinə “Anahid” adlı erməni tibb bacısının səbəb olduğunu, sonradan bunu özünün də etiraf etdiyini bildirir: “Onun müharibə qızışdıqdan sonra Mingəçevirdən gedərkən “Mən 80-dən çox uşağı öldürüb, şikəst eləməklə azərbaycanlılardan qisasımı alıb gedirəm” deməsi bu gün də mingəçevirlilərin xatirindədir”.

Əlisa Hüseynov ailənin yükünü yüngülləşdirmək üçün əlil çarpayısına çox ehtiyacları olduğunu, 20 il əvvəl min bir zülmlə aldığı çarpayının çox köhnəldiyini, təmirinin mümkünsüz olduğunu bildirir. Zənifə xanım isə hava xoş olduqda Zakirin evdə durmaq istəmədiyini, əli ilə daim həyəti göstərdiyini deyir.

Anası deyir ki, övladını bu halda görmək onlara böyük dərddir: “O qədər qapalı saxlamışdıq, nitqi də itmişdi. Son illər küçəyə çıxarandan sonra artıq danışa bilir. Küçədə duranda tanıyanlar nəsə alıb gətirir ki, bunu verin, yesin, ya içsin. Yastığına pul qoyan da olur”.

“Lakin elə adamlar var ki, bunu pis başa düşürlər. Hətta bir nəfər mənə yaxınlaşdı ki, “utanmırsız, xəstə uşağı çıxarıb diləndirirsiz”. Səsimi çıxara bilmədim, için-için ağladım, özümə təsəlli verdim ki, axı, o nə bilir mən nə çəkirəm. Amma ətrafdakılar az qaldılar onu öldürsünlər, mən əllərindən aldım”, — Z.Hüseynova danışır.

Uzun illər xəstə övlada qulluq etmək ailə üzvlərini də xəstə salıb. Zakiri qaldırıb-endirməkdən Zənifə ananın biləyində problem yaranıb, bu üzdən tez-tez həkimə getməli olur. 4 il əvvəl isə oğlunu qucağında apararkən yıxılıb və ayağı sınıb. Bu da iki ay yataqda qalmasına səbəb olub.

Buna görə də Əlisa kişi onlara baxmaq üçün 35 il çalışdığı işıq idarəsindən ayrılmalı olub. Ailə başçısının işdən çıxmasından sonra isə ailənin maddi durumu daha da çətinləşib. Əlillik üçün verilən 140 manatla evin kommunal xərclərini güclə çatdırırlar.

Bütün çətinliklərə baxmayaraq, “ömrümüzün axırına kimi övladımza qulluq edəcəyik”, — deyir yaşlı cütlük. (Sputnik Azərbaycan)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.