Manşet

Ermənilərin “İsgəndər”i Paşinyana qarşı

İkinci Qarabağ Müharibəsi zamanı partlamamış keyfiyyətsiz “İsgəndər” raketləri barədə Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatı ona kürsüsü hesabına başa gələ bilər.

Qeyd edək ki, Ermənistanda və Rusiyada yüksək rütbəli hərbçilər bununla bağlı tamamilə əks bəyanatlar verirlər. Erməni generallar da bir-birinə zidd çıxışlar edirlər, onların bəzisi deyir ki, raket atırdılar, bəzisi deyir ki, atmırdılar.

Belə ki, Paşinyanın sözlərindən sonra Baş Qərargahın keçmiş rəisi Movses Akopyan özünün əvvəlki bəyanatını təkrarlayıb ki, “İsgəndər”lər üç dəfə, ancaq müharibənin sonunda və Şuşada atıblar.

Üstəlik, o bunu “İsgəndər”lərin müharibə zamanı tətbiq olunmaması və yerləşmə yerində olması barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Konoşenkovun təkzibindən sonra bildirib.

Bu gün bu mövzuya Azərbaycanın dövlət başçısı da toxunub və məhz “İsgəndər”in tətbiq olunmadığını bildirib.

İndiki halda, bu raketlərdən istifadə edildiyini erməni generallar bildirir, onların keyfiyyətindən, ya da raketlərdən gec istifadə olunmasından narazılıq edirlər.

Görünür, Rusiya tərəfini qəzəbləndirən odur ki, Moskvanın  çoxdan dünyanı qorxutduğu raket sisteminin keyfiyyətinin pis olması məsələsi müzakirə predmetinə çevrilib. Belə təəssürat yaranır ki, ermənilərə məhz bunu bağışlaya bilmirlər.

Öz növbəsində, Moskvadakı bəzi mənbələr işarə ediblər ki, Moskva bu raketlərə nəzarəti özündə saxlayıb və elə edə bilərdi ki, onlar partlamasınlar və yaxud lazım olan yerdə partlatmasınlar. Prezident İlham Əliyevin “ermənilər Azərbaycan şəhərlərini raket atəşinə tutmağa son qoymasalar, Azərbaycan Yerevana və Ermənistanın digər şəhərlərinə raket zərbələri endirməyə hazır idi” bəyanatı bu versiyanı dolayısı ilə təsdiqləyir.

İstənilən halda Paşinyana bu məsələ ilə bağlı “dezinformasiya” verildiyinə inanmaq çətindir. O, sadəcə, bəyanat verməyib, Serj Sarkisyanı ittiham edib, belə ki,  “İsgəndər”lər onun hakimiyyəti dövründə alınıb. Movses Akopyan da bildirib ki, rusiyalı mütəxəssislər vaxtaşırı raketlərin vəziyyətini yoxlayırlar, problem vardısa, onları dəyişməliydilər. 

Burada Ermənistanın digər eks-prezidenti Robert Köçəryanın Qarabağdakı S-300 sistemlərinin işlək olmadığını etiraf etməsini xatırlamaq da yerinə düşər. “Bəzi hissələri dəyişmək lazım idi, lakin iki il ərzində Qarabağ rəhbərliyi ruslarla bu barədə razılığa gəlməmişdi”.

Belə təəssürat yaranır ki, Moskva Ermənistana real silahlar yox, butafor texnika göndərib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button