Cəmiyyət

Ermənistan və Rusiya vətəndaşlarına Bakıda 15 il həbs verilib

Rusiya və Ermənistan vətəndaşları Gevorg Sucyanla David Davtyan Bakıda məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum ediliblər.

Erməni əsilli Rusiya vətəndaşı, bloger, “Yeni Ermənistan Vətən” diaspor təşkilatının rəhbəri Gevorg Sucyan və Ermənistandan olan David Davtyan Bakıda məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum ediliblər.

İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə görə, onlar casusluq, qanunsuz silahlı birləşmələrə qatılma, qanunsuz silah saxlama, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə kimi əməllərdə suçlu sayılıblar.

İddia olunur ki, təqsirləndirilən şəxslər Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib, onların tapşırığıyla hərbi məlumatlar toplayıb ötürməkdən ötrü Qarabağ bölgəsindəki Azərbaycan ərazilərinə qanunsuz gəliblər.

Hökmdə o da yazılıb ki, onlar cəzanın ilk 5 ilini həbsxana rejimində (Qobustanda-red.), qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaları başa çatandan sonra isə Azərbaycandan deportasiya olunmalıdırlar.

Davtyan və Sucyan məhkəməyə ifadələrində bu ittihamı qəbul etməyiblər

Onlar nə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiklərini, nə də casusluq məqsədilə Qarabağa gəldiklərini bildiriblər. Deyiblər ki, ötən il 44 günlük müharibə başlayandan sonra hərbçilərə və cəbhə bölgəsindəki mülki şəxslərə humanitar yardımların çatdırılmasıyla məşğul olublar.

Təqsirləndirilən blogerin sözlərinə görə, Xankəndidə yaşayanlara humanitar yardım aparanda Laçın dəhlizində saxlanılıblar.

Prokuror təqsirləndirilən şəxslərə 16 il həbs cəzası verilməsini istəmişdi.

Xatırlatma

Bloger G.Sucyan 2020-ci ildə Azərbaycanla Ermənistan arasında müharibə davam edən ərəfədə – noyabrın ilk günlərində Kəlbəcərdən – İstisudan dostu ilə birlikdə video çəkib, özünün Facebook səhifəsindən paylaşmışdı. Həmin videoda o, azərbaycanlıların ünvanına kəskin ifadələr səsləndirmişdi.

“Scjyan müharibə vaxtı Qarabağdakı yerli əhaliyə humanitar yardım edirdi. Müharibədən sonra vəziyyətlə yerində tanış olmaq üçün ora gedib və Laçın-Şuşa yolunda əsir götürülüb”, – Ermənistanın Ombudsman Aparatından onun saxlanması belə şərh olunub.

Ermənistan tərəfi Azərbaycanda mühakimə olunan vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsmanı Arman Tatoyan deyib ki, hərbi əsirlərin hər hansı şəkildə mühakiməsi beynəlxalq hüququn kobud pozuntusudur.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Azərbaycan 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir deyil, terrorçu-diversant sayır. Amma onların bir qismi sonradan mina xəritələri qarşılığında azad olunaraq ölkələrinə göndərilib.

24 saat” “Ermənistan və Rusiya vətəndaşlarına Bakıda 15 il həbs verilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button