Loading...
Loading...
SEÇMƏ

Ermənistan yol ayrıcında

Ermənistandakı ictimai vəziyyət göstərir ki, bu ölkənin seçiciləri həm iqtidarda, həm də müxalifətdə olan qüvvələrdən bir qədər məyusdurlar. Düzdür, qüvvələr arasında birinin üstünlüyü hələ də əhəmiyyətli olaraq qalır. Və seçicilər hər şeyə rəğmən, hakim qüvvənin tərəfindədirlər.

Əgər Ermənistan parlamentinə seçkilər bu gün keçirilsəydi, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 16,1%, müxalif “Ermənistan” bloku isə 5,1% səs toplayardı. Bunu “Gallup International”ın iyul-avqust aylarında keçirdiyi sorğunun nəticələri də sübut edir.

Verelq.am-ın xəbərinə görə, potensial seçicilərin hər iki siyasi qüvvəyə rəğbəti azalıb. Belə ki, iyunun əvvəlində dərc olunmuş sorğulara əsasən, o zaman respondentlərin 20,4%-i “Vətəndaş Müqaviləsi”nə səs verməyə hazır idisə, indi bu rəqəm 16,1%-ə düşüb.

İyunda keçirilən sorğuların nəticələrinə görə, respondentlərin 8,3%-i “Ermənistan” blokuna səs verməyə hazır olub. İndi bu rəqəm, yuxarıda qeyd edildiyi kimi, cəmi 5,1% təşkil edir.

Sorğunun nəticəsinə görə, respondentlərin 32,8 faizi seçkilərdə səsvermədə iştirak etməyəcəyini bildirib. 12,1% cavab verməkdən imtina edib, 15,6% cavab verməkdə çətinlik çəkib.

Əgər seçki bu həftəsonu keçirilsəydi, sorğulara görə, parlamentə yalnız yuxarıdakı iki qüvvənin düşmək şansı olardı, qalan partiyalar baryeri keçə bilməzdi.

Sorğunun nəticələrinə görə, üçüncü yeri 2,7% səslə “Şərəfim var” bloku tutacaqdı. Respondentlərin 2,3%-i Çiçəklənən Ermənistan Partiyasına səs verəcəklərini bildirib.

Və daha bir vacib məqam – “Gallup International”ın keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 42,5%-i müxalifətin bu ilin sentyabrında parlamentə qayıtmasının bu və ya digər dərəcədə əleyhinədir.

Müxalifətin parlamentə qayıtması ilə bağlı suala respondentlərin 31,4%-i “qətiyyən yox”, 11,1%-i “böyük ehtimalla yox” cavabını verib. Respondentlərin 26,1%-i müxalifətin qanunverici orqana qayıtmasının lehinə çıxış edib. Onlardan 11,4%-i birmənalı olaraq müxalifətin parlamentə qayıtmasının lehinə çıxış, 14,7%-i isə “böyük ehtimalla hə” cavabını verib. 31,2%-i cavab verməkdə çətinlik çəkib.

Ermənistana, qonşuları Türkiyə və Azərbaycanla münasibətləri qaçılmaz olaraq normallaşdırmaq şərti qoyulduğu bir zamanda xalqın əhval-ruhiyyəsi belədir. Və mümkündür ki, Ermənistanda belə bir seçimin zəruriliyini hamıdan yaxşı anlayan Paşinyanın hakim partiyasıdır. Sorğu göstərir ki, müəyyən laqeydlik olsa belə, siyasi fəal ermənilərin əksəriyyəti hələ də dövlətin başında məhz bu qüvvənin durmasına üstünlük verir. Bu nəyi nümayiş etdirir? Bu, nə baş verməsindən asılı olmayaraq, regionumuzun sabitliyə və ümumi sülhə doğru irəlilədiyinə ümid etməyə əsas verirmi? Yəni, indiki gərginliyin arxasında son 30 ildə şahidi olduğumuzdan daha yaxşı şeylər göründüyünü göstərir?

Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb:

– Vəziyyət onu göstərir ki, Ermənistan cəmiyyəti bütövlükdə əvvəlki hakimiyyətin Qarabağ məsələsinə fokuslanmış ənənəvi siyasətindən və hansısa “Böyük Ermənistan”ın – nüfuzlu regional dövlətin yaradılması ideyasından məyus olub. Keçmiş hakimiyyət öz maraqlarını təbliğ etmək üçün Qarabağ kartından istifadə edirdi. Amma Azərbaycan tərəfi Qarabağ kartını onların əlindən aldı və nə əvvəlki, nə də indiki hakimiyyət artıq bundan istifadə edə bilmir. Onlar başqa heç bir ciddi arqument irəli sürə bilmədilər. Siyasi elita erməni cəmiyyətinə yeni yol təklif edə bilmədi, yeni ideyalar irəli sürə bilmədi. Köhnə ideyalar iflasa uğradı, amma cəmiyyətdə hələ də ilkin düşüncənin əsasları, keçmişin əks-sədası yaşayır. Başqa sözlə, cəmiyyət yol ayrıcındadır. Siyasi elita – iqtidar və müxalifət layiqli yol təklif edə bilmir. Çünki onların bir vaxtlar ictimai şüurda qurduqları tələlər, AzərbaycanTürkiyə haqqında hər cür fobiyalar, hansısa “erməni torpaqlarının qaytarılması” ilə bağlı müxtəlif cəfəngiyyatlar hələ də şüurlardadır. Bəzi gözləntilər, illüziyalar hələ də var. Və bütün bunlar Ermənistanın siyasi elitasına yeni gündəm formalaşdırmağa imkan vermir.

Gözdən qaçırmayın:  Reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia olunur (yenil ənib)

Beləliklə, köhnə gündəm işləmir, cəmiyyət laqeydliyə qapılıb. Təbii ki, bütün bunlar Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinin nəticəsidir.

Ermənistanın artıq onu inkişafa doğru aparan yola qədəm qoyduğunu söyləmək çətindir. Bu, Ermənistanın köhnəlmiş, dəbdən düşmüş ideologiyaları ilə əvvəlki formada dirçəlişi yox, yeni dövlətin yaradılması olmalıdır. Amma yeni dövlət modelini heç kim təklif edə bilmir. Siyasi elita zəif, səmərəsiz və səriştəsiz oldu. Çünki real vəziyyəti dəyərləndirərək müharibədən sonrakı yeni mərhələnin vəzifələrini dəqiq müəyyənləşdirə bilmədi. Bu da başadüşüləndir, çünki orada bütün bu insanlar hələ də cəfəng ideyalarla yaşayırlar. Onların başında “Böyük Ermənistan”, erməni millətinin mövcud olmayan “böyüklüyü” haqqında düşüncələr var. Bu fantaziyalar onların şüuruna təsir etməkdə davam edir. Bu cür düşüncə ilə isə yeni heç nə təklif oluna bilməz.

Yeni yolu isə ancaq hələ üfüqdə belə görünməyən üçüncü qüvvə təklif edə bilər. Bu qüvvə bütün bu köhnəlmiş fikirlərdən imtina edərək, yeni şəraitdə və reallıqlarda yeni Ermənistan qurmaq niyyətini nümayiş etdirməlidir. Hələlik isə nə qədər ki belə bir qüvvə yoxdur, erməni cəmiyyətində çaşqınlıq və çalxalanma davam edəcək. Və çox təəssüf ki, erməni xalqı böyük ehtimalla obyektiv olaraq baş verəcək güc tətbiqinin təsiri altında səhvlərdən dərs çıxaracaq. Çünki burada öz maraqlarını reallaşdırmağa çalışan kənar qüvvələr də var. Söhbət heç də Azərbaycan və Türkiyədən də getmir. Kənar maraqlar arasında daha nüfuzlu oyunçular var – Avropa İttifaqı, ABŞ, Rusiya. Onlar da bütövlükdə Ermənistandakı siyasi proseslərin vektorunu müəyyən edə və hələ də nə vaxt gələcəyi məlum olmayan bu yeni üçüncü qüvvənin formalaşmasına təsir göstərə bilər

Rauf Orucov

24 saat” “Ermənistan yol ayrıcında” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button