Now Reading:
“Ermənistana ultimatum verilməlidir” – ekspertdən çağırış

Həmsədrlərin regiona səfərindən sonra Qarabağ separatçılarının aktivləşməsinin pərdəarxası; diplomatlar separatçılarla görüşməklə rəsmi Bakıya təzyiq mesajı verib? Politoloq: “Görün necə bir situasiya yaranıb ki…”

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri geridə qalsa da, diplomatların səfəri ətrafında müzakirələr bitmir. Maraqlıdır ki, həmsədrlər səfərdən öncə, səfərin gedişində və yekunda Qarabağla bağlı açıqlamaları ilə diqqət çəkməyə, danışıqlarda dinamikanın olduğunu sübuta yetirməyə çalışsalar da, nəticə etibarilə bunun şahidi olmadıq.

Minsk Qrupu həmsədrlərinin tərəfləri gərginlikdən uzaq qaçmağa çağırdığı 12 fevralda Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərindəki silahlı birləşmələrinin hərbi təlimlərə başlaması əslində bu missiyaya “cavab” idi. Bu dəfə erməni tərəf hərbi təlimləri Ermənistan ordusunun deyil, “Dağlıq Qarabağ ordusu”nun keçirdiyini iddia etdi. Məlumatda deyilirdi ki, hərbi bölmələrin birinə separatçıların “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan da baş çəkib. Məsələnin digər tərəfi hiddət doğurur. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçıların “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyanla da ayrıca görüşmüşdülər. Sanki erməni cani həmsədrlərdən hərbi təlimləri keçirmək üçün “xeyir-dua” alıb. Hər halda, Minsk Qrupu həmsədrlərinin, yaxud onların təmsil olunduğu paytaxtların bu təlimlərə reaksiya verməməsi suallar doğurur. Faktiki olaraq, Ermənistan işğala son qoymaq niyyətində olmadığını nümayiş etdirdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı, İrəvan və Xankəndində görüşlər keçirməklə yanaşı, erməni ordusunun yerləşdiyi Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarda müşahidələr apararaq geri dönmüşdülər.

Təəccüb doğuran budur ki, Ermənistanda Qarabağ savaşının növbəti mərhələsinin başlaya biləcəyindən irəli gələn ciddi narahatlıq və panik əhval-ruhiyyə hökm sürür. Erməni mətbuatı ilk dəfədir ki, kütləvi şəkildə 25 ildir ki, davam edən status-kvonun Ermənistanı fəlakətə sürüklədiyindən yazmağa başlayıb (İstiPress). Fevralın 8-də İranla Azərbaycan arasında Astara-Astara dəmir yolunun açılması işğalçı ölkədə bədbin əhval-ruhiyyəni bir az da dərinləşdirib. Erməni mətbuatı detallı şəkildə qeyd edir ki, rəsmi səviyyədə martdan fəaliyyətə başlayacaq dəmir yoluna 2020-ci ildə 164 kilometrlik Rəşt-Astara hissəsi də əlavə olunacaq və bununla Rusiya yüklərinin İran körfəzinə daşınmasını nəzərdə tutan “Şimal-Cənub” dəmir yolu dəhlizi tam gücü ilə fəaliyyətə başlayacaq. Bu məqsədlə Azərbaycanın İrana 500 milyon dollar kredit verməsi də erməni mətbuatında xüsusilə qeyd edilir.

Sarqis Arsruni ile ilgili görsel sonucu
Mövzu ilə bağlı 1in.am portalında “Ermənistanın təcridi kabusu” başlıqlı məqalə yazmış erməni şərhçi Sarqis Arsruni qeyd edib: “Status-kvonun dəstəklənməsi üstündə qurulmuş siyasət gerçəklikdə rasional deyil, çünki status-kvo təkcə ön cəbhədə və ya hərbi sahədə formalaşdırılan balansla məhdudlaşmır, həm də Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin, demoqrafiya statistikasının müqayisəsidir. Qarabağ münaqişəsi, sərhədlərin bağlı olması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğur – onu inkişaf resurslarından məhrum edir. Bu baxımdan Azərbaycan əslində bütün regional layihələrdə əsas aktyora çevrilir ki, bu da məcburən hər iki ölkənin qeyri-bərabər inkişafına səbəb olur, bu da Ermənistanın ziyanınadır. Milyardlarla dollar qazanan Azərbaycan boşalmaqda olan Ermənistan üçün təhlükəyə çevrilir”.

Lakin görünür, Ermənistanda reallığı doğru-dürüst qiymətləndirib fəlakətlərdən xilası çıxış yolu sayanlarla yanaşı, təcavüzkar siyasətin davamını daha üstün sayanların mübarizəsi gedir. Hər halda müşahidələr belə deyir. Xatırladaq ki, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan güzəştlərə gedib Azərbaycanla barışmağa çağırış etmişdi. Lakin sonradan Serj Sərkisyanın xunta hakimiyyəti onu küncə sıxışdırdı. İndiki situasiyada nə baş verəcəyi Ermənistanda da ciddi müzakirə mövzusudur. Ermənilər anlayır ki, həmsədrlərin təklifi ilə ATƏT müşahidəçilərinin sayının artırılması belə onları xilas etməyəcək.

Politoloq Arzu Nağıyev xatırlatdı ki, Krakov görüşündən sonra bu, həmsədrlərin tam heyətdə Bakıya ilk səfəri olub: “Təbii ki, məhz sülh naminə belə görüşlərin keçirilməsində Bakı da maraqlıdır. Amma bu görüşlər görüş naminə deyil, məhz mərhələli danışıqların və müəyyən nəticələrin əldə edilməsi üçün keçirilməlidir. Ermənistan isə tam şəkildə bunun əleyhinədir. Bütün bu məsələləri Azərbaycan prezidenti İlham Əliyevlə və digər şəxslərə görüşdə də həmsədrlərə çatdırıblar. Yəni bütün danışıqlar beynəlxalq norma və prinsiplər çərçivəsində aparılmalıdır. Əks halda, bu proseslərin heç bir xeyri olmayacaq. Məlumdur ki, hər iki dövlətdə prezident seçkiləri keçiriləcək və birmənalı şəkildə danışıqlar bundan sonra daha səmərəli aparılmalıdır. Əks halda, bunun sonu hərbi əməliyyatlarla da nəticələnə bilər. Yəni bu görüşlər formal xarakter daşımamalıdır, belə olsa, həm ATƏT-in, həm də digər beynəlxalq təşkilatların imicinə zərbə dəyəcək və xələl gətiriləcək. Təbii ki, təmsilçi dövlətlər də öz imicini qorumalıdırlar. Erməni rəsmilərin verdiyi bəyanatlar heç də münaqişənin həllini yaxınlaşdırmır, əksinə uzadır, status – kvonun olduğu kimi saxlanılmasına xidmət edir. Bu isə Ermənistanın BMT-yə və onun qətnamələrinə sayğısız yanaşması deməkdir. Erməni tərəfi nəyin bahasına olursa-olsun qondarma rejimi üçüncü tərəf kimi danışıqlara cəlb etmək üçün addımlar atır, bu isə yolverilməzdir və məlumdur ki, belə bir şey olmayacaq. Erməniləri narahat edən əsas məsələlərdən biri də danışıq limitinin sonunun çatması qorxusudur, belə ki, Azərbaycan öz ərazilərində istənilən vaxt antiterror əməliyyatları keçirmək hüququnu saxlayır. Bu isə regional problemə çevrilə bilər. Buna görə də siyasi gedişlər edərək Rusiya və digər tərəfdaşlarına çağırışlar edirlər. Təbii ki, bunu Rusiya da, digər dövlətlər də başa düşür”.

A.Nağıyev həmsədrlərin Xankəndində separatçılarla, o cümlədən separatçı ordunun başçısı ilə görüşməsini də məqsədli sayır: “Burada əsas məsələ ondan ibarətdir ki, separatçılar özlərinin ”müstəqil” olduqlarını göstərməyə çalışırlar. Yəni guya həmsədrlər onlarla bir “tərəf” kimi görüş keçirirlərsə, deməli, öz müstəqil siyasətləri var. Digər tərəfdən, həmsədrlərin dərhal buna reaksiya verməməsi təəssüf doğurur. Görün necə bir situasiya yaranıb ki, əməliyyat şəraiti ilə bağlı qondarma qurumun “müdafiə naziri” həmsədrlərə məlumat verir. Bu, ancaq ikili standartlar və bu kimi yanaşmalardan əmələ gəlir.

«Həmsədrlər görüşlərdən sonra qoşunların təmas xəttində ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırdılar. Həmsədrlər həmçinin tərəfləri təhrikedici bəyanatlardan və təxribatçı addımlardan çəkinməyə çağırırlar. Həmsədrlər güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsipləri daxil olmaqla, Helsinki Yekun Aktına əsasən münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə dəstək göstərməkdə qətiyyətli olduqlarını bir daha bəyan ediblər. Həmsədrlər tərəflərin hazırkı seçki dövrünü nəzərə almaqla intensiv danışıqları davam etdirmək niyyətini alqışlayırlar”, – deyə bəyanatda bildirilirdi. Lakin bəyanatda əksini tapan müddəalarla diplomatların davranışları tər-mütənasib oldu”.

Ermənişünas alim Qafar Çaxmaqlı da “Yeni Müsavat”a bildirdi ki, həmsədrlərin budəfəki görüşləri Azərbaycanın öz ərazisini terrorçu və separatçı qruplardan təmizləmək haqqını əlindən almağa hesablanıb: “Belə çıxır ki, əgər Ermənistan işğalı davam etdirirsə, ona ”qaşın üstündə gözün var” deyən olmayacaq, ermənilər daha arxayın şəkildə burada kef eləyəcəklər. Bu, sülh prosesinə nə dərəcədə təsir edəcək? Bu, erməniləri danışıqlar masasında daha da gücləndirməyəcəkmi? Onlardan bir soruşmaq lazımdır, gücü kim tətbiq edib, işğala məruz qalan ölkə, yoxsa işğal edən ölkə? Nə üçün onlar Azərbaycanın işğal bölgələrində Ermənistanın qanunsuz şəkildə məskunlaşdırdığı əhali ilə bağlı narahatçılıqlarını ifadə etməyiblər? Onların imzaladıqları yekun bəyanatın Azərbaycanın xeyrinə olmadığı aşkar görünür, öz torpaqlarını azad etmək haqqını əlindən alır”.

Ermənişünas alimin fikrincə, separatçıların hərbi təlimlərə başlamasını onunla əlaqələndirmək olar ki, ATƏT həmsədrlərinin verdikləri bəyanatın Azərbaycan tərəfindən qəbul olunmayacağı və bunun cəbhədə vəziyyətin daha da gərginləşəcəyini anlayıblar: “Dəfələrlə qeyd etmişik ki, həmsədrlər sanki ermənilərin sözcüləridir və bağlı qapılar ardında onlara nə edəcəklərini tövsiyə etmələrini də istisna etmirəm. Əgər onların məqsədi tərəfləri sülh danışıqlarını davam etdirməyə razı salmaq idisə, bu təlimlərin dərhal başlaması ermənilərin barış ”anlayışını” da onlardan aldıqları göz qabağındadır. Əlbəttə, Azərbaycan tərəfi sülh yolu ilə, ərazi bütövlüyümüz çərçivəsində məsələnin həllinə çalışacaq. Amma bu təlimlərin arxasında nəyin gizləndiyini də hesablamalı və tədbirlər görməliyik”.

Q.Çaxmaqlı hesab edir ki, hər halda, separatçı “müdafiə naziri” ilə görüşün özü şübhəli sayıla bilər: “Görünür, olacaq hərbi əməliyyatlar barədə bilgi alış-verişi olub. Mən son illərdə hansısa rəsminin separatçıların hərbiçi rəhbərləri ilə görüşlərini xatırlamıram. Demək, onları antiterror əməliyyatı ilə bağlı qərarlı olmağımız qorxuya salıb. Üstəlik, prezidentin İrəvan və Zəngəzurla bağlı son bəyanatı onların bu münaqişənin Dağlıq Qarabağın kənarına çıxacağı fikrinin əsassız olmadığı qənaəti doğurub. Məncə, Azərbaycan torpaqların boşaldılması şərtini daha kəskin qoymalıdır. Hətta mən deyərdim, yaxın günlərdə Ermənistana ultimatum verməlidir. BMT-nin qətnamələrini yerinə yetirmədiyi təqdirdə, Qarabağın işğalı məsələsinin yenidən Təhlükəsizlik Şurasına çıxarması istiqamətində hərəkətə keçmək lazımdır. Məsələnin həlli istiqamətində güc göstərilməsə, Ermənistan və Minsk Qrupunun şəxsində onun havadarları Azərbaycanın əl-qolunu bağlayan başqa vasitələrə də əl ata bilərlər”.

Ekspertlərimizin dediklərindən belə aydın olur ki, Minsk Qrupu həmsədrləri əslində Bakıya təzyiq elementi kimi separatçılarla görüş keçiriblər, üstəlik, onların “təlim” oyununa seyrçi qalıblar. Əks təqdirdə, danışıqların bərpası istiqamətində cəhdlərə zərbə vuran bu hərəkət qınanardı. Anlaşılan odur ki, Bakının birtərəfli güzəştə getməyərək, təmas xəttində ATƏT müşahidəçilərinin daha 7 nəfər artırılmasına razılıq verməməsi həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edən bu sayaq addımları atmağa sövq edib. Hələlik rəsmi Bakının məsələyə münasibəti bəlli deyil, hər halda, Azərbaycan onsuz da ermənipərəst mövqeyi ilə daim seçilən həmsədrlərin bu davranışlarını cavabsız qoymayacaq. Gözləyək…
(musavat.com)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.