Gündəm

Ermənistanda iki nəfər Azərbaycan üçün casusluqda suçlanır

Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti iki nəfərin Azərbaycan üçün casusluq ittihamıyla həbs olunduğunu bildirir.

Xidmətin iyunun 7-də bildirməsinə görə, biri keçmiş zabit olmaqla həmin iki nəfəri Azərbaycanın gizli xidmətləri Türkiyədə əməkdaşlığa cəlb edib. Onların Azərbaycan tərəfə Ermənistanda və Dağlıq Qarabağda hərbi heyətlə bağlı gizli informasiya ötürdüyü bildirilir.

Bəyanatda şübhəlilərdən birinin ötən ilki müharibə vaxtı Azərbaycan tərəfə erməni əsgərlər və hərbi avadanlığına dair informasiya ötürdüyü qeyd olunur.

Ötən il Azərbaycan 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Müharibədə üst-üstə azı 6 min 900 nəfər həlak olub.

Müharibə Rusiyanın vasitəçiliyi ilə 10 noyabr atəşkəs bəyanatı ilə başa çatıb. Laçın dəhlizinə və Qarabağda qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Son bir ayda tərəflər arasında sərhəd boyunca insidentlər artıb. Ermənistan Azərbaycanı sərhədi pozaraq ərazisinə girməkdə ittiham edir. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirir.

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Casusluq ittihamlarına Azərbaycan tərəfdən hələlik, münasibət açıqlanmayıb.

24 saat” “Ermənistanda iki nəfər Azərbaycan üçün casusluqda suçlanır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button