Loading...
Loading...
ÖLKƏ

Ermənistanda Şuşanın itirilməsi ilə bağlı 150 nəfər dindirilib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Ermənistan Baş Prokurorluğu 2020-ci ilin payızında Qarabağda gedən döyüş əməliyyatları ilə bağlı 2000-dən çox cinayət işi açıb.

Məlumatda deyilir ki, bu cinayət işləri çağırış və ordu birləşmələrinin komplektləşdirilməsi, xidmət yerlərinin özbaşına tərk edilməsi, qanunsuz silah-sursat, partlayıcılar əldə edilməsi, bunların Qarabağdan Ermənistana gətirilməsi, çağırışdan yayınma, əmrlərin yerinə yetirilməməsi, qəsdən özünə fiziki xəsarətin yetirilməsi, döyüş növbətçiliyi qaydalarının pozulması halları ilə bağlıdır.

Bu da qeyd olunur ki, cənub istiqamətindəki qoşunlara rəhbərlik edilməsi və Azərbaycan silahlı qüvvələrinin Ermənistan sərhədinə, habelə Qarabağın mərkəzinə və Şuşa şəhərinə çatması ilə bağlı epizodlar nəzərdən keçirilir.

Ayrıca olaraq Lələtəpə yüksəkliyi, Cəbrayıl və Hadrut şəhərlərində, Böyük Tağlar, Taqaverd, Sığnaq, Daşaltı kəndlərində və nəhayət Şuşa şəhərində aparılan döyüş əməliyyatlarının epizodları öyrənilir.

“Milyardlarla dollarlıq xəyanət” ittihamları

Azatutyun yazır ki, cinayət işlərinin bir hissəsində hərbçilərin, əsir və itkin düşənlərin qohumlarından pul qopardılması idiaları araşdırılır.

Bu da qeyd olunur ki, cinayət işlərinin bir qismi Azərbaycan və Ermənistan rəhbərlikləri arasında danışıqlarla, bir neçə milyard dollar müqabilində Qarabağ ərazilərinin verilməsinə dair iddialarla bağlıdır.

Baş Prokurorluq bildirir ki, sözü gedən cinayət işləri ilə bağlı genişmiqyaslı əməliyyat-axtarış tədbirləri, ekspertizalar aparılır.

Azatutyun yazır ki, təkcə cənub, o cümlədən Şuşa istiqamətində baş vermiş hadisələrlə əlaqədar cinayət işlərində, separatçıların liderləri və onların müşavirləri, özünümüdafiə biliklərinin komandirləri də daxil 150-dək şəxsin adı keçir.

Bu da deyilir ki, indiyədək onlarca müsadirə tədbiri görülüb.

Yüksək rütbəli zabitlər

Prokurorluğun məlumatına görə əldə olunmuş sübutlar əsasında 800-dən çox şəxsin müttəhim kimi məsuliyyətə cəlb olunmasına orderlər verilib.

Bunların arasında Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli zabitləri də var.

Hələ bu ilin mayında Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan müharibə ilə bağlı cinayət işi çərçivəsində dindirildiyini demişdi.

Bundan əvvəl prokurorluqdan Azatutyuna verilən məlumatda deyilirdi ki, 7 yüksək rütbəli zabit müxtəlif hərbi cinayətlərdə ittiham olunur.

Onlardan yalnız Ermənistan silahlı qüvvələri baş qərargahının rəis müavininin adı məlum idi.

General Andranik Makaryan xidmətə səhlənkar yanaşmaqda ittiham olunur. General ittihamı rədd edir.

Sentyabrın 28-ə olan məlumata görə müharibə ilə bağlı cinayətlərdə ittiham olunanlardan 55 nəfərinə dair 48 cinayət işi məhkəməyə göndərilib.

Bunlardan 8 nəfəri barədə ittiham hökmü çıxarılıb.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Gözdən qaçırmayın:  Rus Pravoslav Kilsəsində Ukraynaya görə ixtilaf var

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button