Loading...
Loading...
SEÇMƏ

Ermənistandan Qarabağa hərbi çağırış olmayacaq

Yayımlandı: 19 İyul 2022 13:21

Armen Qriqoryan: “Rusiya bizi əmin etdi ki, Azərbaycan ordusu Fərrux kəndindən çıxarılacaq”

“Bundan sonra “Artsax Respublikası”nda (Dağlıq Qarabağ) Ermənistandan çağırışçı olmayacaq. Amma Dağlıq Qarabağda çağırışçıların müdafiə ordusunda xidmətə çağırılması davam edəcək”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri Dağlıq Qarabağ Müdafiə Ordusunun köməyinə gedib:

“Atəşkəs rejiminin yaradılmasından və Rusiyanın sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsindən sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması tamamilə təbiidir”.

O, bu ilin sentyabrından sonra Dağlıq Qarabağda erməni çağırışçı olmayacağını vurğulayaraq deyib ki, Dağlıq Qarabağın hakimiyyət orqanlarından aldıqları məlumata görə, yerli çağırışçılar əvvəlki kimi hərbi xidmətə çağırılacaqlar.

Armen Qriqoryan jurnalistin: “Bu, Dağlıq Qarabağı, doğrudan da, müdafiəsiz qoymaq demək deyilmi?”, – sualına: “Xeyr”, – deyə cavab verib.

Armen Qriqoryan, Foto: “aysor.am”

Qriqoryan deyib ki, əvvəllər Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyalarını yerli Müdafiə Ordusu yerinə yetirib:

“Bu baxımdan heç nə dəyişməyib. Lakin qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşdirilməsi təhlükəsizliyin təminatı olmalıdır”.

Qriqoryan Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsinə də münasibət bildirib.

O hesab edib ki, bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin və qüvvədə olan beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:

“Çünki Azərbaycan ordusu Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olub. Rusiya bizi əmin etdi ki, işğalçı Azərbaycan qüvvələri oradan çıxarılmalıdır. Biz ümid edirik ki, Rusiya sülhməramlı qüvvələri işğalçı Azərbaycan birləşmələrinin çıxarılmasını təmin edəcək. Rusiya sülhməramlı qüvvələrinin mövcudluğu özlüyündə Rusiya tərəfindən Dağlıq Qarabağ əhalisinin varlığına təhlükənin mövcudluğunun tanınmasından xəbər verir”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Bundestaqın vitse-prezidenti ilə görüşdə mühacirlərin həbsi də müzakirə edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button