2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Erməni Elmira dedi ki, sizinkiləri tutmuşuq, Hadrutda saxlayırıq…” – İTKİNLƏR – VÜSALƏ MƏMMƏDOVA YAZIR

Pressklub.az-ın “İtkinlər” layihəsində bu dəfə Saatlıda yaşayan bir ailənin hekayətini təqdim edəcəyik. Hekayəti ailənin üzvü Mürəddin Rəhimov danışır:

Əvvəlcə ailəm haqqında məlumat verim. Atam Rəhimov Sədri Rəhim oğlu 1933, anam Rəhimova Səfiyyə Mülazim qızı isə 1936-cı ildə Gürcüstanın Adıgün rayonunun Xeveşen kəndində dünyaya gəliblər. Atam öz atasını II Dünya müharibəsində itirib. Hər iki valideynim 1944-cü ilin 14 noyabrındakı Stalin deportasiyasına məruz qalıb. Onminlərlə Ahıska türkləri kimi, onlar da öz evlərindən məcburi şəkildə çıxarılıb, mal-qara üçün nəzərdə tutulan vaqonlarla Orta Asiyaya sürgün ediliblər. Valideynlərim 1958-ci ildə Özbəkistanda ailə həyatı qurub, 1960-cı ildə Azərbaycana, Saatlı rayonunun Qarayevkənd kəndinə köçüblər. İndi bu kənd Orta Muğan adlanır. Biz burada, Azərbaycanda doğulub böyümüşük, ailədə altı qardaş, beş bacı olmuşuq…

Sədri Rəhimov
Səfiyyə Rəhimova

 

Saytların yığılması Saytlarin yigilmasi

İndi isə Fəhlül haqqında danışım. Məndən sonra, 1966-cı ildə dünyaya gələn qardaşım, ailəmizin dördüncü övladı Fəhlül hərbi xidmətini Sovet Ordusu sıralarında Çita vilayətində başa vurub qayıtmışdı. Sonra müharibə başladı, 1993-cü ilin avqust, ya da iyul ayı olardı, ordu sıralarına çağırış vərəqəsi gəldi, cəbhəyə çağırdılar. Nə desin? Atam dedi ki, biz burada yaşayırıq, bura bizə Vətəndir, çağırıblar, əvvəl-axır biriniz getməlisiniz. Fəhlülün qismətinə düşdü, o getdi…

Fəhlül Rəhimov

Qardaşımı təsvir edim desəniz… Fəhlül çox sakit, təvazökar bir insan idi. Kolxozda suçu işləyirdi. Fərman adlı yaş yarımlıq bir oğlu var idi, ikinci övladının doğulmasına isə cəmi üç-dörd ay qalmışdı… Vəssalam! Başqa nə deyə bilərəm…

Cəmi üç ay idi müharibəyə getdiyi… Bircə onu dəqiq bilirdik ki, onların hərbi hissəsi Zəngilan rayonundakı peşə məktəbində yerləşir. Bu müddət ərzində evə gəlməmişdi, telefonla da əlaqə saxlamamışdı. Məktub yazmışdımı…? Xatırlamıram… 1993-cü ilin söhbətidir, detalları yadda saxlamaq çətindir… Bilirsiniz, ailəmizdən xəbər almaq üçün mənim anamdan əmdiyim süd burnumdan gəlib, desəm, daha doğru olar…

Bəs ailəmizin başına nə gəldi? Üç ay sonra ailəmiz qərara gəldi ki, Fəhlülün yanına gedilməlidir. Öz maşınımızla getməyi üstün tutduq. Atam infarkt keçirmişdi deyə sükan arxasında əyləşmək ona çətin idi, maşını məndən böyük qardaşım, 1963-cü ildə anadan olan Müsəddin idarə etməli oldu. Müsəddin kolxozda sürücü işləyirdi, ailəli idi, iki oğlu, bir qızı var idi…

Musəddin Rəhimov

Anam və atam yola hazırlaşanda 13 yaşlı qardaşım, sevimli sonbeşiyimiz Vaqif qayıtdı ki, mən də sizinlə gələcəm! Atam dedi, gəl, onsuz da öz maşınımızla gedib, qayıdacağıq. O vaxt nisbətən sakitlik idi, atəş, güllə xofu yox idi…

Vaqif Rəhimov

Oktyabrın 23-də səhər o başdan, hardasa saat 5-6 olardı evdən çıxdılar. Uzağı, saat 9-10 radələrində artıq qardaşımın yanında olmuşdular. Axşama qayıdacaqdılar, gəlmədilər. Rayon polis şöbəsinə müraciət etdim… Bir neçə gün keçdi, yenə müraciət etdim ki, ailə üzvlərim cəbhə bölgəsinə gedib və neçə gündür yoxdurlar… Bu dəfə də bir xəbər olmadı.

Oktyabrın 29-da deyildi ki, ermənilər Zəngilanı işğal edib, əhali şəhəri tərk etməyə məcbur qalıb, Araz çayı ilə İrana keçib. Narahatlığımız daha da artdı və mən atamgilin arxasınca getmək qərarına gəldim… Ancaq hara gedəsən? Onlar Zəngilana gediblər və artıq Zəngilan işğal olunub…

İrana üz tutdum. 3-4 gün gömrük keçid məntəqəsində gecələdim. Orada gördüm ki, Zəngilan camaatı dəstə ilə İrandan Azərbaycana gəlir… Nəhayət, İran ərazisinə keçməyimə icazə verdilər. Avtobusla zəngilanlıların Arazı keçdiyi yerə gedirdik ki, yolda bizim əsgərləri gördüm. Avtobusu saxlatdırıb, aşağı endim. Soruşdum ki, Zəngilanda qulluq edirsiniz? Dedi, hə… Dedim mənim də qardaşım orada qulluq edir, bəlkə təsadüfən bilərsiniz… Adını soruşdu, dedim Fəhlül… Cavab verdi ki, “Fəhlüllə mən yanaşı çarpayıda yatırdıq. O günlərdə də ata-anası və iki qardaşı yanına gəlmişdi, yemək gətirmişdilər, biz də yedik, sonra atası cibimizə pul qoydu… Sonra Fəhlülə komandirdən 5 günlük icazə kağızı aldılar. Günorta təxminən 1 radələrində biz onları yola saldıq”. Bu qədər… Burada atamgilin hekayəsi bitir və mənim illərlə gecəmi gündüzümə qatıb onları axtardığım kədərli hekayəm başlayır.

Öyrəndim ki, atamgil Fəhlülü də götürüb özləri ilə gətirəndə Füzuli rayonunun Horadiz qəsəbəsində “VAZ 2106” markalı 58-54 AQJ nömrəli avtomobilləri ilə girov götürülüblər… Həmin vaxtı o yolda ermənilər dayanıb neçə maşını girov götürüblərmiş, bu barədə ailəmi axtararkən özümlə eyni dərddə olan adamları tanıdıqca öyrəndim. Deyirdilər, maşın qarışıq girov götürüblər… Ailəmi axtarmaq üçün müraciət etmədiyim qurum, təşkilat qalmadı. Ancaq heç bir qurumdan kömək yox idi, tək axtarırdım…

Mən iki il evimdə gecələməmişəm. Ömrüm cəbhə bölgəsində, danışıqlarda keçib… Əsirlikdən qayıdanlarla görüşür, danışır, məlumat alırdım. Ailə üzvlərimin şəkillərini göstərib “belə bir adam görmüsənmi” soruşurdum… Onlardan girovlar barədə kimdən məlumat ala biləcəyimi öyrənir, nömrələrini əldə edir, Rusiyaya gedir, Dağıstandan telefon zəngləri edirdim…

Elmira Ağayan

Xankəndi qərargah rəisinin müavini Elmira Ağayan var idi… “Sizin adamlar bizdədir”, deyirdi. “Hadrut rayonunda şəxsi evdə saxlayırıq. Hadrutun Edilli kəndində… Girov götürdüyümüz qırmızı maşın da, ailə üzvlərin də oradadır…”

Albert Voskanyan

Əsir və girovların dəyişdirilməsində fəal iştirak edən Albert Voskanyanın nömrəsini də tapıb, əlaqə yaratdım. O isə dedi ki, bizdə sizin adamlar yoxdur. Mən səndən qorxmuram, olsa, telefon vasitəsilə deyərəm… Yəni Albert birbaşa dedi ki, sizin ailə bizdə yoxdur…

Beyləqandan olan Tağıyev Məmməd Qaçay oğlu ilə də görüşmüşdüm. Onu Mamed çağırırdılar. Mamed əsir və girovların dəyişdirilməsi ilə bağlı ermənilərlə birbaşa danışığa girirdi. Hətta bir dəfə ratsiya vasitəsilə Abo adlı erməni polisi ilə əlaqə saxlayanda mən onun yanında idim. Qulaqlarımla eşitdim, Abo “Sənin dediyin adamları araşdırdıq, o ailə bizdə deyil”, dedi…

Qısası, ailəmizin girovluqda olduğunu Elmiradan başqa heç kim təsdiqləmədi. O da sözünün davamını gətirmədi… Ondan cavab alan kimi dərhal Dövlət Komissiyasına müraciət etdim. Orada dedilər problem yoxdur, bizdə erməni əsirlər var, dəyişərik.

Mən təzədən Dağıstana gedib, Elmira Ağayana zəng elədim ki, razıyıq, əvəzinə biz də erməni əsir verəcəyik. Ancaq Elmira heç bir söz vermədi. Sonradan da ondan xəbər çıxmadı… Heç pul qarşılığında dəyişəcəyini də demədi. 3-4 dəfə danışmışam onunla… Bütün bunlar 1994-1995-ci illərin söhbətidir…

Ailəmdən xəbər almaq üçün mümkün olan və olmayan hər imkandan istifadə etməyə çalışmışam. Xeyri olmayıb. Bu günə qədər də bir qurum qapımı açmayıb. Nə Müdafiə Nazirliyindən, nə də İcra Hakimiyyətindən. Bir nəfər “Zaman” qəzetindən nümayəndə gəldi, şəklimizi çəkib, qəzetdə məqalə dərc etdilər. Bir dəfə də film çəkilib. Məni kinostudiyaya çağırdılar, hadisəni təfsilatı ilə danışdım. 1996, ya da 1997-ci illər idi. Ancaq kimlər çəkdi, adlarını xatırlamıram. Film də harada nümayiş olundu, onu da bilmirəm… Bir dəfə də 5-6 il öncə Qırmızı Xaçdan bir qadın gəlmişdi… Başqa bu işlə maraqlanan olmadı…

Digər itkin düşən mülki şəxslərə şəhidlik statusu verilsə də, valideynlərimlə iki qardaşıma verilmədi. Yalnız Fəhlülə şəhid statusu aldım… Onu da çox böyük çətinliklə. Fəhlül itkin düşəndən sonra qızı dünyaya gəldi, adını Güllər qoyduq… Balalarını böyütdük, oğlunu evləndirdik, qızını köçürdük… Onlardan qalan bütün şəkilləri də axtarışlarda dövlət qurumlarına, müəyyən təşkilatlara, ora-bura vermişəm… Ancaq nə fayda? İnanın, saçımın sayı gədər gedib gəldim, heç bir olumlu cavab almadım… Bu günə qədər də ailə üzvlərimin taleyindən xəbər yoxdur…

Qeyd: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarından istifadə edilib.

Vüsalə Məmmədova

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button