2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Erməni silahlı dəstələri Yerevandan daha çox Moskvaya tabedirlər”

* * *

Sual: Ərəstun bəy, prezident İlham Əliyevin CNN Türk kanalına müsahibəsində ən önəmli mesajlar nə idi?  Prezident kimlərə mesajlar verirdi? Müsahibənin yeri və zamanı doğru seçilmişdimi? 

Cavab: İlham Əliyevin CNN Türk kanalına müsahibəsində ən önəmli mesajlar Azərbaycan-Ermənistan münasibətlərində, xüsusilə də 44 günlük müharibədən sonrakı mərhələdə Rusiyanın prosesə təsiri və əldə olunmuş üçtərəfli bəyannaməyə Rusiyanın riayət etməməsi ilə bağlı idi. Bu müsahibənin başlıca səbəblərindən biri İlham Əliyevin Moskva səfərindən sonra Rusiya tərəfinin Azərbaycana artan silsilə təzyiqlərinə verilməli olan cavab idi. Bu mənada müsahibənin həm yeri, həm zamanı, həm konteksti, həm də verilən mesajlar düzgün seçilmişdi. Çünki Azərbaycan Rusiyaya bildirməli idi ki, Rusiya bölgədə özünü, o cümlədən Azərbaycanın hələ də işğalda qalmaqda olan ərazilərində sahib kimi apara bilməz. Onun öhdəlikləri var. Əldə olunmuş üçtərəfli  bəyanata əsasən yerinə yetirməli olduğu bəndlər var. Rusiya isə onları yerinə yetirmir. Bu düzgün mesajlar idi və ilk növbədə son zamanlar Rusiyanın Azərbaycana yönəlik atdığı addımlara cavab idi. 

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Prezident açıq-aydın dedi ki, Ermənistanın Rusiya tərəfindən silahlandırılması məsələsi narahatlıq doğurur və  əlavə etdi ki, 10 noyabr bəyannnaməsinə uyğun olaraq Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Eyni zamanda onu da vurğuladı ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir. Sizcə, bu kimi mesajlar Rusiya və Ermənistanı əməllərindən çəkindirəcəkmi?

Cavab: Bu mesajlar nə Ermənistanı, nə də Rusiyanı əməllərindən çəkindirməyəcək. Ona görə ki, İkinci Qarabağ müharibəsi zamanı, yəni 44 günlük müharibə dönəmində (yeri gəlmişkən, bu müharibə Rusiya tərəfindən tərtib olunmuşdu) Rusiya qarşısına qoyduğu məqsədlərə çata bilmədi. Azərbaycanın sərhəd zolağı boyu, İran sərhəddi boyu ərazilərini işğaldan tam azad edərək öz nəzarətinə götürməsi, o cümlədən də Şuşaya daxil olması Rusiyanı qane etmir.  Bu müharibənin səbəbi kimi ötən ilin iyul ayında Rusiyanın bölgədəki kommunikasiyaları nəzarətə götürməsi və quru yolla Yaxın Şərqə çıxışı əldə etməsi məqsədini güddüyünü demişdim. Eyni zamanda həmin kommunikasiyaların nəzarətdə saxlanılması, yəni onun işləkliyinin təmin edilməsi üçün Rusiya həmin bölgələrə sülhməramlı qüvvələr yeritməli idi. Burda ilk növbədə söhbət Cəbrayıldan gedir. Cəbrayıl vasitəsi ilə Araz üzərindən İrana keçən 2016-cı ildə tikilmiş nəqliyyat qovşağı vasistəi ilə. Rusiya buna nail ola bilmədi. Faktiki olaraq Rusiyanın qarşısı kəsildi. Düşünürəm ki, bu təkcə Azərbaycanın planı deyildi. Bu qlobal planin tərkib hissəsi idi. Rusiya buna nail olmadı və indiki vəziyyətdə çabalamaqla çalışır o planı yekunlaşdırsın. Məhz buna görə Rusiya Ermənistanı və onun Qarabağda yerləşən (çıxarılmasını Rusiyanın təmin etməli olduğu) qanunsuz silahlı qüvvələrini silahlandırmaqda davam edir. Bunun vasitəsi ilə Azərbaycana təzyiq göstərir. Eyni zamanda yeni müharibə tərtib edəcəyinə işarə edir. Ona görə də Rusiyanın qarşısında qlobal bir hədəf durduğu üçün bu məsələdən geri çəkilməyəcək. Ermənistan burda tərəf yox, alətdir. Rusiya Ermənistandan bu məqsədləri üçün istifadə edir. Bunun müqabilində Ermənistana hansısa uğurlar vəd edir. 

Sual: Belə iddialar var ki, Rusiya Qarabağı ələ keçirmək istəyir? Bu iddialar nə dərəcədə reallığa çevrilə bilər? 

Cavab: Bu iddialar tamamilə əsaslıdır. Rusiya sülhməramlı adı altında bölgəyə yeritdiyi silahlı qüvvələri heç də həmin o üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi 5 illiyə planlaşdırmır. Bu barədə biz bir sıra Rusiya rəsmilərinin açıq bəyanatlarında eşitmişik. Və orda görülən işlər də 5 il üçün nəzərdə tutulmuş işlər deyil. Ümumiyyətlə, Rusiyanın bölgədəki silahlı qüvvələri sülhməramlı qüvvələr missiyasından daha çox işğalçı qüvvələr missiyasını yerinə yetirir. Müxtəlif təlimlər keçir, ağır silahlardan istifadə etməklə Qarabağın dağlıq hissəsində müxtəlif radio elektron müdafiə sistemləri quraşdırır. Bunların heç biri sülhməramlı missiyada nəzərdə tutulmayıb. Ümumiyyətlə, Rusiyanın Qarabağın dağlıq hissəsinə yerləşdirdiyi silahlı qüvvələrinin hətta silahı belə sülhməramlı qüvvələr funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulmuş silahlar deyil.

Şuşa son dərəcə önəmlidir. Bunu mən bəyanat imzalanan ilk gündən demişəm ki, üç istiqamət hədəfdədir. Onlardan biri Cəbrayıldır, digəri Şuşadır, üçüncüsü isə Kəlbəcər-Tərtər istiqamətidir. Bu mənada Kəlbəcərin Azərbaycana qaytarılması heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, Kəlbəcər Azərbaycana qaytarılsa da, Azərbaycanın Kəlbəcərlə normal nəqliyyat, kommunikasiya əlaqələri yoxdur. Bu günədək Kəlbəcərə daşınan yüklər Rusiyanın sülhməramlı adlanan hərbçiləri tərəfindən daşınır. Deməli Azərbaycanın Kəlbəcərdə müdafiəsi lazımi səviyyədə deyil. Bunu bilərəkdən ediblər. 

Sual: Prezident vurğulayır ki, Ermənistan yeni müharibəyə hazırlaşacağı təqdirdə qabaqlayıcı tədbirlər görüləcək. Sizcə, yenidən müharibə başlaya bilərmi?  Və müharibə baş versə Azərbaycan kiminlə üz-üzə gələ bilər? Rusiya ilə, yoxsa Ermənistanla? 

Cavab: Bütün bu müharibə ritorikası daha çox çəkindiricilik, xəbərdarlıq xarakteri daşıyır.  Amma  istisnalar var ki, bu cür ritorikanın artıq müəyyən lokal toqquşmaların, atışmaların yekun nəticəsi şübhəsiz ki, müəyyən ərazilərdə lokal, hətta ola bilər ki, genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər. Âu halda Ermənistanla Azərbaycanın təkbətək görüşməsi Rusiyanın planına uyğun deyil. Çünki Ermənistan birmənalı şəkildə məğlub olacaq. Azərbaycan 44 günlük müharibəni bitirdikdən sonra təlimləri davam etdirir. Ordunun silahlandırılması davam etdirir. Və Rusiyada da bu prosesi çox diqqətlə izləyirlər. Anlayırlar ki, Azərbaycan Ermənistanla üz-üzə gəlsə, Ermənistan ikinci dəfə birinci dəfəkindən daha böyük, daha fəlakətli məğlubiyyətə uğraya bilər. Ona görə də burda Rusiyanın müdaxiləsi istisna deyil. Bu müdaxilə hökmən açıq olmaya bilər. Erməni qüvvələri adı altında Rusiya üzvləri döyüşə bilər. Birinci Qarabağ müharibəsi dövründə belə hallar baş verib. Özü də kütləvi şəkildə olub. Bu variant daha inandırıcı görünür. Hətta elə hallar ola bilər ki, sərhəddə provakasiyalar edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öhdəlikləri qabardaraq Rusiya özü də prosesə qarışa bilər. 

Sual: 10 noyabr bəyannaməsinə Ermənistan və Rusiya zidd addımlar atır. Belə davam edəcəyi təqdirdə Azərbaycan hansı addımları ata bilər? Rusiya sülhməramlılarını ölkədən çıxara bilərmi? Eyni zamanda Laçın dəhlizinin nəzarətini öz üzərinə götürə bilərmi? 

Cavab: Dəfələrlə təklif etmişəm ki, Azərbaycan Laçın dəhlizinə Rusiyanın sülhməramlı adlanan hərbi qüvvələri ilə birlikdə nəzarət məsələsini qaldırmalıdır. Çünki həmin dəhliz bu gün Qarabağın dağlıq hissəsində qalmış, Rusiya tərəfindən nəinki çıxarılmalı olan, hətta bu gün dəstəklənən qanunsuz erməni hərbi birləşmələrinə, o cümlədən də Ermənistan ordusunun hissələrinə hərbi dəstəyinin qarşısını almaq üçün şəxsi heyətin yenilənməsi, artırılması prosesinə nəzarət etmək, qarşısını almaq üçün birgə mühafizə məsələsini ortaya qoymalıdır. Rusiyadan bunu tələb etməlidir. Rusiya bu şərtlərə əməl etməyəcəksə, Azərbaycanın suverenliyini şübhə altına alacaqsa, öz ərazisində gediş-gəlişə, kommunikasiyalara nəzarət hüququnu mənimsəməyə çalışacaqsa, Azərbaycan Rusiya silahlı qüvvələrinin ölkə ərazisindən çıxarılmasını tələb edə bilər. Rusiya bunu əməl edəcəkmi? Bu başqa məsələdir. Amma hüquqi baxımdan heç bir ölkənin ərazisinə hansısa bəyanatla, sülhməramlı və ya istənilən ad  altında silahlı qüvvə yerləşdirilə bilməz. Rusiya silahlı qüvvələrinin istər sülhməramlı statusu olsun, istər başqa statusu olsun, Azərbaycan ərazisində yerləşdirilməsinin özü, həmin 10 noyabr tarixli üçtərəfli bəyanat qanunsuzdur, Azərbaycan Respublikasının Konstitusiyasına, Milli Təhlükəsizlik Konsepsiyası haqqında qanuna ziddir. Təbii ki, həmin qüvvələrin çıxarılması tələb oluna bilər. İstisna etmirəm ki, münasibətlərdə başlayan gərginlik son nəticədə bu tələbin irəli sürülməsinə də gətirib çıxaracaq. O başqa söhbətdir ki, Rusiya çıxaracaqmı? Düşünürəm ki, yox. Rusiyanın qlobal planlarına daxil olan məsələlərdən biri də Qarabağ üzərindən nəqliyyat- kommunikasiya dəhlizi açmaqdır. Ona görə Rusiyanın bu tələbə əməl edəcəyi inandırıcı görünmür. 

Sual:  Prezident bildirib ki, Ermənistanla sülh müqaviləsi imzalanmasını istəyir. Yəni Azərbaycan Ermənistan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın.Amma Ermənistandan müsbət cavab yoxdur.  Sitat: “Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq.”  Sizcə, belə olacağı təqdirdə Azərbaycan necə bir siyasət yürüdəcək? 

Cavab: Sülh müqaviləsi bütün bu münaqişələrə və müharibəyə son qoymaq üçün atılmalı olan zəruri addımdır və düşünürəm ki, bu mənada tamamilə əsaslı tələbdir. Azərbaycan xalqı da bu bu tələbi dəstəkləməlidir. Bununla yanaşı ermənilərlə və Ermənistanla iş aparılmalıdır. Açığı düşünmürəm ki, Paşinyan Rusiyanın aləti olmağa razıdır və bundan məmnundur. Sadəcə olaraq onun çıxış yolu yoxdur. Çünki Qərb tərəfdən dəstəklənsə də, bu dəstək yetərincə deyil. Faktiki olaraq Rusiya bölgəni öz nəzarətinə götürüb və Qərb ölkələrinin bu və ya digər şəkildə müdaxiləsinə mane olur. Hətta Türkiyənin prosesdə iştirakına mane olur. Amma Paşinyanın son təkliflərindən biri – İlham Əliyevlə təkbətək görüş istəyi maraqlı məqamdır. Bu mənada belə bir görüşün baş tutması çox real görünməsə də buna cəhd etmək olar ki, Azərbaycan və Ermənistan öz aralarında heç olmazsa müvəqqəti sülh anlaşmasına nail olsunlar. təbii ki, Rusiyanın öncədən məlumatının olmaması şərti ilə (bu texniki baxımdan çox çətindir, amma deməzdim ki mümkünsüzdür)  buna nail olacaqları halda, bu sülhün imzalanacağı halda məsələni bitmiş hesab etmək mümkün olacaq. Əlbəttə Rusiya çalışacaq həm Azərbaycan, həm Ermənistan ordusunda olan öz agentura şəbəkəsi, 5-ci kolonu vasitəsi ilə prosesi qızışdırsın, yenə müharibə, hərbi qarşıdurma yaransın. Amma Azərbaycan və Ermənistan rəhbərlərinin iradəsi olduğu halda hansısa lokal toqquşmalar, hərbi qarşıdurmalar böyük müharibəyə keçə bilməz. Böyük müharibəyə hərbçilər yox, siyasətçilər qərar verir. Bu mənada Paşinyanın ikitərəfli görüşün keçirilməsinin istəyi ilə bağlı açıqlaması əslində elə həmin o çağırışa cavabdır ki, Ermənistan Azərbaycanla birlikdə Rusiyanın vasitəçiliyi olmadan hər hansı bir anlaşmaya getməyə və yaxud həmin anlaşmanı müzakirə etməyə hazırdır. Bunun baş tutmayacağı halda Azərbaycanın imkanları məhdudlaşır. Ona görə ki, birincisi, Azərbaycan işğal altında qalan əraziləri hərbi yolla qaytarmaq istəsə, bu zaman Rusiya 2008-ci ilin Gürcüstan ssenarisini təbiq edə bilər. O zaman Cənubi Osetiyada yerləşən sülhməramlıları təhlükədən qorumaq adı altında Rusiya Gürcüstana qoşun yeritdi. Amma ümidlər var. Deməzdim ki, şans yoxdur. Ermənistanla danışmaq mümkündür. Sülh müqaviləsinə doğru hər halda müəyyən addımlar əldə etmək olar. Sülh anlaşması əldə etmək çətindir. Ona görə ki, bu halda Azərbaycan Ermənistandan tələb edəcək ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Paşinyan isə bunu edə bilməyəcək. Çünki bu halda bütün o radikal millətçi kəsim Rusiya tərəfindən qızışdırılaraq Paşinyanın üzərinə yönəldiləcək.

Sual: Sizcə, proseslər hara gedir? Ermənistan Azərbaycanla sülhə razılaşacaqmı? Yoxsa, başqa bir ssenarilər baş tuta bilər? 

Cavab: Proseslərin hansı istiqamətə getməsi haqda proqnoz verməkdən çəkinirəm. Ona görə ki, bax elə bu suallara cavablarda göründü ki, ortada xeyli ziddiyyətlər var. Nəzərə almaq lazımdır ki, əgər bu gün Qarabağın dağlıq hissəsində ərazilərə Rusiya sülhməramlıları adlanan hərbi rus qüvvələri nəzarət edirsə, şübhəsiz ki, orada olan erməni silahlı dəstələri də Yerevandan daha çox Moskvaya tabedirlər. Çünki Moskva tərəfindən idarə olunurlar.  Özümüzü aldatmayaq ki, Rusiyanın sülhməramlı qüvvələri var. Hazırda Rusiya xüsusi xidmət orqanları orada geninə-boluna fəaliyyət göstərirlər və Dağlıq Qarabağ ermənilərini Rusiya bir növ öz himayəsində görür, onlara bunu hiss etdirir, addımbaşı onları müdafiə etdiyini göstərir. Rus dilinin orada ikinci dil kimi tətbiq olunması heç də təsadüfi deyil. Rusiya faktiki olaraq Qarabağdakı erməni icmasını Yerevanın nəzarətindən çıxarıb. Ona görə Paşinyanın sülhə razılaşması o demək deyil ki, Qarabağdakı erməni icması buna razılaşacaq. Başqa ssenarilərə gəldikdə, hansı tərəfdən baxsan anlaşma olmayacağı halda hərbi qarşıdurmalar, müharibə baş verə bilər. Bu isə artıq Rusiyanın ssenarisidir. Azərbaycanın bu ssenaridən nə dərəcədə uğurla çıxa biləcəyi ilə bağlı çox ciddi suallar var. Bu suala bu gün birmənalı cavab verməkdə çətinlik çəkirəm. Ancaq bilirəm ki, Rusiya tələsir, çalışır ki, hərbi qarşıdurmalar yaratmaqla öz hədəflərinə çatsın. 

Kamran Mahmudov

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button