2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistana casusluqda ittiham olunan şəxs: “Dedim ki, məni üçüncü ölkəyə göndərin…”

Yayımlandı: 11 Yanvar 2023 12:10

“TAP, TANAP bilən adamamsa, 18 qram narkotiklə niyə Sumqayıtda fırlanıram?”

Ermənistanın Ukraynadakı səfirliyində məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycanla bağlı məlumatları bu ölkənin xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunan azərbaycanlı Emil Məmmədovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işinin materiallarında iddia olunur ki, Emil Məmmədov 2017-ci il sentyabrın 26-da Ermənistanın Kiyevdə yerləşən səfirliyində məxfi əməkdaşlığa cəlb olunub. Orada özünü “Erik” kimi təqdim edən şəxslə razılaşdırılıb ki, Emil Məmmədov Azərbaycanda qaz boru kəmərlərinin keçdiyi ərazilər, prezidentin bölgələrə səfərləri, Sanqaçal terminalı, Fövqəladə Hallar Nazirliyinə işə qəbul şərtləri və s. məlumatları toplayıb, mütəmadi onlara ötürəcək. İttihama əsasən, 2019-cu il iyunun 20-də Ermənistan təmsilçisi Emil Məmmədovla görüşüb, gördüyü işlərin müqabilində ona pul verib. Emil Məmmədov da aldığı pula görə qəbz imzayıb.

Emil Məmmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.

Emil Məmmədov 2021-ci ildən həbsdədir. Ona 2022-ci ilin aprelində artıq bir dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə ələ etmə, saxlama) maddəsilə 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Emil Məmmədov ittihama münasibət bildirərkən deyib ki, dövlətə xəyanət ittihamı üzrə özünü təqsirli bilmir.

“İttihamla yazılıb ki, guya mən qaz boruları barədə məlumat vermişəm. TAP, TANAP bilən adamamsa, belə ağıllıyamsa, 18 qram narkotiklə niyə Sumqayıtda fırlanıram? Mənə 3 gün banditizmdə olmayan zülmü veriblər. Sonra DTX götürüb aparıb. ”, – Emil Məmmədov məhkəmədə bildirib.

Bununla belə, Emil Məmmədov etiraf edib ki, 2017-ci ildə Ermənistanın Ukraynadakı səfirliyində olub. Onun sözlərinə görə, 2017-ci ilin mayında Ukraynaya getməsinin səbəbi tanış olduğu qadın idi. Həmin dövrdə həyat yoldaşından ayrıldığını deyən Emil Məmmədovun sözlərinə görə, valideynləri, xüsusən atası Ukraynaya getməsinə qəti şəkildə etiraz edirdi. Hətta buna görə münasibətləri pozulmuşdu:

“Gedəndə valideynlərim çox narazı idi. Gedəndən sonra orada işsizlikdən, pulsuzluqdan əziyyət çəkdim. Ona görə qayıtmaq istəyirdim. Lakin qayıda bilmirdim. Pulum yox idi. Hətta dəmiryol vağzalına da getdim ki, qatar gətirsin. Dedim ki, çatanda qatarın qarşısına çıxan olar, biletin pulunu verər. Buna razılaşmadılar. Əsəbiləşib Ermənistan səfirliyinə getdim ki, mənim üçüncü ölkəyə getməyimə kömək eləsinlər – İngiltərəyə, Fransaya. Orada cəmi 15 dəqiqə olmuşam. Demişəm ki, “məni üçüncü ölkəyə göndərin”.

Emil Məmmədov onu da bildirib ki, Ermənistan səfirliyində ona Azərbaycanla bağlı suallar veriblər, hətta qaz kəmərləri haqda da soruşublar. Lakin o, məlumatı olmadığını deyib. Onun sözlərinə görə, səfirlikdə onunla danışanlar getdikcə daha sərt tonda danışıblar:

“Mən özüm nə bilirəm ki, onlara da nə deyim”.

Təqsirləndirilən şəxs etiraf edib ki, səfirlikdə ona 500 qrivna pul veriblər. O, həmin pulu almasını isə belə izah edib:

 “500 qrivna 17-18 dollar pul eləyirdi onda. Onu bilet pulu vermişdilər. Mən buna görə nə onlara məlumat ötürmüşəm, nə qəbz imzalamışam. O nə puldur ki. Mən harda görüşüb pul almışam, harda qəbz imzalamışam, sübut qoysunlar ortaya, nəyə desələr qol çəkim. Bu barədə ittihamda yazılanların hamısı yalandır”.

Məhkəmə prosesi yanvarın 17-də davam edəcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button