2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Evdə qal” yoxsa, “Evdə öl” mesajı?

Hakimiyyətin məntiqiylə pandemiya yalnız sahibkarlara ziyan vurub

Aylardır bütün dünya koronavirus (Covid-19) pandemiyasının əsirinə çevrilib. Bəla Azərbaycandan da yan ötməyib. Nə qədər acınacaqlı olsa da, ölkəmizdə virusa yoluxanların sayı artmaqdadır. İnsandan-insana asanlıqla yayılan bu xəstəlikdən qorunma vasitəsi kimi dünyanın əksər dövlətlərində hökumətlər “Evdə qal” kampaniyalarına start veriblər. Bu məqsədlə bütün ölkələr öz vətəndaşları üçün nə gərəkirsə edir, pandemiyayla mübarizəyə milyardlarla dövlət vəsaiti ayırırlar.
Məsələn, ABŞ-da hökumət illik gəliri 75 min dollardan (127 min 500 manat) az olan, başqa sözlə, ayda 10 min 625 min manatdan az qazanan hər bir vətəndaşa aylıq 2500 dollar (4250 manat) maddi yardım ayırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Serbiya Prezidenti Aleksandr Vuçiç hökumətin koronavirus pandemiyası ilə qarşılaşan müəssisələrə iqtisadi təzyiqləri azaltmaq üçün 5 milyard avro (5.54 milyard dollar) kredit və subsidiya ayırdığını bəyan edib. Ölkədə 18 yaşdan yuxarı 5 milyon vətəndaşın hər birinə 100 avro ödəniləcəyi açıqlanıb.
Almaniya Kansleri Angela Merkel vətəndaşlara müraciət edərək “Siz sadəcə sağlamlığınızı düşünün, dövlətiniz sonuna qədər Sizin yanınızdadır” deyir.
Qonşu Gürcüstanda hökumət əhalinin 3 ay – mart, aprel və may aylarında istifadə edəcəyi 200 kVt/saat enerji ve 200 kubmetr qaz istifadəsinin pulunu özü ödəyəcək. Sudan istifadə və zibil daşınma xərcləri də bu paketə aiddir.
Rusiya Prezidenti Vladimir Putin vətəndaşlara və kiçik biznes sahiblərinə koronavirus epidemiyasından dolayı kredit möhlətinin verilməsi barədə sərəncam imzalayıb. Hətta sərsəm açıqlamarıyla tez-tez gündəmi zəbt edən Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski belə hökuməti karantin günlərində vətəndaşları elektrik enerjisi və təbii qaza görə ödənişərdən azad etməyə səsləyib.
Əlbəttə, siyahını uzatmaq da olar. Ancaq hesab edirik ki, buna lüzum yoxdur. İnternet əsrində insanlar sosial şəbəkələr vasitəsilə xaricdə olan həmvətənlərimizdən sığındıqları dövlət(lər)in həm öz vətəndaşları, həm də o ölkə(lər)də yaşayan mühacirlər üçün məhz bu günlərdə etdikləri güzəştlər barədə asanlıqla məlumat almaq imkanına malikdirlər.
Bəs ölkəmizdə koronavirus pandemiyasıyla bağlı hansı tədbirlər görülüb və yaxud görülür?
Öncə martın 19-da Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlk olaraq Prezident, daha sonra xanımı – 1-ci vitse-prezident bir illik əməkhaqqı məbləğlərini Fonda ianə etdilər. Heç bir sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmayan, dövlətin iki ən mühüm postunu tutan şəxslərin – bir ailənin 2 üzvünün bu addımına cəmiyyətdə münasibət təbii ki, birmənalı olmadı.
Ardınca ölkənin irili-xırdalı əksər şirkətləri, banklar, şəhər və rayonların icra hakimiyyətləri və s. zor-xoş bu kampaniyaya qoşuldular. Maraqlıdır ki, bütün bunlar sahibkarların, iş adamlarının dövlətdən yardım gözlədiyi bir vaxtda baş verdi.
Yeri gəlmişkən, ən son məlumata görə, fonda 109 198 984 manat ianə yığılıb. İanə köçürənlərin 2452 hüquqi, 7144 fiziki şəxsdir.
Vəsaitin toplanması indi də davam etdirilir. Fondun məqsədinin Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olsa da, yetərincə böyük vəsait toplanmasına rəğmən hələ də apteklərdə elementar tibbi vasitələr – sadə maskalar, əlcək, tibbi spirt və digər dezinfeksiyaeddici vasitələr tapılmır.
Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev İqtisadiyyat naziri, vaxtilə İspaniyanın Barselona şəhərinə uçan təyyarədə şuluqluq salaraq ölkənin imicini yerlə bir etmiş Mikayıl Cabbarovu qəbul etdi. Vətəndaşların təhlükəsizliyi və rifahı, özəlliklə pandemiya dövründə Azərbaycanda da digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığının nəzərə alındığı haqda nağıllardan sonra nəhayət ki, mətləb üstünə gəldilər. Məlum oldu ki, Prezidentin sərəncamına əsasən koronavirusla əlaqədar yaradılan 4 İşçi Qrup uzun-uzadı müzakirələr apardıqdan sonra bir baza sənədi hazırlayıb və gənc yaşlarından karyera pillələrində “inamla irəliləyən” İqtisadiyyat naziri “Koronavirusla bağlı yardım Proqramı” adı verilən sənədi qoltuğuna vurub gəlib dövlət başçısının qəbuluna. O da bəlli oldu ki, yardım proqramı bu ağır günlərdə Azərbaycan vətəndaşları üçün deyil, konkret bir sahə – sahibkarlığa dövlət dəstəyinin göstərilməsi üçün, özü də natamam hazırlanmışdır.
Məsələn, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün kompensasiya qismində 300 min nəfərə 215 manat kompensasiya veriləcək. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə – əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) üçün 300 min nəfərə 80 milyon manat vəsait ayrılacaq. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə veriləcəyinin və bunun da 200 min vətəndaşı əhatə edəcəyi bildirilir.
Sənəddə cəmi iki yerdə (elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramını nəzərə almasaq – A.) əhali sözünə rast gəlmək mümkündür: Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial yardımın (işsizlik müavinəti, sosial yardım və s.) ayrılması və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı. Vəssalam!
Maraqlıdır ki, nə ölkə başçısı keçmiş “breyn-rinq”çiyə “Bu sənəd natamamdır, koronavirus bütün vətəndaşlarımıza təsirsiz ötüşmədiyindən heç bir vətəndaş bu proqramdan kənarda qalmamalıdır” deyib sənədi geri çevirmədi, nə də İqtisadiyyat naziri bircə dəfə də olsun başını qaldırıb “cənab prezident, nə cür tapşırmışdınız, elə də hazırlamışıq” söyləmədi.
Yəni doğrudanmı, Mikayıl Cabbarov bu məmləkətdə dövlətdən bir qəpik belə almadan, müqaviləsiz, gündəlik çörək puluna işləyən, başının çarəsinı qılan yüz minlərlə əməkqabiliyyətli insanın olduğundan xəbərsizdir? Onların arasında aylıq maas alanlar da var, lakin əllərində çalışdıqlarına dair heç bir sənəd yoxdur, qeydiyyatda deyilər.
Bu gün ölkədə rəsmi iş yeri olan 1 milyon 600 min insanın 600 min nəfərdən çoxu minimum əməkhaqqına – 250 manata möhtacdır.
Yaxud havaların isindiyi, günlərin uzandığı və elektrik enerjisinə tələbatın günbəgün azaldığı bir dönəmdə istifadə limitini 100 kVt/saat artıraraq bunu kasıb, yoxsul əhaliyə güzəşt kimi qələmə vermək xalqı göz görə-görə ələ salmaqdır.
Bir daha qeyd edək ki, bütün bunları həm ölkə başçısı, həm də Mikayıl Cabbarov bilməmiş deyillər. Ancaq indiki şərtlər altında dövlət bu insanlara bir manat da olsa yardım paketi ayrılmır, əvəzində onlar ac-yalavac evlərində (kirayələrdə) qalmağa məhkum edilir.
Bu durumda ucdantutma hər kəsə – çalışana da, çalışamayana da “evdə qal” deyərək əvəzində maddi yardımı məhdud sayda sahibkarlara və muzdlu işləyənlərə göstərmək heç bir əndazəyə sığımır. Sanki pandemiya yalnız sahibkarlara ziyan vurub. İndiki vəziyyətdə “aztəminatlı ailə”, “həssas əhali qrupu” ifadələrinin özü belə qüsurludur.
Və sonda. Zənnimizcə, işsiz-gücsüz insanlara bir manat belə maddi yardım göstərmədən “evdə qal” əvəzinə açıq mətnlə “evdə öl” demək daha doğru olardı.
Azər

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button