2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Evləri dağılanlar daş-kəsək arasında gecələyir

«Srağagün iki evi söküb getdilər, elə burda gecələyirik, dağıntıların arasında… Adamlar işə-gücə getmirlər ki, gəlib olan-qalanı da dağıdarlar. Evin ətrafında dolaşırlar ki, biri evdən çıxan kimi, tez texnikanı çağırıb söksünlər. Bir tərəfdən polislər gəlib şöbəyə aparmaqla hədələyirlər, bir tərəfdən şirkətin işçiləri gəlir, psixoloji təsir göstərirlər ki, onsuz da söküləcək. Vallah, ölürük taa..».

Bunu AzadlıqRadiosuna Nəsimi rayonu, Mirqasımov küçəsi, 8 ünvanda yaşayan Gülparə Əliyeva deyir. Bu ünvanda çoxdandır planlaşdırılan söküntünün bir hissəsi 3 gün öncə baş tutub. Özü də sakinlər evdə olmayanda… Aprelin 30-da elə söküntü ilə bağlı məhkəmə işinə görə Nəsimi rayon Məhkəməsinə gedən sakinlər qayıdanda görüblər ki, evləri əşyaları ilə birlikdə ağır texnika ilə dağıdılıb.

Saytların yığılması Saytlarin yigilmasi

«İKİ EVİ YERLƏ-YEKSAN ETDİLƏR»

Gülparə Əliyeva: «Gəldik gördük, şirkətin işçiləri, fəhlələr, polis evlərimizi üzük qaşı kimi əhatəyə alıb. Gözümüzün qarşısında vurub iki evi yerlə-yeksan elədilər. Zorla qarşılarını aldıq ki, qalan evləri dağıtmasınlar. Polislər əl-ayağımızdan tutub kənara atırdı bizi… Hər iki evin sahibini sürüyüb apardılar, söküntüdən kənara atdılar. O yazıqlara kənardan əşyalarının, evlərinin dağıdılmasına qışqıra-qışqıra tamaşa etmək qaldı. Bu boyda özbaşınalıq olmaz, bu ölkənin sahibi var, ya yox?».

Bu ilin aprelində Nəsimi rayon İcra Hakimiyyəti qeyd olunan ərazidə söküntü aparılması üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bu ünvandakı bir neçə fərdi evin sökülməsi, yerində tikiləcək binadan həmin ailələrə mənzil verilməsi ilə bağlı qətnamə çıxarıb. Məhkəmə hesab edib ki, sakinlər Bakıda istismar müddəti başa çatmış fərdi evlərin sökülərək yerində yeni evlərin tikilməsi ilə bağlı dövlətin pilot layihəsinə mane ola bilməzlər. Lakin sakinlər ərazidəki evlərin yerində tikiləcək evlərdən onlara mənzil veriləcəyinə bel bağlamırlar. Sakin davam edir: «Bu özündən razı şirkətlərdən müsbət gözləntilərimiz yoxdur. Müqavilələri də maraqlarımızın ziddinədir. İcra hakimiyyəti deyir, «mənlik bir iş yoxdur, gedin, şirkətlə danışın». Şirkət də adamlarını, texnikalarını töküb, nə sənə, nə mənə, evlərimizi əşyalarla birlikdə başımıza yıxır. Bu şirkət mənim qeydimə qalacaq, mənə ev tikib verəcək? Şirkətin marağı mənim yerimdə bina tikib, ev satıb pul qazanmaqdır».

SAKİNLƏR KOMPENSASİYA İSTƏYİRLƏR

Söküntü işlərini «Rifah Palace» şirkəti aparır. Şirkət sökülən evlərin yerində tikiləcək yeni binada sakinlərə ev veriləcəyini vəd edir. Sakinlərdən bina tikilib hazır olanadək kirayəyə köçmələri tələb olunur. Lakin bu tələblə razılaşmayan sakinlər sökülən evlərinin əvəzində kompensasiya istəyirlər.

Bu ilin fevralında evlərə kommunal xidmətlər dayandırılmışdı. Sakinlər AzadlıqRadiosuna şikayət etmişdilər. Nəsimi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sakinlər əvvəl söküntü və kirayə şərtləri ilə razılaşsalar da, sonradan qərarlarını dəyişiblər. Qurum da məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəlib. Məhkəmə icra hakimiyyətinin şikayətini təmin edib. Məhkəmə qərarı qüvvəyə minməmiş söküntüyə başlamaqla bağlı suala isə belə cavab verilib ki, hazırda ərazidə söküntü dayandırılıb. İcra hakimiyyəti qarşı tərəfin yuxarı instansiya məhkəmələrinə müraciətləri ilə bağlı bütün prosedurları qanunun müəyyən etdiyi qaydada gözləyəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button