Texnologiya

Eyni anda minlərlə ulduzu uda bilən super kütləli qara dəliklər aşkar edilib

    Özləri kimi böyük “iştaha” sahib super kütləli qara dəliklər kainatın ən yüksək kütləli qalaktikalarının mərkəzlərində yerləşirlər. Bu cür qara dəliklər o dərəcədə nəhəng və güclüdürlər ki, onlar qalaktik diskdəki ulduzların işıqlarını belə udurlar. Ən yüksək kütləli bu cür qalaktikaların mərkəz hissələri aktiv qalaktik nüvələr və ya kvazarlar adlanırlar. Alimlər öz növbələrində bu kosmik obyektləri çox diqqətlə müşahidə edirlər. Belə ki, bu  cür kosmik obyektlər qalaktikaların təkamülləri və kainatın strukturu barəsində daha çox məlumat verə bilərlər. NASA-nın Chandra adlı kosmik rentgen teleskopu 100-dən çox qalaktikanı müşahidə edib. Əldə edilmiş məlumatlar əasında məlum olub ki, bəzi super kütləli qara dəliklər eyni anda minlərlə ulduzu uda bilirlər. Alimlər bu cür nəticəyə super kütləli qara dəliklərin öz özəllikləri əsasında gəliblər. Belə ki, həmin super kütləli qara dəliklər indiki ölçülərinə çatmaq üçün böyük miqdarda ulduz materiyasını udmağa ehtiyac duyublar.

    İndiyənə kimi super kütləli qara dəliklərin hansı səviyyədə “iştaha” sahib odluqları barəsində çox az məlumatlar mövcud idi. Chandra teleskopu isə kiçik ölçülü qara dəliklərin super kütləli qara dəliklərə necə çevrilmələri məsələsinə aydınlıq gətirib. Bu proses qalaktikaların mərkəzlərində ulduzlardan ibarət çox sıx qruplarda baş verir. “Bu cür qruplarda olduğu kimi ulduzlar maksimal dərəcədə bir-birilərinə yaxın olduqları zaman bu, aralıq kütləyə (10 və ya bir neçə onlarla Günəş kütləsi) sahib qara dəliklərin böyümələri üçün ideal şərait yaradır. Ulduzlardan ibarət qrup nə dərəcədə yüksək sıxlığa sahibdirsə, onun mərkəzində böyüyən qara dəliyin olma ehtimalı o qədər yüksək olacaq” – deyə alimlər qeyd ediblər. Onilliklər ərzində alimlər kainatda super kütləli qara dəliklərin necə ortaya çıxmaları üzrə müxtəlif nəzəriyyələr irəli sürüblər.

    Onların arasında qalaktikaların mərkəzlərindəki nəhəng qaz və toz buludlarının parçalanmaları və nəhəng ulduzların partlamaları kimi nəzəriyyələr mövcuddur. Lakin bu cür nəzəriyyələr Böyük partlayışdan sonrakı ilk 100 milyon il ərzində kainatda mövcud olmuş şərait çərçivəsində mümkün olmuş ola bilərlər. İndi isə alimlər daha real nəzəriyyəni təqdim edirlər. Burda əsas məsələ qalaktikaların mərkəzlərinə yaxın ulduzlardan ibarət qruplaşmalardakı sıxlıqdadır. Həmin sıxlıq isə öz növbəsində bu cür qruplaşmalardakı ulduzların nə dərəcədə yüksək sürətlə hərəkət etmələrindən asılıdır. Alimlərin məlumatlarına əsasən qruplaşmalardakı sıxlıq müəyyən həddən yuxarıdırsa, onun mərkəzində olan Günəş kütləli qara dəlik sürətlə super kütləli qara dəliyə çevriləcək.

    Aparılmış tədqiqatlar onu göstəriblər ki, NGC 1385, 1566, 3344 6503 adlı qalaktikaların mərkəzlərində olan ulduz qruplaşmalarındakı sıxlıq müəyyən həddən daha yüksəkdir. Həmin qalaktikaların mərkəzlərində böyüyən qara dəlik təqribi olaraq 2 dəfə daha tez ortaya çıxır. Bu, qara dəliklərin necə böyük miqyasda “iştaha” sahib olduqlarını göstərən inanılmaz nümunələrdən biridir. Həmin qara dəliklərin böyümələri çərçivəsində minlərlə və hətta on minlərlə ulduz məhv olur. Bu cür qara dəliklərin ətraflarında ulduzların sayı azaldıqca onların böyümələri ləngiməyə başlayır. Təqdim edilmiş bu nəzəriyyənin cəlbedici tərəfi ondan ibarətdir ki, qara dəliklərin bu cür şəkildə tükənməz böyümələri kainat tarixinin istənilən anında baş verə bilər. Burdan da belə qənaətə gəlmək olar ki, super kütləli qara dəliklər indiki vaxtda da formalaşa bilərlər.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button