ÖLKƏ

Eynulla diktator ailəsini necə ələ salır? 

Bir həftədir bu məsələ ilə bağlı sosial şəbəkələrdə və internet TV kanallarda müzakirələr gedir… “O, insan ruhlarının səsini eşidir! Var! Ruhun səsi var! O, səssizdir və hər kəsin onu duymasına izin yox. Bunun üçün ruhunuzun o qədər incə və qeyri-adi duyma imkanına malik olması gərəkdir. Qəlbin səsini duymaq. Amma Allah bu  duyğunu hamıya vermir. O bu duyğunu yalnız seçilmişlərə verir…”

Bu “ilahi sözlər” təsəvvüf şairinin öz mürşidi haqqında dediklərindən götürülməyib. Bir saray şairinin hökmdarına yazdığı qəsidədən parça da deyil. Bu fikirləri “haqqin.az” saytı “Nərgiz” jurnalının redaktoru Ülviyyə Mahmudovaya ad günü təbriki olaraq yazıb. Saytın redaktoru Eynulla Fətullayevi tanıyırsınız. Ona hakimiyyətin mediadakı “gizli əli” də demək olar. Hakimiyyətin kimi dost, kimi düşmən saydığını bilmək üçün onun yazılarını izləmək yetər. Onu da bilirik ki, hakimiyyət kimi “vurmaq” istəsə, onun ilk tüstüsünü Eynullanın saytından çıxarır. Bunları bir tərəfə qoyaq. Bəs “haqqin.az” saytında belə “unikal” bir  təbrikin yayınlanması hansı zərurətdən irəli gəlib görəsən? Redaktor məlum ailənin üzvünə belə bir “həmkar təbriki” ünvanlamaqla, onun xalası Mehriban Əliyevaya yaltaqlanır, yoxsa ailəni ələ salır? Çox düşündük və belə qənaətə gəldik ki, bu mərtəbədə yaltaqlıq olmaz. Kimin nə həddinə, xeyriyyəçi “müqəddəs xala” dura-dura, bu böyük sözləri ailənin sıradan gəncəcik bir üzvünə ünvanlasın, axı?Olsa-olsa, Fətullayev bu yazını ailəni, o cümlədən vitse-prezident Əliyevanı ələ salmaq üçün yayınlayıb.

“Bundan başqa, “Nargiz” xeyriyyə fondunun rəhbəri Ü.Mahmudova ilahi ruhdan ilhamlanan yüzlərlə insan varlığını həyata qaytarıb… Budur, qarşımızda bir məktub var. Biz onu bir uşaqdan almışıq. Səkinə adlı 8 yaşlı bir qızdan. Belə görünür ki, o yazmağı yenicə öyrənməyə başlayıb. “Ülviyyə xanım, bu mənəm, Səkinə. Mən artıq gəzirəm. Artıq oxuyuram. Sizə təşəkkür edirəm. Siz mənə ikinci ana kimisiniz.” Biz uşağın sümük vərəmi olduğunu öyrəndik. O heç normal otura da bilmirdi. Və sizin təşəbbüsünüzlə “Nərgiz” xeyriyyə fondunun hesabına Sankt-Peterburqda ona implantasiya əməliyyatı və sonra bahalı onurğa əməliyyatı edildi. Budur məktub. Belə yüzlərlə, minlərlə məktub var … ”Buna bənzər fikirlər sizə tanışdırmı? Bilirsiniz, zamanında bənzər sözləri H. Əliyev fondu vasitəsilə xeyriyyəçilik aksiyaları həyata keçirən birinci ledi haqqında yazırdılar. E. Fətullayev yazır ki, Ü. Mahmudovanın rəhbərlik etdiyi “Nərgiz” fondu yüzlərlə uşağın müalicə olunub, ağır xəstəliklərdən həyata qaytarılmasına vasitəçi olub. Bu xeyirxahlığı biz də alqışlayırıq. Amma nə qədər tanış təqdimat və piar! Üç-beş uşağın müalicəsinə yardım göstərib, onların xəstəlikləri üzərindən özünü bol-bol reklam edəcəksən! Gülməlidir, yoxsa ağlamalı, artıq özünüz qiymət verin. Bir də, Fətullayev hər kəsi təftiş etməyi sevir axı. Tövsiyə edərdik, arada bir o fondun maliyyə qaynağını da araşdırsın. Hardandır “Nərgiz” fondunda bu pullar görəsən? Xatırlayırsınız, fransız jurnalistləri M. Əliyevanın Fransadakı “xeyriyyəçilik” fəaliyyətini necə qiymətləndirmişdi? “Satın alınmış xeyirxahlıq” ifadəsi ilə. Azərbaycan insanının cibindən oğurlanmış milyonlar hesabına xeyriyyə mələyi olmuş Ülviyyə Mahmudova haqqında da eyni fikirlər keçərli deyilmi?

“O, həssasdır, bəzən çox həssas ruhlar hər kəs üçün və hər şeydən əvvəl insanın özü üçün hədəf olur. Bəlkə, buna görə də tez-tez özündən qaçmağa çalışır. Başqalarının həyatını və bu həyatla birlikdə öz ruhunu da xilas etmək üçün. O, haqsızlığa dözmür. O, çarəsiz, yaralı, kimsəsiz birinin göz yaşı üçün bütün dünyaya meydan oxuya bilər. Bəlkə elə buna görə də, sənətində və yaradıcılığında irrealizm nümayiş etdirir. İrrasionallıq yox, məhz irrealizm. Həqiqətən, irrasionallıq və irrealizm arasında çətin sezilən gizli bir xətt keçir. Bu xətti yalnız həssas, lakin əzəmətli ruhlar hiss edə bilər… Ülviyyə bizə məlum olmayan dünyadan yeni bir güc qazanır. Dünyamızda çox pislik vəyaramazlıqlar var. Bəlkə də, biz anlamırıq. Ona burada yer yox, bizə sadəcə, qapını döymək, həyəcan siqnalı çalmaq və xilas etmək, böyük sevginin xatirinə nifrəti qovmaq üçün geri dönür.Bu, Ülviyyə adı ilə bağlı olan yüksək, mükəmməl bir şeydir.”

Yəqin siz də etiraf edərsiniz ki, dünya tarixində heç bir klassik öz sevdiyini belə vəsf etməyib. Nə saray şairi öz padşahını, nə sufi şairi öz sevdiyini. Belə bir mədhiyyəni yalnız ANS məktəbini bitirmiş bir peşəkar yaza bilərdi. Xatırlayırsınızsa, mediada Leyla Əliyevanın Emin Ağalarovla rəsmən boşanmaxəbəri yayımlanan gün ANS də belə bir açıqlama vermişdi: “Qızlarımız bu xəbəri eşidincə ağlamağa başladılar, informasiya müdirimiz xəbərin təcili dəqiqləşdirilməsi tapşırığını verdi”. O ailəyə yarınma idi, yoxsa ələ salma idi, bilmirik. Amma ailə o xəbəri ələ salma olaraq qəbul etdi və ANS-in aqibətini də gördünüz. Fətullayevin bu təbriki də eynilə həmin “ələ salma” söhbətinə bənzəyir. Allah ailənin qəzəbindən saxlasın!

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close