Xəbərlər

‘Fəhlə günü yoxdur’

Hər il mayın 1-i dünyanın bir çox ölkələrində əməkçilərin hüquqları gündəmə gəlir. Bəs Azərbaycanda əməkçilərin hüquqları necə qorunur? AzadliqRadiosunun bu və başqa suallarla üz tutduğu ekspertlərin məsələyə yanaşması fərqlidir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev əməkçilərin hüquqlarının müdafiə istiqamətində Azərbaycanda qanunların qəbul edildiyini və ölkənin beynəlxalq konvensiyalara qoşulduğunu vurğulayır:

“Xüsusən Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Əmək Müfəttişliyi və Həmkarlar Konfedrasiyası İttifaqı işçilərin əmək, təhlükəsizlik və digər hüquqlarını daim müdafiə edirlər”

Musa Quliyev, arxiv foto

Musa Quliyev, arxiv foto

Onun qeyd etməsinə görə, Əmək Məcəlləsində işçilərin bütün hüquqlarının qorunması ilə bağlı müddəalar var:

“Bütövlükdə Azərbaycanın həm qanunvericlik, həm də beynəlxalq konvensiyalara qoşulmaq və bu hüquqları qoruyan, tənzimləyən icra strukturları baxımından problemi yoxdur. Amma müəyyən məsələlər var ki, məsələn, neftçıxarma, ya da Ələt iqtisadi zonasında Azərbaycanın qoşulduğu konvensiyalar qanunlarımızdan üstünlük təşkil edir, bəzi fərqlər ola bilər. Yəni bunu həmin şirkətlər şərt kimi qoymur, bəzi hallarda beynəlxalq müqavilılər milli qanunvericilikdən üstünlük təşkil edə bilər”.

“Belə subyektivizmə həmişə yol verilir ”

Deputat Musa Quliyev xarici və yerli şirkətlərdə çalışanların diskriminasiyanın olduğunu inkar etmir:

“Diskriminasiya dövlət qurumlarında da olur, bütün dünyada bir işçini layiq olmadığı halda qabağa çəkirlər, başqa birinin isə layiq olduğu halda haqqını verməzlər. Belə subyektivizmə həmişə yol verilir. Bəli, bəzən xarici şirkətlər özlərinin gətirdiyi işçilərə daha yaxşı imtiyazlar yaradırlar, yerli işçilərə isə aşağı maaş verirlər. Bu, yalnız Azərbaycan üçün xarakterik məsələ deyil, bütün dünyada olur. Həmkarlar İttifaqı Konfedrasiyası,Dövlət Əmək Müfəttişliyi bu cür məsələlərdə işçinin müraciəti əsasında araşdırma, elə həmin qurumlar da yoxlama apara bilərlər ”.

M.Quliyev ölkədə işsizlərin sayı haqqında Dövlət Statistika Komitəsinin (DSK) məlumatına istinad etdiyini bildirib:

“Ola bilsin pandemiya dövründə…”

“Bu da 5 faiz civarındadır. Ola bilsin pandemiya dövründə faiz müəyyən qədər artıb. İşsizliyə münasibət hər dövlətin qanunvericiliyinə fərqlidir. Bəzi ölkələrdə kəndlinin torpaq sahəsi olduğu üçün işsiz sayılmır, amma bəzilərində torpaqdan gəlir götürmürsə, işsiz sayılır. Amma biz müvafiq komitənin məlumatlarına əsaslanırıq ki, bu, 5 faiz civarəndadır, ola bilsin bir az çoxdur”.

Sahib Məmmədov, 9 fevral 2009

Sahib Məmmədov, 9 fevral 2009

Əmək Hüquqlarının Müdafiəsi liqasının sədri Sahib Məmmədov isə deyib ki, 1 may BMT tərəfindən əməkçilərin günü kimi tanınsa da, SSRİ illərində bir qədər ideologiyalaşdırıldığından imperilaizmə qarşı proletariatın mübarizə günü kimi qeyd olunurdu:

“Gömrük işçiləri,…”

“İndi mahiyyət dəyişsə də, təəssüf ki, Azərbaycanda 1 may fəhlə günü qeyd olunmur. Hazırda müxtəlif peşə bayramları günü var, gömrük işçiləri, ədliyyə, dövlət qulluqçuları günü , amma fəhlə günü yoxdur. Məncə, belə bir gün qeyd olunmalıdır”.

Əməkçilərin hüquqları necə qorunur sualına gəlincə, S.Məmmədov bildirib ki, Azərbaycanda 5 milyon məşğul insan var:

“Onlardan yalnız 1 milyon 700 mini ilə əmək müqaviləsi var. Müqavilə bağlayanlar az-çox müdafiə altındadır, xüsusən dövlət sektorunda işləyənlərin əmək hüquqları qismən təmin olunur, məzuniyyət hüququndan istifadə edirlər, iş saatına tam da olmasa, əməl edilir, tibbi, icbari dövlət sığortaları var.”

“Amma yerdə qalan 3 milyonla bağlı suallar çoxdur”

Onun fikrincə, özəl sektorda da müqavilə bağlayan işçilərin bu hüquqlarının yerinə yetirldiyi də var, yetirilmədiyi də. S.Məmmədovun vurğulamasına görə, amma yerdə qalan 3 milyonla bağlı suallar çoxdur:

“ Əmək müqavilələri yoxdur, onlar ailə təsərrüfatlarında, qeyri-formal əmək bazarında çalışırlar, yaxud kənddən şəhərə işə gəlib axşam qayıdırlar, yəni bu insanların hüquqlarından danışanda bir qədər çətinlik yaranır. Məsələn, daş karxanasındakı fəhlənin durumunu götürək, orda əməyin mühafizəsi, sağlamlıq hüquqları pozulur, əmək müqaviləsi də yoxdur. Onun neçə saat işlədiyi, təhlükəsiz qaydalarına əməl edildiyi, məzuniyyəti, sığortası varmı sualları açıq qalırsa, burda hüquqdan danışmağa yer yoxdur”.

Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanda işsizlərin sayı barədə rəsmi statistikanın təqdim etdiyi göstəricilər mövcud qanunvericiliyə əsaslanır:

“Amma onminlərlə adam var ki, pay torpaqlarını satsalar da,…”

“Məsələn, 890 min pay torpağı olan ailələr var, orda nə qədər əmək qabiliyyətli insanlar var, avtomatik məşğul sayılır. Amma onminlərlə adam var ki, pay torpaqlarını satsalar da, rəsmiləşdirməyiblər, sadəcə, onlar rəsmən məşğul sayılırlar. Statistika orqanları da heç nəyi saxtalaşdırmadan onları məşğul sayır. Yaxud 1 milyon 200 minə yaxın insan əmək qabiliyyətli iqtisadi qeyri-fəal əhali sayılır, hansı meyarlar əsasında müəyyənləşdirilib? Bu baxımdan yanaşsaq, həmin rəqəmin reallığı əks etdirmədiyi qənaəti yaranır”.

Nazim Bəydəmirli, arxiv foto

Nazim Bəydəmirli, arxiv foto

İqtisadçı, iş adamı Nazim Bəydəmirli isə Azərbaycanda işçilərin hüquqlarının qorunmadığı qənaətindədir. O, Əmək Məcəlləsinə əsasən işçi ilə müqavilə bağlanmasının vacibliyini vurğulayaraq təəssüflənir ki, ölkədə işsizlik yüksək səviyyədə olduğundan insanlar müqaviləni tam oxumurlar:

“Nəticədə sonradan hansı şərtlərlə işə qəbulla bağlı problemlər yaşayırlar. Eyni zamanda, həmkarlar təşkilatları siyasiləşdiyindən işçinin hüquqlarını qorumurlar. Mövcud vəziyyət qapalı və inhisarlaşmış iqtisadiyyatdan doğur.”.

N.Bəydəmirli işsizlərin sayı ilə bağlı rəsmi məlumatların inandırıcı olmadığını hesab edir:
“…Deməli iqtisadi fəal əhalinin 66 faizinin əmək müqaviləsi yoxdur”

“Bu gün iqtisadi fəal əhali 5 milyon 252 mindən çox, onların da 4 milyon 876 min nəfəri hökumət statistikasına görə məşğul əhalidir. Deməli, bizdə işsizlik bu günə 7.2 faizdir. Pandemiyadan əvvəl hətta 5 faiz göstərilirdi. Təsəvvür edin ki, belə işsizliyə iqtisadiyyatı inkişaf etmiş ölkələr ancaq “həsəd” apara bilərlər. Bu ilin mart ayının 1-nə olan DSK-nin məlumatına əsasən muzdla çalışanların, yəni əmək müqaviləsi ilə aylıq maaş alanların sayı 1 milyon 678,5 min nəfər olub, deməli iqtisadi fəal əhalinin təqribən 66 faizinin əmək müqaviləsi yoxdur və hüquqları da qorunmur”.

Bu məsələ və səslənən tənqidlərlə bağlı Azərbaycan Həmkarları İttifaqı Konfederasiyasi ilə isə danışmaq mümkün olmayıb.

Xatırlatma

1 may Beynəlxalq Əmək Günü kimi dünyanın bir çox ölkələrində qeyd edilir. Bu gün əsasən IXX əsrin sonlarından etibarən qeyd edilməyə başlanıb.SSRİ dönəmində Azərbaycanda həmin gün bayram kimi keçirilib.

24 saat” “‘Fəhlə günü yoxdur’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button