2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Fəlakət filmi: susuz, atəş altında, ölümə tərk edilmiş şəhər – Ukraynadan reportaj

Seymur Kazımov

Bu, müharibədir. Rusiya tərəfi Ukraynaya hərbi təcavüzün adını “xüsusi əməliyyat” qoysa da, bu, heç nəyi dəyişmir. Ölüm, dağıntılar, məcburi köçkünlük, zorakılıq və s. Fəlakət filmini xatırladan bu səhnə nə keçmişin təsviridi, nə gələcəyin ssenarisi. İndi yaşanır. Bu an. XXI əsrin 22-ci ilində. Avropada… 

O geniş Ukraynanın elə yerləri var ki, orda insanlar sabaha sağ çıxdıqları üçün özlərini şanslı hesab edir. Çünki həmin ərazilərdə təhlükəsiz yer yoxdur. İstənilən gün və ya günün istənilən saatı ballistik raketlər və ya kasetli bombalar başına tökülə bilər. Rusiya ordusu bu günədək mülki yaşayış məntəqələrini, dəmiryolunda evakuasiya üçün gözləyən vətəndaşları, yardım gözləyən insan növbələrini atəşə tutub. “Bizim hədəfimiz hərbi obyektlərdir” deyən rəsmi Moskva, hərbi ilə yaxından-uzaqdan əlaqəsi olmayan obyektləri və əhalini atəş altında saxlayır. Belə şəhərlərdən də biri Nikolayevdir. 

Münaqişə başlandığı gündən artıq ikinci dəfədir ki, bu şəhərə gəlirik. Fevralın 24-dək əksər azərbaycanlının, o cümlədən dünya ictimaiyyətinin o qədər də yaxşı tanımadığı bu şəhər, son iki ayda aparıcı media qurumlarının baş xəbərlərində yer alır. Sözün bütün mənalarında bombardman altında fəaliyyət göstəririk. İnsanlar var ki, artıq 60 gündür belə şəraitdə yaşayırlar. Hazırda onların yeganə dərdi müharibə deyil, çünki indinin özündə humanitar fəlakətlə qarşı-qarşıyadırlar. Bu barədə bir qədər sonra… 

Saytların yığılması Saytlarin yigilmasi

Nikolayev fevralın 24-dən Rusiya ordusunun işğal etmək istədiyi əsas şəhərlərdən biridir. Qonşu Xerson şəhəri hazırda Rusiya ordusunun nəzarətindədir. Odessaya doğru irəliləmək üçün buranı tutmaq son dərəcə vacibdir. Müəyyən məntəqələrdə döyüşlər gedir. Martın əvvəlində rus tankları şəhərə daxil olsalar da, hamısı zərərsizləşdirilib. Şəhərin əsas küçə və prospektlərində nəzarət-buraxılış məntəqələri, ağır texnika əleyhinə maneələr quraşdırılıb. Hərbi əməliyyatların ilk günündən şəhəri tərk edənlər var. Şəhərdə uşaqlar, demək olar, qalmayıb. Üzərində “Дiти” (“Uşaqlar” – red.) yazılmış mülki avtomobillərin şəhəri tərk etdiyini müşahidə edirik. Bundan əlavə, əhalini evakuasiya edən avtobuslar da gözə dəyir. Şəhərdə gün ərzində bir neçə dəfə partlayış səsləri eşidilir. Zərurət yarandıqca həyəcan siqnalı verilir ki, insanlar təhlükədən sığortalanmaq üçün sığınacaqlara getsinlər. 

Bəzən həyəcan siqnalı da hər kəsin evini və ya həyatını xilas etmir. Aprelin 16-da səhər saat 7-də Rusiya ordusunun atdığı raketlərdən biri düz yaşayış məntəqələrinin yerləşdiyi əraziyə düşdü. Həlak olan olmasa da, binalara ciddi zərər dəyib və yaşanmaz hala düşüb. 

Həmin vaxt hadisə yerindəydik və ətraf ərazilərin bombalandığını müşahidə edirdik. Raketlərin haraya düşdüyünü ilk baxışdan müəyyən etmək çətindir. Dayandığımız məntəqə bir neçə saat öncə bombalanıb və hələ də onun yaratdığı közlər alovlanır. Təhlükəli ərazidəyik. İki aya yaxındır, insanlar bu təhlükənin altında yaşayırlar. Bu, hələ ki, sağ qalanlara aiddir. 

Əraziyə raket səhər saatlarında düşüb, sakinlərin çoxu evdə olub. Birinci mərtəbədə olanlar özlərini zirzəmiyə çatdıra bilib. Yuxarı mərtəbədə yaşayanlar isə fəlakətlə üz-üzə qalıblar; kimisi özünü birtəhər qapıdan bayıra ata bilib, kimini də qonşular və fövqəladə hallar xidmətinin əməkdaşları təxliyə edib. Sakinlər artıq başqa yerə getmək haqqında düşünür- kiminin evi tamam dağılıb, kimi də daha bu təhlükənin altında yaşamaq istəmir. Başqa birisi isə getməyə yerinin olmadığını deyir. 

Çəkilişi bitirib, ərazidən uzaqlaşmağa çalışırıq, amma atəş səsləri bitmir. Avtomobilə əyləşən kimi həyəcan siqnalı verilir və təhlükəsiz məntəqələrdən birinə çəkilirik. Həyəcan bitir və biz də yolumuza davam edirik. Proses gün ərzində bir neçə dəfə təkrarlanır… Raket atəşinin səsləri kimi. 

***

Nikolayev sakinlərinin dərdi yalnız bununla bitmir. Bunun üzərinə daha biri də əlavə olunub, əvvəldə xatırlatdığımız kimi, humanitar fəlakət. Aprelin 12-dən şəhərdə içməli və texniki su problemi yaşanır. Şəhərin su təchizatı sistemi raket zərbəsi nəticəsində zədələnib. Zədələnən hissə aktiv döyüşlər gedən ərazidədir, oraya getmək və su təchizatını bərpa etmək faktiki olaraq mümkün deyil. 

Şəhərdə hamının əlində boş su qabları və bidonlar var. Hər addımda iri su maşınları dayanıb, qarşısında da uzun növbələr… 

Nikolayev Şəhər Şurasının deputatı Ramil Ağabəyovun Pressklub.az əməkdaşına dediyinə görə, əhalinin su ehtiyacının qarşılanması üçün qısa zaman ərzində bəzi tədbirləri həyata keçiriblər. “Odessadan iri tutumlu yük maşınlarında içməli su, iki sudaşıyan maşında texniki su gətirilib. Problem öz həllini tapanadək bu iş davam edəcək. Odessadan olan deputat həmkarım Aleksey Leonova bu dəstəyinə görə təşəkkür edirəm”

Su problemi şəhərdə bütün restoran-kafe, digər ictimai iaşə obyektlərinin fəaliyyətini iflic edib. Hazırda əsas işlək obyekt marketlərdir ki, insanlar da buradan ən çox su alır. Şəhərdə olduğumuz günlərdə əhalinin çətinliyini və su ehtiyacını üzərimizdə hiss etdik.  

***

Sonuncu dayanacağımız martın 7-də işğaldan azad edilmiş Nikolayev Beynəlxalq Hava limanıdır. Rusiya ordusu Ukrayna ərazisində müdaxilə etdiyi ilk gündən etibarən hədəfə aldığı obyektlərdən biri də məhz bura olub. Hava limanının Rusiya ordusundan azad olunmasını Nikolayev vilayəti administrasiyasının rəhbəri Vitali Kim belə qiymətləndirmişdi: “Aeroport bizimdir. Biz öldürdük. Hazırda burada rahatca yerləşirik. Doğrudur, indi təyyarələr uça bilmir, amma hava limanı bizimdir. Nöqtə”. 

Aeroport hələ də strateji obyekt kimi dəyərləndirilir və bizə uçuş-eniş zolağını, təyyarələri lentə almağa icazə verilmədi. Yararsız vəziyyətdə olduğuna görə binanın içərisində çəkiliş apara bilmədik, çünki hər an çökmək təhlükəsi var. Hava limanı hazırda rus qoşunlarının əlində olan Xerson şəhərindən vurulub. Aeroportda sonuncu quruculuq işləri 2017-ci ildə aparılıb. 

***

18 aprel. Bütün gecə boyu həyəcan siqnalı və artilleriya səsləri səngiməyib. Şəhərə düşən mərmilərin səsi bəzən ən yaxın məsafədən gəlir. Odur ki, gecə heç də rahat keçməyib. Gərginlik, çox güman, günorta da davam edəcək- raket düşən yerləri müəyyənləşdirmək, ölən və yaralanan varsa onları aşkar etmək, bir də əhaliyə su paylamaq. 

Bu gün səhərdən başlayaraq, iki qrup əhali şəhərdən evakuasiya olunub. Onları Avropa sərhədlərinə aparıblar, oradan Polşa, yaxud başqa ölkəyə yola salacaqlar. 

***

Nikolayevə həmyerlimiz Anar Rəfiyevin təsisçisi olduğu “Ukrayna Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu”nun təşkilatşılığı ilə getdik. Bu təşkilat Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən xeyriyyə işi ilə məşğuldur; əsasən hərbi qulluqçular və mülki şəxslərə qida, gigiyenik vasitələr, tibbi ləvazimatların verilməsi, o cümlədən hücumdan zərərçəkən şəhərlərin rəhbərliyinə Star-Link avadanlıqlarının hədiyyə olunması, əhalinin təhlükəli zonalardan evakuasiyası, yardımların rahat çatdırılması üçün yol xəritələrinin hazırlanması kimi işlər görür. 

24 saat” “Fəlakət filmi: susuz, atəş altında, ölümə tərk edilmiş şəhər – Ukraynadan reportaj” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button