2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Fərhad Məmmədov: “Rusiya siyasi təşəbbüslərlə çıxış edir, amma pulu o qədər də xərcləmir” 

–       Fərhad bəy, Dağlıq Qarabağ separatçılarının naziri Beqlaryanın “RİA Novosti”yə müsahibəsi yayıldı, bir müddət sonra silindi, yaxud xarici işlər naziri Sergey Lavrov Yerevanda Fərrux kəndi haqda açıqlama verdi, bir neçə saat sonra nazirliyin saytında həmin ifadəyə düzəliş edildi. Bütün bunlar Rusiyada hansı qüvvələrə lazım idi? Bunu Rusiya hakimiyyətinin ümumi siyasəti kimi qəbul etmək lazımdır, yoxsa hakimiyyətdə olan hər hansı bir qruplaşmanın?

–       Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 ili bu il tamam oldu. Ötən illərdə bir neçə dəfə böhran vəziyyəti yaşanıb, amma son 20 ildə müəyyən bir sabitlik mövcuddur. O mənada ki, Rusiya-Azərbaycan münasibətləri 4 əsas sahəni əhatə edir: siyasi dialoq, iqtisadi münasibətlər, hərbi-texniki əməkdaşlıq və humanitar istiqamətdə. Birinci mövzu olan siyasi dialoqda Rusiyanın Minsk Qrupunda həmsədrlik vəzifəsi xüsusi bir yer tutur. 44 günlük müharibədən sonra Rusiyanın mövqeləri 2021-ci il ərzində çox möhkəm oldu. Ötən ilin dekabrından isə Avropa İttifaqı bölgəyə öz təşəbbüsləri ilə daxil oldu. Bu təşəbbüslər siyasi və həm də iqtisadi sahədə var. Rusiya isə ilyarımda siyasi təşəbbüslərlə çıxış edir, amma pulu o qədər də xərcləmir. Avropa İttifaqına gəldikdə, Brüssel ötən il Ermənistana 2.6 milyard avro, Azərbaycana ondan bir qədər az ayırdısa, bu il bir qədər artıq maliyyə paketi elan etdi. Rusiya konsultativ xidmətləri göstərmək istəyir, bu daha çox siyasi xəritə baxımından və sairəni əhatə edir. Ancaq Avropa İttifaqı həm nəqliyyat və sərhədlə bağlı yardımını maddiyyatlaşdırır və onu fərqli terminlərlə ifadə edir. Sualınıza gəldikdə, Avropanın təşəbbüslərini və Brüssel formatını nüfuzdan salma məqamı yarandı. Bu, Şarl Mişelin aprel bəyanatında əks olundu. Birincisi, Azərbaycanın gündəliyinə uyğun olaraq Şarl Mişel nə statusu, nə Minsk Qrupunu, nə Dağlıq Qarabağ ifadələrindən istifadə etmədi. Amma birinci dəfəydi o, Dağlıq Qarabağın erməni əhalisi ifadəsini işlətdi ki, bu da Azərbaycanın istifadə etdiyi terminologiya ilə üst-üstə düşür. Ardınca Ermənistanda narazılıqlar başladı. Narazılıqları da parlament və Rusiyayönümlü müxalifət, həm də rəhbərləri Qarabağdan olan siyasi qurumlar, keçmiş prezidentlər başlatdılar. Eyni zamanda, bölgədə ən çox Rusiyadan asılı olan əhali qrupu. Bu isə Qarabağdan olan erməni əhalisidir. Dekabrdan bəri Avropa İttifaqının vasitəçiliyi ilə gedən prosesdə ermənilər o qədər əndişəli deyildi. Amma aprel görüşündə Şarl Mişel məlum ifadəni səsləndirəndən sonra Ermənistanda “Qarabağ klanı” mitinqlərə başladı, Rusiya da separatçıların dövlət nazirinə dövlətin rəsmi saytnda yer verdi. İkincisi isə erməni cəmiyyətinə göstərirdilər ki, baxın Avropanın və Rusiyanın yanaşmalarına, biz onlara fikirlərini ifadə etmək üçün ən güclü dövlət informasiya resursunda yer veririk. Əlbəttə, Bakının cavabı oldu. Ancaq bu, ilk hadisə deyildi. Ən məşhur olay KTMT-nin baş katibi Nikolay Bordyujanın iş stajının sonuncu günündə qurumun rəsmi səhifəsində Dağlıq Qarabağ ifadəsinin getməsi idi. Bordyuja növbəti gün işdən çıxdı və sayt 1 ay qapalı oldu. Sonra bərpa ediləndə həmin ifadə yox idi. Yəni belə təcrübələr var, amma Bakı diplomatik və qeyri-diplomatik yollarla xəbərlər çatdırdı ki, Azərbaycan ictimaiyyəti bunları narazılıqlarla qəbul edib. İndiki şəraitdə Ukraynada müharibə dövründə Rusiya informasiya saytlarının Qərbdə bağlanması zamanında ələxüsus Moskva ilə müttəfiqlik bəyannaməsini imzaladığı bir ölkədə dövlət informasiya resursunun qapanması da ayrı məsələdir. Düşünürəm ki, bu da Azərbaycan tərəfindən vaxtında atılmış addımdır və nəticəsi olan addımdır ki, Beqlaryanın müsahibəsi saytdan yığışdırıldı.

Saytların yığılması Saytlarin yigilmasi

–       Mən yenidən Rusiyanın xarici işlər naziri Lavrovun sülhməramlılarla bağlı açıqlamasına qayıtmaq istərdim. Rusiya Qarabağdakı kontingentinin qalma müddətini uzadılması üçün Azərbaycandan razılıq almaqdan ötrü hər hansı bir təxribata gedə bilərmi?

–       Rusiyanın hazırda əsas marağı sülhməamlıların mandatı və müddəti ilə bağlıdır. Biz bilirik ki, sülhməramlıların mandatı ilə əlaqədar danışıqlar dalana dirənib. Çünki Rusiya yenidən bu məsələni üçərəfli formatda həyata keçirmək istəyir, Azərbaycan isə Ermənistanın iştirakını lazım bilmir. Hələ görünən budur ki, bu istiqamətdə danışıqlar getmir. Halbuki, müharibə bitəndən sonra məlumatlar vardı ki, Rusiya sülhməramlıların mandatı ilə bağlı hazırladığı layihəni tərəflərə yollayıb. Amma məlumatı Azərbaycan tərəfindən yox, Ermənistandan almışdıq. Və Yerevan deyirdi ki, Bakı buna qarşıdır. Müddətə gəlincə, Qarabağdakı erməni əhalisi bundan istifadə edir. Düşünürəm ki, Rusiya Ermənistandan bu məsələni Avropa İttifaqı qarşısında qaldırmağı tələb edir. Məhz Avropa İttifaqı Azərbaycana Rusiya Sülhməramlılarının bölgədə qalması və mandatını təsdiqləmək üçün çağırış etsin. Əgər Avropanın erməni əhalisinin təhlükəsizliyi ilə bağlı düşüncələri varsa və ittifaqın rəhbərinin xüsusi nümayəndəsi Toivo Klaar bunu dilə gətirirsə, o zaman bu məsələnin hər hansı mexanizmi olmalıdır. Rusiya bu mexanizmin olduğunu deyir, yəni sülhməramlılar. Məsələ ondadır ki, 24 fevraldan əvvəl bunu söyləmək mümkün idi, Ukrayna müharibəsi mənzərəni dəyişdi. İndi belə çıxır ki, avropalılar Rusiya sülhmıramlılarının bölgədə qalma müddətinin uzadılmasının və onlara mandatın verilməsinin tərəfdarı olmalıdır. Rusiya Azərbaycandan bununla bağlı müsbət cavab ala bilməyəcəyini anladığından Ermənistan qarşısında belə tələb qoyur. Azərbaycan tərəfi məcazi desək, bir kitab tərtib edib, bura sülhməramlıların konstruktiv və qeyri-konstruktiv addımlarını yazıb. 2025-ci ilin mayında bu kitabı ortaya qoyacaq və səmərəlilik əmsalı orda ölçüləcək. Çünki bunlar hamısı sənədlə qəbul edilən məqamlar olduğundan sənədlə də nümayiş etdirilməlidir. İndi gələk nəticələrə, əgər o vaxta qədər bölgənin delimitasiyası baş verməyəcəksə, deməli, üçtərəfli bəyanatın 4-cü bəndinin həyata keçirilmədiyini təsdiqləyir. Yəni Rusiya sülhməramlıları vəzifələrini yerinə yetirməyiblər, yaxud tam olaraq yerinə yetirməyiblər. Beləliklə, onlara bu istiqamətdə irad bildirilə bilər, danışıqlar da bu yöndə aparıla bilər.

–       Düzdür, “RİA Novosti” Beqlaryanın müsahibəsini saytdan çıxartdı, Lavrovun da açıqlamasına düzəliş edildi, amma sual yaranır, bütün bunları 2025-ci ilə hazırlıq kimi qəbul etmək olarmı?

–       Mən Lavrovun söylədiyi məqama bir az fərqli yanaşıram. Çünki Ermənistanda Fərrux kəndi ilə bağlı sülhməramlılara qarşı bir irad bildirildi və daim də gündəmdə saxlayırlar. Bundan boyun qaçırmaq üçün Rusiya onu delimitasiyayla bağladı, sonra fikirlərinə aydınlıq gətirdi. Çünki Rusiya üçün bu sual o qədər komfortlu deyil, səbəb də sülhməramlıların azərbaycanlıları geri çəkmək üçün gücü, imkanı yoxdur. Mandatı olmadığı üçün qaydalar yoxdur, yəni sülhməramlılar nəyi edə bilər, nəyi də edə bilməz. Misal üçün, bölgədə erməni tərəfdən ölənlər olub, deyirdilər ki, Azərbaycan snayperi traktorçunu vurub. Bunun istintaqını kim aparır? Azərbaycan aparmır, qondarma rejim guya nəsə dedi, amma ortada heç nə yoxdur. Mandat olsa, bu cür məsələlərlə bağlı istintaqı Rusiya sülhməramlıları aparmalıdır, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin nəzarətində. Monitorinq Mərkəzi mandat qəbul ediləndən sonra mandatın daxilində nəzarəti həyata keçirən bir qurumdur. Dünyanın hər yerində belədir, hansısa hərbi qurumlar fəaliyyət göstərir, amma onlara nəzarəti beynəlxalq qurum həyata keçirir.        

–       Ümumiyyətlə Azərbaycan 5 il tamam olduqdan sonra Rusiya əsgərlərinin Qarabağdan çıxarılmasında maraqlı ola bilər, yoxsa müddətlərinin uzadılmasında?

–       Əgər o vaxta qədər Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, onlar hüququ sənəddə ərazi iddialarından əl çəkəcəksə, nəqliyyat-kommunikasiya xətləri açılacaqsa, sərhədlərin delimitasiya və demarkasiya prosesində irəliləyişə nail olunacaqsa, nəhayət, sülhməramlıların indiki ayrıcı funksiya deyil, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasında konstruktiv rolunu görəcəyiksə, onda bu məsələyə baxıla bilər. Sadaladıqlarım olacaqsa, sülhməramlıların sayına, funksiyasına, silahlarından başlamış digər məsələlərə qədər yenidən baxılması mümkündür. Yəni 1960 nəfər olmasın, olsun 760 nəfər, BTR yox, yalnız tapançası olsun, bunlar hamısı dünya praktikasında mövcuddur. Azərbaycan heç bir şəkildə imkan verməyəcək ki, qondarma rejimin qəbul etdiyi qanunlar işləsin. O zaman bir nümunə oldu, Qarabağda erməni xanım İzaura 5 övladı ilə Xankəndindən Şuşaya tərəf gəlirdi, amma sülhməramlılar onu dayandırıb erməni polisinə təhvil verdi. Bu, artıq konstruktivlik deyil. Əgər Qarabağda yaşayan ermənilər reinteqrasiya olmaq istəyirlərsə, vətəndaşlığı qəbul etmək istəyirlərsə, öz təsərrüfat işləri ilə bağlı Azərbaycana müraciət etmək niyyətləri varsa, onun qarşısı alınmamalıdır. Vaxt keçdikcə, onlar Azərbaycana daha çox müraciət edəcəklər, Laçın tərəfdən yeni yol istifadəyə veriləndən sonra köhnə yolun internet, işıq, qaz infrastrukturu orda qalacaq. Düşünmürəm ki, Azərbaycan bunların işlənməsinə imkan verəcək. Azərbaycanın energetika naziri həmin ərazini qaz paylayıcı şəbəkəyə qoşmağa hazır olduğunu deyib. Çünki kəmərlərin bir hissəsi Azərbaycan ərazisindən keçir. Ümumiyyətlə, Qarabağın su ehtiyatının 98 faizi Kəlbəcərdə formalaşır, 1-2 il sonra Azərbaycan orda hidroelektrostansiyalar tikəcək, bunlar da su anbarlarının üzərində inşa olunur. Deməli, Azərbaycan Kəlbəcərdəki çayları idarə edə biləcək. Bütün bunlar onları Azərbaycanla ünsiyyət qurmağa və şərtləri qəbul etməyə vadar edəcək.  

–       Yenə Rusiya amilinə gələk, bir sıra Duma üzvləri, məsələn, Zatulin gələcəkdə Cənubi Osetiya, Krım ssenarilərinin Qarabağda da tətbiq edilməsinin vacibliyinə toxunur. Rusiya bu ssenarini gerçəkləşdirə bilərmi?

–       Bu spekulyasiyalar var və Rusiyanın Ukraynada başladığı müharibədən sonra Moskvanın addımlarının rasional olub-olmaması ilə bağlı çoxlu düşüncələr səsləndirilir. Bu, niyə olmaya bilər sualı üzərində fikir mübadiləsi aparmaq mümkündür. Yaxud bu, ola bilər sualına cavab vermək isə çox rahatdır. Yəni Rusiya erməni əhalisinə pasport payladı və elədi. Amma niyə olmaya bilər sualı üzərində düşünək. Birincisi Krım, Cənubi Osetiya və Abxaziya fiziki olaraq Rusiya ilə təmasdaydı. Dnestryanı arasında isə Ukrayna var, ən çətin yerdir. Onlar Moldova ilə neytral birliyi dəstəkləyirdilər, yəni konstutusiyaya neytral statusu əlavə olunsun. Gələk Qarabağa, ərazi mühasirədədir, ikincisi təsərrüfat baxımından muxtar deyil, bölgədə pullar generasiya olunmur. Aran ərazi olmadan Qarabağın dağlıq hissəsi maliyyə və təminat baxımından özünü saxlaya bilməz. Üçüncüsü, strateji təşəbbüs Azərbaycanın tərəfindədir. Nəhayət, Türkiyə amili. Artıq uzun illərdir Türkiyə Rusiyaya nümayiş etdirir ki, o güc amilindən istifadə edir. 2020-ci ildə Azərbaycan güc amilindən istifadə etdi. Bu, o demək deyil ki, Rusiya sülhməramlılarına qarşı da bu amildən istifadə olunacaq, amma güc amilinin olması belə çox vacibdir. Adi bir misal, Ukrayna savaşında bütün NATO ölkələri Kiyevi dəstəkləyir, amma iki F-16 bu ölkənin hava məkanına daxil ola bilmir. Ancaq 2020-ci ildə Türkiyənin 2 F-16-sı Azərbaycandaydı, hamı da bunu bilirdi, bu, çox vacib məqamdır. O boyda ABŞ və NATO ölkələri Ukraynanın hava məkanına belə hərbi qırıcılarını göndərmir, Türkiyə isə Azərbaycanda yerləşdirmişdi. Türkiyə amili bir daha onu göstərir ki, Rusiya həmin ssenarini Azərbaycan həyata keçirdə bilməz. Əks halda Rusiya Azərbaycanı tam olaraq işğal etməlidir, bu isə böyük müharibəyə gətirəcək.  Rusiya Ukraynada qısa müddətli uğur qazansaydı, buna necəsə də inanmaq olardı. Amma indiki ümumi zəiflik şəraitində, Qərblə bütün kommunikasiyaların bağlandığı, Cənub və Şərqlə əlaqələrin prioritet olduğu dövrdə bu ərazidə sərt siyasətin həyata keçirilməsi mümkün deyil. Bəli, ola bilsin mövcudiyyəti qalsın, lakin müharibə aparılması mümkünsüzdür.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button