Ölkələrin siyahısında Azərbaycan da var
Meta Platforms (FB.O) bəzi ölkələrdə Facebook və Instagram şəbəkələrində Ukraynanın işğalı kontekstində rusiyalılar və Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışlarına icazə verəcək. Bunu “Reuters” gördüyü daxili yazışmalara əsasən yazır. Bu, şirkətin nifrət çıxışı qaydalarına müvəqqəti dəyişiklik hesab edilir.
Dinc rusiyalılara qarşı çağırış buraxılmayacaq
Sosial media şirkəti Rusiya Prezidenti Vladimir Putin və Belarusun avtokratik lideri Alyaksandr Lukaşenkaya ölüm çağırışları olan postlara da müvəqqəti icazə verəcək.
Meta-nın sözçüsü bəyanatında deyib ki, dinc rusiyalılara qarşı zorakılıq çağırışları buraxılmayacaq.
Rusiyanın ABŞ-dakı səfirliyi “Reuters”in eksklüziv məlumatına istinad edərək Vaşinqtondan tələb edib ki, Meta-nın “ekstremist fəaliyyəti” dayandırılsın.
“Facebook & Instagram istifadəçiləri bu platformaların sahiblərinə həqiqət kriteriyasını müəyyənləşdirmək, millətləri bir-birinə qarşı qoymaq hüququ verməyiblər”, – səfirlik Twitter-də yazıb.
Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışları ilə bağlı dəyişiklik Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukraynanı əhatələyir.
Azov batalyonunu tərifləmək olar
Meta moderatorlarına məktubda qeyd edir ki, nifrət çıxışı siyasətinə dəyişiklik həm Rusiya əsgərləri (hərbi əsirləri çıxmaqla), həm də işğal kontekstində rusiyalılara aiddir.
Rusiya ötən həftə Facebook-u qadağan edib, bu platformada Rusiya mediasına çıxışın məhdudlaşdırıldığını əsas gətirib. Moskva Twitter daxil texnologiya şirkətlərini də hədəfə alıb.
Bir çox sosial media platformaları isə münaqişəyə görə yeni qadağalar tətbiq ediblər. Rusiyanın RT dövlət mediası və Sputnik Avropa İttifaqında bloklanıb.
Meta Ukraynanın sağ-qanad Azov batalyonun tərifinə də imkan verəcək. Adətən platformada belə tərif yasaqlanır. Dəyişiklik batalyonun “Ukrayna Milli Qvardiyasında roluna görə” tətbiq olunur.