2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Faiq Əmirlinin hansı məscidə getdiyini görən olmayıb’

“27 cildlik cinayət işinin 26,9 cildi “Azadlıq” qəzetindən bəhs edir. Faiq Əmirliyə verilmiş ittihamlardan danışılmır. Bu cinayət işi o qədər gülüncdür ki, Avropa Məhkəməsi Konvensiyanın 5-ci (azadlıq hüququ) maddəsi üzrə şikayətimizi qısa müddətdə icraata götürüb, kommunikasiyaya başladı”, – “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin vəkili Aqil Layıcov məhkəmədə belə deyib.

Mayın 19-da Səbail rayon Məhkəməsində F. Əmirlinin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 2016-cı ilin avqustundan həbsdə olan F. Əmirlinin işinə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Faiq Əmirlinin məhkəməsi kiçik zalda keçirildiyindən prosesi izləməyə gələnlərin çoxu iştirak edə bilməyib. Vəkillər məhkəmənin daha geniş zalda keçirilməsi haqda vəsatət qaldırsa da, təmin olunmayıb. Hakim deyib ki, məhkəmə binasında bundan geniş zal yoxdur.

“CİNAYƏT İŞİ QONDARMADIR”

Vəkillər məhkəmə prosesinin video və audio yazı ilə aparılması, F. Əmirlinin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşməsi, onun haqqında cinayət işinin icraatına xitam verilməsi haqda da vəsatətlər qaldırıb.

Vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layıcov cinayət işinin qondarma olduğunu, Faiq Əmirliyə ittihamların sifarişlə quraşdırıldığını bildiriblər.

“İttihamda əvvəlcə guya Faiq Əmirlinin avtomobilindən dini kitab və disk tapıldığı iddia edilirdi. Sonra ittiham tərəfi gördü ki, kitab rəsmi qaydada çap olunub, onun müəllifi mötəbər adamdır (Baş Prokurorun əmisi, YAP Siyasi Şurasının üzvü mərhum Zahid Qaralov – red.), müəllifi tutmaq olmaz, kitab məsələsini cinayət işindən çıxardılar. Disk məsələsi cinayət işində qalıb. Həmin diskdəki material isə Əmirlinin avtomobilində axtarışdan çox-çox əvvəl “youtube.com” saytında yerləşdirilib”, – vəkil Fəxrəddin Mehdiyev bildirib.

Digər vəkil Aqil Layıcovun sözlərinə görə, istintaq iddia edir ki, F. Əmirlinin milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması niyyəti olub. Müdafiəçi bunu “Yuxu” filminə bənzədib: “Əgər Faiq Əmirli düşmənçilik salınması ilə bağlı fikrilərini KİV-də yaysaydı, bu halda, cinayət tərkibindən danışmaq olardı. İstintaq orqanı Əmirllinin hansı mediada belə bir material dərc etdirdiyini məhkəməyə təqdim etməlidir. Bu hal yoxdur”,

“VERGİ BORCU NECƏ YARANA BİLƏR?”

Fəxrəddin Mehdiyev isə F. Əmirlinin vəzifəli şəxs olmadığını bildirib və onun əmək müqaviləsini hakimə təqdim edib:

“Əmək müqaviləsində yazılıb ki, Faiq Əmirli kuryer və redaksiyaya texniki xidmət işlərini görüb. İstintaq orqanı qəzetin redaksiya, çap və digər xərclərini, satılmamış qəzet nüsxələrini hesablamadan, qiymət fərqini nəzərə almadan (“Azadlıq” qəzetinin bir nüsxəsi əvvəllər 40 qəpiyə, son bir ildə isə 60 qəpiyə satılıb. Amma istintaq və vergi orqanı son 5 ildə satış qiymətini 60 qəpikdən hesablayıb) 39 min manat vergi borcu yazıb. Nəzərə almayıblar ki, dövlət müəssisəsi olan “Qasid” yayım firmasının “Azadlıq” qəzetinə 69 min manat borcu var. Əgər dövlət müəssisəsi olan “Qasid” satılmış qəzetlərin pulunu redaksiyaya qaytarmırsa, qəzetin necə vergi borcu yarana bilər? Qəzetin vergi borcu yoxdur və hesablamalar düzgün aparılmayıb”.

Vəkillər istintaqın F. Əmirlini imam kimi təqdim etdiyini də məhkəmənin diqqətinə çatdırıb. Bu zaman məhkəmə zalında olan AXCP sədri Əli Kərimli deyib: “Əgər köməkçim imamdırsa, onda mənim də dini vəzifəmi müəyyən etmək lazımdır”.

“MƏDƏ VƏ ÖD KİSƏSİNDƏ PROBLEMLƏRİ VAR”

Vəkillər F. Əmirlinin səhhətindəki problemlərdən də danışıb. Bildiriblər ki, o, mədə və öd kisəsindəki xəstəliklərdən əziyyət çəkir. Ailəlidir, iki azyaşlı uşağı var. Əvvəllər məhkum edilməyib.

“Onun istintaqdan qaçmaq, istintaqa təzyiq etmək imkanları yoxdur. İttihamlar absurddur. İmamın hansı məscidə getdiyini heç kim görməyib, nifaq salmaq məqsədi olmayıb və istintaq heç nə sübut etməyib. Bütün bunlar onun azadlığa buraxılması və ya barəsində həbs-qətimkan tədbirinin dəyişdirlməsi üçün əsaslar yaradır”, – vəkil Aqil Layıcov həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətini əsaslandırarkən bildirib.

Hakim vəsatətlərlə bağlı qərar vermək üçün müşavirədə olarkən F. Əmirli məhkəmə zalında olan jurnalistlərə deyib ki, sağlıq durumu pisdir. Mədə, öd kisəsi ağrılarından və əsəbdən əziyyət çəkdiyini deyən F. Əmirlinin sözlərinə görə, ona istintaq təcridxanasında dərman verirlər, amma təsiri yoxdur. Cibində gəzdirdiyi sellofan torbanı göstərən Əmirli deyib: “Qaytarıram, ona görə cibimdə torba gəzdirirəm. Yəqin ki, yaxın vaxtlarda öd kisəmdən əməliyyat olunacam”.

Müşavirədən qayıdan hakim Aytən Əliyeva vəsatətlərin heç birinin təmin olunmadığını elan edib.

Məhkəmə iyunun 1-nə təyin olunub.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

Vəkillər son açıqlamalarında isə bildirmişdilər ki, F.Əmirliyə verilmiş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button