Loading...
Loading...
Gündəm

Fazil Mustafa: “Təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir”

165 saylı məktəbdəki hadisəyə görə müəllimə töhmət verilib

“Məktəblərdə özbaşınalıq hallarının qarşısının alınması üçün nəzarət mexanizmləri gücləndirilməlidir. Siniflərə səsli kameralar qoyulmalıdır ki, hər bir valideyn uşağının dərs prosesini kənardan izləyə bilsin”.

Bunu Meydan TV-yə təhsil eksperti Kamran Əsədov sosial şəbəkələrdə 165 saylı tam orta məktəbin şagirdlərinin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlarını əks etdirən videogörüntüyə münasibət bildirərkən deyib.

2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanuna görə, təhsil alanla, təhsil verənin hüquqları, eyni zamanda öhdəlikləri və vəzifələri var. Normal tədris təşkil edə bilmədiyinə görə həmin məktəbin direktoru, direktor müavini və sinif rəhbəri də cəzalandırılmalıdır. İstər tənəffüs, istərsə də dərs saatı olsun-müəllimin məktəb daxilində vəzifələri var. Həmin vəzifələr də mütləq şəkildə yerinə yetirilməlidir”, – deyə ekspert bildirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa isə fənn müəlliminə töhmət verilməsini doğru addım hesab etmir.

DeputatFacebook” hesabında bununla bağlı status yazıb:  “Müəllimi aşağılamağa, töhmətləməyə sizə kim haqq verib? Müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil. Ayağını qaldırıb, partanın üzərinə qoyub, video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib? Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın ustünə çığırmısan. Hələ sertifikasiyaya hazırlaşmağı demirəm”.

Fazil Mustafa statusunda həmçinin qeyd edib ki, 45-50 yaşdan yuxarı bütün müəllimlərə sertifikasiya tələbi ləğv olunmalıdır: “Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır”.

“Müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər, bu konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”, – deyə deputat bildirib.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

Yanvarın 25-da sosial şəbəkələrdə şagirdlərin tədris prosesinə uyğun olmayan xoşagəlməz hərəkətlər etməsini əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Təhsil Nazirliyi həmin görüntülərin Azərbaycanda olmadığını bildirib.

Təhsil eksperti Kamran Əsədov hadisənin Bakının 165 saylı tam orta məktəbdə baş verdiyini ortaya çıxarıb.

165 nömrəli tam orta məktəbin açıqlamasında qeyd olunur ki, məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb.

Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.

Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin açıqlamasında bildirilir ki, müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər görülüb.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button