Loading...
Loading...
SEÇMƏ

Fermerlər: “Monopolistlər əziyyətlə yığdığımız məhsulun qiyməti ilə oynayırlar”

Yayımlandı: 18 İyul 2022 16:10

Moruq becərən sakinlər problemlə üzləşdiklərini deyirlər

“Yeganə gəlir mənbəyimiz moruqdur. Onu toplayıb yerli, Rusiya və digər ölkələrin bazarlarında satırıq. Yalnız bu işlə məşğul olandan nə qədər əziyyət çəkdiyimizi bilirlər. Son vaxtlar sərhəddə problemlər yaradılıb. Bundan əlavə, bir günün içində məhsulun kiloqramı 4 manatdan 2 manatadək endirilib”.

Bunu Meydan TV-yə Şəmkir rayonu, Çinarlı qəsəbəsinin sakinləri olan fermerlər bildiriblər. Onların sözlərinə görə, yol, işçi pulu, sahələrə səpilən dərmanların xərci, eləcə də suya görə ödənişlər bir neçə dəfə bahalaşıb. Məhsulun kiloqramı üçün təklif edilən 2 manat isə maya dəyərindən aşağıdır. Bu qiymətə nəinki qazanmaq, hətta çəkilən xərcləri çıxarmaq mümkün deyil.

Şikayətçilər adlarının mətbuatda çəkilməsini istəməmələrinin səbəbini onunla əsaslandırıblar ki, bir neçə gün əvvəl bu məsələ ilə bağlı etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar şikayət edənlərə gələcəkdə problem yaradılmasından qorxurlar.

“Dövlət Gömrük Komitəsinin Sərhəd Keçid Məntəqəsində problem yaranıb, nəticədə məhsullarımız xarab olub. Bir tərəfdən də bu bazarı əlində saxlayan monopolislər min-bir əziyyətlə yığdığımız məhsulun qiyməti ilə oynayırlar. Bu problemlər səbəbindən ötən həftə moruğun toplanılması bir həftə təxirə salındı”,- sakinlərdən biri danışıb.

Çinarlı Şəmkirin ən böyük qəsəbələrindən biridir, on mindən çox əhalisi var. Fermerlər deyir ki, qəsəbənin 70 faizi moruq yetişdirməklə dolanır. Rusiyada yaşayan şəmkirlilərin bəziləri Rusiya ilə Ukraniya arasında baş verən müharibədən sonra geri qayıdaraq moruq sahələrinə pul yatırıblar. İndi isə onlar qoyduqları pulları çıxarda bilmirlər.

Çinarlı bələdiyyəsinin sədri Arzu Qafarov Meydan TV-yə bildirib ki, icra hakimiyyətində sahibkarlarla görüş keçirilib, onlar dinlənilib. Sahibkarların istəyinin yerinə yetirilməsi üçün əlaqədar orqanlara müraciət edilib. “Dövlətimiz fermerlərin bütün problemləri ilə maraqlanır və onlara köməkliklər edilir, bu məsələdə də narahatlığa əsas yoxdur”.

Meydan TV

Gözdən qaçırmayın:  Ərini öldürməkdə ittiham olunan qadın: “Məni döyürdü, boğurdu, özümü müdafiə edəndə…”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button