Now Reading:
“Feyk” xəbərlərlə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur

Yalan xəbərlərə qarşı mübarizə aparmaq məqsədilə 2018-ci ilin sonuna qədər qəbul ediləcək qanun layihəsinin mətni tezliklə təqdim olunacaq.

az24saat.org oxu.az-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bir müddət öncə mətbuat işçilərinə müraciətində bəyan edib.

Prezidentin sözlərinə görə, demokratiyanı yalan məlumatlardan qorumaq üçün hüquqi müddəaları daha da inkişaf etdirmək lazımdır.

Fransa prezidenti vurğulayıb ki, saytlara sponsorlaşdırılmış bütün məlumatlar, onları çatdıranların kimliyi, onlara nəzarət edənlər, belə xəbərlərlə bağlı məbləğin məhdudlaşdırılması ilə bağlı şəffaf məlumat verilməlidir.

Yəni, yeni qanun siyasətçilərə, dövlət xadimlərinə qara yaxan, səhv xəbərlər yayan internet saytlarını məhkəməyə cəlb etməyə, belə portalları bağlamağa və ya blok etməyə imkan verəcək.

Fransa dövlətinin başçısı, eyni zamanda, internetdə yayımlanan xəbər platformalarını məsuliyyətli olmağa və jurnalistika sahəsində peşə etikasına riayət etməyə çağırıb.

E.Makron qeyd edib ki, xarici dövlətlərin nəzarətində və təsiri altında olan televiziya xidmətlərinin destabilizasiya cəhdlərinə qarşı mübarizə aparmaq məqsədilə Fransa Audiovizual Ali Şurasının səlahiyyətləri də artırılacaq.

Bəs görəsən, Azərbaycanda belə bir qanun layihəsi hazırlana və müzakirələrə çıxarılaraq, parlament tərəfindən qəbul oluna bilərmi?

Bununla bağlı hakim partiyadan – Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Eldəniz Səlimov ilk öncə deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub.

Onun sözlərinə görə, istər ölkə Konstitusiyasında, istərsə də digər normativ-hüquqi aktlarda söz və mətbuat azadlığının təmin edilməsi öz birmənalı əksini tapıb.

O qeyd edib ki, məhz söz və mətbuat azadlığının təmin olunmasının nəticəsidir ki, ölkədə yüzlərlə qəzet, jurnal, o cümlədən, saytlar, portallar, informasiya agentlikləri, telekanallar fəaliyyət göstərir və onların da fəaliyyətinə hər hansı bir müdaxilədən söhbət gedə bilməz.

Millət vəkilinin fikrincə, əksinə, yazılı və elektron KİV-lərin fəaliyyətinin daha da yüksək səviyyəyə çatdırılması, peşəkar media mənsublarının sosial-iqtisadi durumlarının yaxşılaşdırılması üçün dövlət və ölkə rəhbərliyi tərəfindən hər cür əməli kömək, dəstək göstərilir.

“Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının yaradılması, ölkə başçısı İlham Əliyevin birbaşa göstərişi və şəxsi təşəbbüsi ilə jurnalistlərin mənzillərlə təmin olunması üçün dövlət büdcəsindən vəsaitin ayrılması, 2013 və 2017-ci illərdə 156 və 255 məzildən ibarət olan iki binanın tikilib istifadəyə verilməsi və sair deyilənlərə əyani sübutdur. Dünyanın heç bir yerində buna rast gəlmək mümkün deyil. Ancaq Azərbaycanda jurnalistikada əməyi, zəhməti olan insanlar məhz dövlətin hesabına mənzillərlə təmin olunur və 2020-ci ildə yeni – 3-cü binanın istifadəyə verilməsi nəzərdə tutulur. Ancaq çox təəssüflər olsun ki, – bunu heç də hər kəsə, hər jurnalistə və media quruluşuna aid etmək olmaz – bəzi media orqanlarında, xüsusilə də, peşəkarlıqdan uzaq, təsadüfi insanların “rəhbərlik” etdiyi elekton KİV-lərdə yalan, böhtan, qarayaxmalar baş alıb gedir.

Düzdür, bununla da bağlı mübarizə aparılır- həm Mətbuat Şurası, həm də hüquq-mühafizə orqanları səviyyəsində… Amma hələ də böhtan atmaqla, insanların şərəf və ləyaqətinə toxunmaqla, qarayaxmalarla, yalanlarla məşğul olan “media mənsubları” və “media quruluşları” var. Ona görə mətbuatımızın, mətbuat nümayəndələrin daha da peşəkarlaşdırılması, məsuliyyət hissinin daha da artırılması, ən əsası, yalan-dolan xəbərlərin, dəqiqləşdirilməmiş informasiyaların aradan yığışdırılması üçün məhz bizdə də bu yöndə yeni qanunvericilik aktına və ya mövcud qanunlarda dəyişikliklərə ehtiyac var” – deyə millət vəkili sözlərinə əlavə edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.