Now Reading:
Fikrət Hüseynlinin Kiyevdə yaşadığı evə basqın olub

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib. Qaçan zaman müəyyən bədən xəsarətləri alıb. Bu barədə Fikrət Hüseynlıiyə yaxın mənbə Amerikanın Səsinə bildirib.

Mənbənin sözlərinə görə, basqınçılar mülki geyimdə olub, özlərini polis kimi təqdim ediblər. Onların arasında Azərbaycan dilində danışanlar da olub.

“Hazırda Fikrət Hüseynli nisbətən təhlükəsiz yerdə gizlənir. Onu hər yerdə axtarırlar”, mənbə bildirib.

Mənbənin dediyinə görə, Fikrət Hüseynlinin yaşadığı evə basqınla bağlı artıq vətəndaşı olduğu Niderland Xarici İşlər Nazirliyinə məlumat verilib.

“Hazırda Niderland Xarici İşlər Nszirliyi Ukrayna Xarici İşlər Nazirliyi ilə danışıqlar aparır. Niderlandın Ukraynadakı səfirliyi Hüseynlinin Ukraynadan təhlükəsiz çıxarılması işləri ilə məşğuldur”, mənbə qeyd edib.

Fikrət Hüseynli Azərbaycan iqtidarını kəskin tənqidləri ilə tanınır.

O Azərbaycanda nəşr olunmuş “Azadlıq” qəzetinin əməkdaşı olub. Jurnalist təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb.

Hüseynli 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.

Bundan sonra daha 4 məhkəmə iclasında prokurorluğun şikayəti təmin edilməyib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

“Onun təhvil verilməsi haqqında qərar qəbul edilməsinin gecikdirilməsi bizdə narahatlıq hissi doğurur, belə ki, o və onun “müdafiəçiləri” ədalətli mühakimədən yayınmaq üçün hər cür tədbirə əl atırlar. Bundan başqa, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda onun aldatdığı, fırıldaqçı əməllərindən zərər çəkmiş insanların hüquqları pozulur”, Qaralov məktubunda yazır.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.