2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fındığın ümidinə qalan ölkə

120 milyard dolllar neft puluyla səfalət yaradanlar, 5-10 milyon manatla  inkişaf yaratmaq eşqinə düşüb

Bu bir faktdır ki, Azərbaycan hökumətinin leksikonunda “inkişaf” kəlməsi toxunulmazlıq statusu qazanıb. Ağır böhran, iqtisadi tənəzzül, həyat şəraitinin pisləşməsi  hökumətin “inkişaf”ına əngəl törədə bilmir. Vətəndaş minimal ehtiyacları ödəmək iqtidarında olmasa da, hökumətimiz yoxsulluğun və işsizliyin “kökünü” kəsib, ölkəni “cənnət”ə çevirib.
Ölkə başçısı İlham Əliyevin Yevlax müşavirəsində də inkişaf ənənəsi davam etdirilib. Ölkə başçısı qeyri-neft sektorundakı uğurlardan danışıb, yeni yaradılan iş yerlərindən xəbər verib, regionlardakı inkişafa diqqət çəkib.
Ölkə başçısı bildirib ki, ötən il 94 milyon dollar dəyərində pomidor, 68 milyon dollar dəyərində xurma, 24 milyon dollar dəyərində pambıq ixrac olunub. Hətta bildirib ki, fındıq ixracı rekord həddə çataraq, 105 milyon dollar təşkil edib.
Doğrudan da ölkəmiz acınacaqlı vəziyyətdədir. Yeraltı-yerüstü sərvətlərlə zəngin olan, 100 milyardlarla vəsaitin daxil olduğu ölkənin vətəndaşlarına qəpik-quruşla təsəlli verirlər. 24 ildən sonra xurmanın, pomidorun, pambığın minimal ixracıyla öyünürlər. Hansıki, bu illər ərzində neft pullarının verdiyi imkandan bəhrələnərək, qeyri-neft sektorundan ölkəyə milyardlar gətirilməliydi. Faktiki  olaraq potensial baxımından bütün parametrlər üzrə Azərbaycandan geri qalan Gürcüstan dünyaya Azərbyacandan çox məhsul ixrac edir. Bu ölkədə təkcə turizm və səhiyyə xidmətləriylə büdcəyə milyardlar daxil olur.
Ən dəhşətlisi isə budur ki,  fındıqdan 105 milyon , pomidordan 94 milyon dollar gəlir əldə etməklə öyünən hökumət, neftdən gələn 100 milyardlarla cəhənnəm yaradıb. Bundan sonra 1000 il keçməlidir ki, hökumətin qeyri-neft sektonda uğur kimi göstərdiyi pomidor, fındıq, xurmadan gələn vəsait, 10 ildə neftdən gələn vəsaitə bərabər olsun.  100 milyardlarla dollar sayəsində normal əməkhaqqı vermək, normal səhiyyə sistemi yaratmaq, elm sahəsini inkişaf etdirmək, büdcəni şişirtmək, iş yerləri açmaq, təqaüdləri artırmaq, vətəndaşı bank asılılğından qurtarmaq, regionlardakı acınacaqlı vəziyyəti düzəltmək mümkün olmayıbsa, fındıqdan, pomidordan, xurmadan gələn 50-100 milyonla necə cənnət yaratmaq olar? Əgər böyük pullarla böyük işlər görülməyibsə, kiçik pullarla böyük işlər görmək olacaqmı? Üstəlik, korrupsiya, monopoliya, hüquqsuzluq qüvvədə qalıb. Üstəlik, mənasız layihələrə milyardlar xərcləməyə davam edilir, ölkə sərmayə qoyluşu azalır və dövlətin xarici borc yükü artır. Yəni, hakimiyyət ölkəni bütövlükdə problemlərdən xilas edə biləcək vəsaitlə normal vəziyyət yarada bilməyibsə, bundan sonra da xırda ixrac əməliyyatlarıyla vəziyyəti düzəldə bilməz. Fakt budur ki, real islahatlara start verilmir və imitasiya davam edir. Bir müddət əvvəl yerli avtomobil istehsalından, yerli mebel istehsalından dəm vururdular və artıq bu təbliğat iflasa uğradı. İndi də pambığın, fındığın, xurmanın üzərində təbliğat aparırlar.
Möhtəşəm fürsətləri şəxsi maraqları naminə dəyərləndirənlər, ölkə iqtisadiyyatını, xalqın taleyini fındıq-qozun ümidinə buraxıblar. İdxaldan asılı olan ölkənin hökumətinin cılız ixracla öyünməsi, növbəti nağıla keçidin göstəricisidir.

Saytların yığılması Saytlarin yigilmasi

Samir

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button