Loading...
Loading...
Xəbərlər

Flora Kərimova: Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın

“Daha müxalifətliyə yer qalmayıb”

Bu günlərdə səksən yaşını qeyd edən Xalq artsiti Flora Kərimova -nin suallarını cavablandrıb.

O, sənətlə yanaşı, siyasətdən, müxalifətdən, 44 günlük müharibədən də danışıb.

– Flora xanım, yaradıcılığınızın iki mərhələsi olub: Sovet və müstəqillik dövrü. Sizin üçün hansı daha yaddaqalan olub?

– Heç biri. Çünki sovetlər vaxtı da, müstəqillik dövründə də məni çox incidiblər. Hərdən ikiüzlülük edirlər ki, sovetlər vaxtı pisiydi, indi yaxşıdır. Yox, düşmən həmişə düşməndir. Əgər kimsə mənimlə düşmənçilik aparmaq həvəsindədirsə, 80 yaşımda da bunu edəcək. Bu gün-sabah dünyadan köçəcəyəm, millətimdən üzr istəyirəm, həmişə və hələ də əl-ayağımı yeyirlər. Gah qızıma, gah oğluma, dünyadan köçənlərimə, gah ana bətnində vəfat edən nakam nəvəm Florama həsəd aparırlar. Millətimin mənə olan münasibətinə, torpağıma bağlı olmağıma, hətta ailə faciəmə belə həsəd aparırlar. Özlərində olmayanları məndə görüb, qısqanıb, ağızlarını Allah yoluna qoyurlar. İndi də əl çəkmirlər, bir söz deyirəm, şişirdirlər. Bəzən görürsən ki, “YouTube”da olan hansısa mahnıma barmağını aşağı salıb, bəyənməyib. Mütləq bir savadsız, paxıl barmağını aşağı salacaq. Səksən yaşıma kimi, bu sözü deməmişəm. İndi deyirəm, çünki artıq boğaza yığılmışam. Mənim vokalımdan yüksəyi yoxdur. Tamaşalı, kinolu, hamısı birlikdə min yüz mahnı oxumuşam. Sən onun bir faizini oxuya bilməyəcəksən. Elə mahnı oxumalısan ki, insanların beyninə, ürəyinə yol tapsın.

– Musiqidən söz düşmüşkən, Sovet dövründə güclü bəstəkarlarla çalışmısınız, həmin illərin senzurası bu əməkdaşlığın imkanlarını hansı həddə qədər genişləndirməyə imkan verirdi?

– Bir ay oxumuşam, üç ay ağzımı möhürləyiblər. Bunu xoşa gəlmək üçün edirdilər. Bədbəxtlər, yaltaqlanmaq üçün bilmirdilər ki, daha nə etsinlər. Flora düz söz deyən kimi onu “vurmaq” üçün əllərinə fürsət keçirdi. Xalqımdan bir xahişim var. Bəzi insanlara müraciət edirəm, yaltaq olmayın. Birincisi, yuxarıların bundan xoşu gəlmir. Konkret olaraq kimləri nəzərdə tutduğumu bilirsiniz. Başı daşdan-daşa dəyən yuxarılar, yaltaqların dediklərinə inanmır. Onsuz da bilirlər ki, sözləriniz yalandır. Bilirlər ki, tale üz döndərsə, siz o insanlardan hamıdan əvvəl qaçacaqsınız. Yaltaqlıqla xalqı bədbəxt etməyin. Millətin belini sındırmayın, xalqın tərbiyəsini pozmayın. Yadımdadır, bir dəfə fəxri adların təqdimatı idi, efirdə nümayiş olunurdu. Rəhmətlik Heydər Əliyev soruşdu ki, niyə Floranın səsi eşidilmir? Şairlərdən biri cavab verdi ki, ona qadağan ediblər. Bunlar elə bilirdi ki, rəhbərlik düz sözə görə mənə münasibəti korlayacaq. Hansısa andan istifadə edib, məni ekrandan çıxarırlar. Amma düz sözümə görə xalqımın, millətimin mənə münasibəti həmişə yaxşıdır.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Vəziyyət indi də belədir, qadağalar var?

– İndi dəyib-dolaşan yoxdur. Bir məsəl var: “Zər qədrini zərgər bilər”. Bu günlərdə səksən illik yubileyim idi. Hansısa telekanalın yubileyimə biganə yanaşdığını görmədim. Ya köhnə verilişlərimdən, müsahibələrimdən, ya da çıxışlarımdan verdilər. “Xəzər” Televiziyasının prezidenti Murad Dadaşov doğum günümü xüsusi təbrik etdi. Məni başa düşən, ayağa verməyən, mühafizə edən, öz münasibətini sərgiliyən, “ona dəyməyin, o sənətkardır”, – jestini edən elə özü də sənətkardır. Onun mənə nə qədər antipatiyası olsa da, sənətkarlıq başqa cür davranmağa qoymazdı. Sayğısı, qayğısı qoymaz ki, mənə ya gizli, ya da açıq düşmən olsun. Bütün telekanallar məni təbrik etdilər. Ona görə yox ki, səksən yaşım var, yubileyimdir. Onlar mənim sənətimə qiymət verirlər. O qədər sənət adamı var ki, yaşı səksən də olur, doxsan da. Qızıma zarafatla deyirəm ki, anan qurban, çamadanlarımı yığıram, köçməyə. Deyir ki, Allah eləməsin, sən məni, qardaşımı yetim qoyursan? Oğlum mənə deyir ki, əllidən çox yaşım var. İnan ki, sən olmasan, mən yetim qalaram, iki yaşlı uşaq yanımda yalan olar.

– Siz bir müddət – konkretləşdirsək, 90-cı illərin sonları müxalifət düşərgəsilə sıx münasibətdəydiniz, 2003-cü ildən sonra əlaqə tədricən kəsildi. Bu, sənətlə bağlıydı, yoxsa başqa səbəblər də vardı?

– Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət – əsl, əldəqayırma yox – çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır. Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm. Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət – intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki daha müxalifətliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar.


24 saat” “Flora Kərimova: Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın” başlıqlı yazını “”yə istinadən dərc edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button