SEÇMƏ

Flora Kərimovanın vəkili: “Polis Afət Fərmanqızının axtarışı ilə bağlı iş görmür”

Yayımlandı: 16 Noyabr 2022 16:18

Afət Fərmanqızı: “Məni axtaran orqana yaşadığım ünvanı göndərmişəm”

Polis Afət Fərmanqızının axtarışı ilə bağlı işlər görmür. Müğənninin məcburi qaydada məhkəməyə gətirilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarı polisə göndərilsə də, nəticə yoxdur”.

Bunu Meydan TV-yə Xalq artisti, müğənni Flora Kərimovanın vəkili Xavər İsmayılova deyib.

Flora Kərimovanın müğənni Afət Fərmanqızı (Həsənova) barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə 2022-ci il mayın 13-də keçirilib.

Binəqədi Rayon Məhkəməsi qarşı tərəfin məhkəməyə məcburi qaydada gətirilməsinə dair vəsatəti təmin edib.

Afət Fərmanqızı barəsində həbs nəzərdə tutulmadan axtarış elan olunub.

2022-ci ilin fevralında, məhkəməyə verilməzdən bir ay öncə Rusiyaya köçən Afət Fərmanqızının vəkili isə müğənninin iştirakı olmadan prosesin keçirilməsi ilə əlaqədar öncə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi.

Bakı Apelyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxladığı üçün müğənni Ali Məhkəmə kasasiya şikayəti vermişdi.

Bu dəfə də onun şikayəti təmin olunmamışdı.

2022-ci ilin oktyabrın 27-də hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərara əsasən, Afət Fərmanqızının məhkəmədə mütləq iştirakı qüvvədə qalmışdı.

Flora Kərimovanın vəkili Xavər İsmayılova deyir ki, Afət Fərmanqızının tapılaraq, məhkəməyə cəlb olunması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə rəsmi məktub göndərilsə də, hələ də cavab verilməyib:

“Afət Fərmanqızının axtarışı ilə bağlı məhkəmə qərarı bu ilin mayından polisə göndərilib. Artıq məsuliyyət polis orqanlarının üzərindədir. Onlar Afət Fərmanqızının axtarışı ilə bağlı hərəkəti həyata keçirməli, onun yerini müəyyən etməlidirlər. Afət Fərmanqızı polislər tərəfindən məhkəməyə gətirilmədiyi üçün icraat dayandırılıb. Afət Fərmanqızı ölkə xaricindədir. Onun tapılıb, bura gətirilməsi polis tərəfindən həll olunan məsələlərdir. Biz yaxın günlərdə təkrar Binəqədi Rayon Polis İdarəsinə yazılı müraciət edəcəyik”.

Foto: APA

Binəqədi Rayon Polis İdarəsindən məsələyə münasibət bildirilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Meydan TV-nin zənglərini cavablandırmayıb.

“2022-ci ilin fevralında ailə qurub, Rusiyaya köçdüm. Rusiyaya köçəndən bir ay sonra məhkəməyə verilməyimlə bağlı məlumat gəldi. Flora Kərimova mən ölkədən çıxandan bir ay sonra məhkəməyə müraciət edib”, – məsələyə münasibət bildirən Afət Fərmanqızı Meydan TV-yə deyib:

Vəkil tutduq, proseslərdə iştirak etdi. Məhkəmədə dedi ki, Afət Fərmanqızı özü olmayacaq, amma onu mən təmsil edəcəyəm. Vəkilimə bildirdilər ki, xeyr, Afət özü məhkəməyə gəlməlidir. Həkimim mənə təyyarəyə minməyə icazə vermədiyi üçün Azərbaycana gələ bilmədim. Sonra oxudum ki, axtarışa verilmişəm”.

Afət Fərmanqızı axtarışa verilərək, məhkəməyə məcburi qaydada gətirilməsi qərarına da şərh verib:

Gözdən qaçırmayın:  Status: Kimə və niyə?

“Yerim-yurdum bəllidir, məni kim axtarırsa harada olduğumu bilir. Hüquq-mühafizə orqanlarının məni tapması çox asandır. Məni axtaran orqana yaşadığım ünvanımı da göndərmişəm. Sosial şəbəkələrdə axtarış etsəniz, görərsiniz ki, hər gün toylardayam. Hər gün çıxış etdiyim toylardan canlı yayımlar edirəm. Hansı restoranda oluramsa, şəklimi qoyuram, yerini də qeyd edirəm. Mən qaçmıram, sadəcə, ailə qurub, Rusiyaya köçmüşəm. Flora Kərimovaya da təşəkkür edirəm ki, mənim Rusiyaya köçüb, burada yaşamağımı buradakı azərbaycanlılara car çəkmiş olub. Onun sayəsində həftənin yeddi günü toylardayam”.

Qalmaqal Afət Fərmanqızının 2019-cu ildə İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini mahnı kimi oxumasından sonra başlayıb.

Flora Kərimova müğənnini ifasına görə tənqid edib.

Afət Fərmanqızı da “İnstagram” səhifəsində Flora Kərimova ilə bağlı sərt fikirlər söyləyib.

Bu da tərəflər arasında məhkəmə çəkişməsinə səbəb olub.

Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib.

İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button