2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Flora Kərimovaya bağışlanan “zapı”

Flora Kərimova ən azı 2006-ci ildə mövqeyini dəyişib. 2005 deputat seçkisində onun qələbəsini oğurladılar.

Avropa Məhkəməsinə müraciət etdi və xeyli miqdarda pul uddu. Jurnalistlər o zamandan bəri nə qədər etsələr nə saxta seçki, tayfa-klan mövzusunda onun məlahətli səsini eşidə bilmirdilər. Həqiqət naminə deyək ki, Flora xanımın yoluna, şəxsiyyətinə ehtiram olaraq, onun barədə digər “U” dönüşü edənlər kimi nə media, nə ictimaiyyət acı tənqidi bir şey danışmadı, yazmadı.
Mənim üçün Flora Kərimovanın sintezator ustası Kəmaləddin Heydərovla yaradıcı estetik və siyasi planda yaxınlaşması aşağıda nəql edəcəyimlərindən daha az pərişanlıq yaratdı.
2006-ci ildə bir biabırçı, faşist hadisə olmuşdu, orda Flora Kərimovanı rol alan kimi görmək böyük məyusluq qaynağı idi. Məzkur hadisə təzə yaranan İTV haqda Rovshan Hacibeylinin hazırladığı kitabın rejimdə hiddət yaratması, daha sonra məhkəmə qərarı əsasında kitabın müsadirə edilib yandırılması, məhv edilməsiylə bağlı idi. Belə bir axmaq, gülünc və barbar qərar vermişdi məhkəmə. Ona görə də bir qrup jurnalist Beynəlxaq Mətbuat Mərkəzində konfrans verirdi. İTV indiki təbirlə desək, bütün trollarını da ora cəlb etmişdi. Trollar orda yumşaq desək, qanacaqsızlıq və meymunluq nümayiş etdirirdi. Flora xanım da ordaydı. Oturmuşdu və bu eybəcər mənzərə onun da gözü önündə cərəyan edirdi. O zaman Xaliq Bahadırla xanım Kərimova arasında detallarını dəqiq yada sala bilmədəyim polemika getdi. Flora Kərimova Azərbaycan jurnalistikasına qara yara kimi düşən İTV direktoru İsmayıl Ömərovun tərəfində, bizim qarşımızda idi.
Biz onun aydın formada siyasi mövzuda danışdığını 2008-ci ildə gördük. Açıq formada İlham Əliyevə saxta seçkidə səs verəcəyini elan etdi.
Möhtərəm oxucudan xahiş edirəm, bura qədər yazdıqlarıma, nə bundan sonrakılara görə qəti və qəti Flora xanımı hədəf almayasınız. Niyyətim Flora Kərimovanı tənqid etmək deyil. İstəyirəm, sənətkarın vəsilə olduğu hadisəyə, iki-üç gündür müzakirə edilən mövzuya fundamental yanaşaq. Şəxslərdən xali, pripsiplər, dəyərlər konteksində. Ona keçməzdən əvvəl bir sual verim, Flora xanımın müxalif mövqeyi tərk etməsi, dediyim kimi azı 15 il olduğu halda niyə indi bu hadisə ajiotaj yaratdı? Mənə elə gəldi ki, sanki adamlar birinci dəfədir, sensasiya kimiymiş kimi Flora xanımın o tərəfdə olduğunu görür. İnformasiya qıtlığıdır, yoxsa, belə bir insanın şər rejiminin yanında dayanmamasına hələ də təhəmmül göstərməmə?!
Flora xanımın yaxud, vətəndaşlarının rəğbətini sənəti ilə qazanmış ixtiyarı birinin mürtəce rejimin yanında yer alması, üstəlik “U” dönüşü edərək, tənqidə layiq hadisədir, buna görə belə tənqidçiləri tənqid edənlər ciddi arqumentdən və saxtakarlıqdan əziyyət çəkir. Flora xanım təzə hansısa mahnı ifa etməyib ki, onun tənqidçilərinin qarşısına “o görkəmli, təkrarsız sənətkardır” kimi çürük arqumentlə çıxırsınız. Bəyəm kimsə, xanım Kərimovanın özünəməxsus ifasında səsləndirdiyi
“Halıma yanan gərək,
səsin düşəndə yada.
Ötən günləri qoru
Yaxşı bax vermə bada”-kimi ifalarının legetimliyini itirdiyini iddia edir ki? Əminəm, Flora xanım, hətta sabah “8 mart gününün Zərifə Əliyevanın doğum günün tarixi ilə əvəzlənməsini” təklfi etsə, yenə də onun mahnılarını ən qatı müxalifətçi sevə-sevə dinləyəcək. Bunlar başqa-başqa mövzulardır.
Məsələ, problem ictimai-siyasi mövqeylə bağlıdır. Gəlin, açıq danışaq, müğənni İlhamə sağkən və ölərkən ictimai rəydə onun barədə deyilən, yazılan tikanlı sözlər bəyəm onun oxuduğu mahıların pis, keyfiyyətsiz olmasına görəydi ki? Əsla. İlhamənin neçə mahnısı var ki, bir müxalifətçi kimi onları illərdir dərin zövq içində dinləyirəm. Məsələn, birini deyim, siz də yoxlayın. “Göygöl” (burdan dinlə https://www.youtube.com/watch?v=8NDkVfgSSCU)
İlhamə və Flora bir zaman bizim müğənnilər içində xeyir və şərin rəmzi idilər. Flora xanımı da fərqləndirən, onu doğma edən ifası ilə bərabər ictimai-siyasi mövqeyi idi. İndi tərk etdiyi, hətta lazımsız hesab etdiyi mövqeyi. Birini həyat alıb apardı, o birini də özünüz bilirsiniz. Beləliklə, 20-30 il davam edən dialektik antoqonizm bu insanların simasında dinc və sülh şəratində sona çatdı. Vəssalam. Bunu nə ona, nə bir başqasına şəxsən mənim qadağan etmək nə imkanım var, nə həvəsim. Belə vəziyyətlərlə üzləşəndə sadəcə, Nazim Hikmətin “bence artık sen de herkes gibisin” misralarını xatırlayır, orjinallığını itirənlərin yeni ünvanlarınını vururam yaddaşa gedir.
“Tənqidçiləri tənqid edənlər”in belə bir fikiri də çox düşündürücü və problemlidir: O bundan artıq mükafata layiqdir (İlham Əliyevin verdiyi medalı nəzərdə tutaraq). Burda bir insanı ilahiləşdirmək, toxunmaz etmək kimi bir ilahiləşdirmə görürəm. Hərçənd, qədim Romada Flora çiçək, gənclik ilahəsi sayılırdı. Qəribə burasıdır ki, qədim romalıların, yunanların öz allahlarına yanaşması sami dinlərindəkindən köklü fərqlənirdi. Onlar sami dinlərdəki kimi allahlarını qüsursuz saymırdılar, onlara görə allahların da insanlar kimi zəif cəhətləri, xətaları, yaramazlıqları ola bilirdi, buna görə allahlar toxunulmaz deyildi. Bizimkilər isə ilahiləşdirdiyi adamlarına eynən sami dinlərindəki kimi yanaşır. Toxunmaq olmaq, tənqid, müzakirə heç olmaz. Flora Kərimova da bir başqa x-də tənqid oluna bilər, özü də lap sərtindən də. Hələ aşkar ziyanlı mövqeyə görə hətta belə tənqidlər vacibdir. Lakin, sualımız başqadır, görəsən, “tənqidçiləri tənqid edənlər” “bundan artıq mükafata layiqdir” deyəndə hansı mükafatı nəzərdə tuturlar?
Heydər Əliyev ordenini, yoxsa, Milli Qəhrəman adını? Bilmirəm.
Mənə görə bir sənətkar üçün mənəvi planda ən böyük mükafat xalqın rəğbətini qazanmaqdır ki, o yolda da bizim hakimiyyət əsl sənətkarlara mane olmasa kifayətdir. Min nümunə görmüşük ki, xalqın nəzərində hörmət sahibi olan nə qədər siyasətçi, sənətkar, köşə yazarı hökumətlə isnişən kimi manatın devalvasiyasından da betər formada dəyərdən düşür. Kiminsə buna etirazı var?
Xalq mənəvi planla bərabər Flora xanıma daha yüksək mükafatını vermişdi də. 2005 seçkisində ona parlaq qələbə üçün bol səs vermişdilər, deputat seçmişdilər. Noldu? Onun əlindən elə indikilər aldılar. Bu bilirsiniz nəyə oxşayır? Avtomobil zavodu quran biznesmenin zavodunu partladıb sonra ona bir sovet “Zaparojest”i bağışlamağa.
Flora Kərimova, yaxud hər hansı x-ın maddi ehtiyaclar içində yaşamasını istəmərəm. Fəqət, bu cür insanlara dövlət yardım adı altında, əslində korrpusiya layihəsi kimi pul ayırıb bunu incəsənətə, vətəndaşlara xidmət kimi təqdim etmə təşəbbüsləri saxtalıq və riyakarlığı ilə hiddət doğurur. Flora xanım və onun kimi yaradıcı insanlar dünyanın normal ölkələrində ən zənginlər sırasındadır. Dövlət büdcəsinə yük deyillər, əksinə, özləri müxfəlif fondalar yaradıb, yetim-yesirə əl tuturlar. Bizdə niyə olmur? Ona görə yox ki, sənətkarlarımız xəsisdir, yaxud, buna ağılları çatmır. Səbəbin başlıcası odur ki, ölkədə azadlıq yoxdur, nə siyasi-iqtisadi, nə gerçək yaradıcılıq təşəbbüsləri baxımından. Mürtəce rejim qabiliyyəti-qabiliyyətsiz hər kəsi zəlil edib özünün minnətli yardımına, qayğısına möhtac edir. Belə bir rejimə qarşı isə müxalifətdə dayanmaq vicdanlı insanın qəlbinin tələbidir. “Azərbaycanda müxalifət yoxdur” kimi səfeh fikirlərlə heç kim öz köləliyini cilalamaq, bəzək düzəyə tutmaq eşqinə düşməsin.
Ölkədə quldar-feodal bir sistem iş başındadır. Kim ona baş əymirsə, o insana ehtiram edilməlidir. Çünki, bu iqrarı ilə həmin şəxs müxalifətçi olmasından da üstün bir keyfiyyət sahibi olduğunu sübut edir.
Problemimiz ayrı-ayrı insanlarla deyil, daha dərindir, rejimlə, onu idarə edən zəlil təfəkkürlə bağlıdır.
Sonda Flora xanıma yaradıcılığında uğurlar, xoşbəxtlik və uzun ömür arzulayıram.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button