"Formula-1"in təşkilatçıları Turan Agentliyinin fotomüxbirinə akkreditasiya verməyib
Baku City Ring əməliyyat şirkəti Turan Agentliyinin fotomüxbiri Əziz Kərimova 13-15 sentyabr tarixlərində keçiriləcək “Formula-1” yarışları üçün akkreditasiya verməkdən imtina edib.
Təşkilatçıların rəsmi cavabında deyilir: “Sizin Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə akkreditasiya üçün etdiyiniz müraciətə artıq müvafiq qurumlar tərəfindən baxış keçirilib. Aparılmış hərtərəfli qiymətləndirməyə əsasən, namizədliyiniz müvafiq tələblərə tam cavab verə bilmədiyindən təəssüf ki, Sizə akkreditasiyanın verilməsi uyğun görülməyib”.
Cavabda hansı tələblərdən söhbət getdiyi, “müvafiq qurumların” hansı qurumlar olduğu və “hərtərəfli qiymətləndirmənin” nədən ibarət olduğu bildirilmir.
Baku City Ring-in əməkdaşı şəxsi söhbət zamanı fotomüxbirimizə deyib ki, Turan-ın “Formula-1” yarışları mövzusunda nəşrləri və guya agentliyimizin saytının oxucu sayının az olması yuxarılarada kimlərisə qane etməyib.
Maraqlıdır ki, bir neçə az tanınan saytın və bütün hökumətyönlü KİV-lərin fotomüxbirlərinə yarış üçün akkreditasiya verilib.
Bizim fotomüxbirimizə gəlincə, Əziz Kərimov Azərbaycandan Herd Buserius Fondunun və Avropa İttifaqının Media-Hub layihəsinin nüfuzlu beynəlxalq mükafatına layiq görülmüş yeganə fotojurnalistdir.
Onun Ukrayna müharibəsindən, Qarabağ müharibəsindən, Türkiyədəki zəlzələdən nadir əsərləri Reuters, Financial Times, BBC, DW, Guardian, New York Times, Forbes və s. kimi dünya agentlikləri tərəfindən dərc edilib.
Əziz Kərimov bütün əvvəlki “Formula-1” yarışlarını müvəffəqiyyətlə işıqlandırıb, onun çoxsaylı fotoəsərləri isə Getty İmage kimi dünya lideri tərəfindən dərc edilib. Turan-ın saytında yarışlar haqqında fotosessiyalara isə minlərlə baxış olub. Bundan başqa, əvvəlki yarışların təşkilatçıları dəfələrlə fotomüxbirimizə yüksək peşəkarlığına görə təşəkkür ediblər.