2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Fuad Ələsgərovla Əli Həsənov qarşı-qarşıya – ANALİZ

Prezidentt Administrasiyasıdaxili savaşa start verildi

Mətbuatda ilk açıq həmlə Əli Həsənova qarşı edildi

Hökumətin onlayn media quruluşlarından biri – “Avropa.info” saytı sözün əsl mənasında sensasiyalı bir iddia ilə çıxış edib.
Saytın 15 avqust tarixli sayında dərc olunmuş “Əli Kərimlini Prezident Administrasiyasından kimlər və nəyin qarşılığında maliyyələşdirir?” sərlövhəli yazıda iddia olunub ki, AXCP sədri Əli Kərimlinin əsas maliyyə mənbəyi Prezident Administrasiyasında əyləşib!

Saytların yığılması Saytlarin yigilmasi

Yazıda öncə AXCP sədrinin ailəsinin Londonda yaşamasına, övladlarının burda bahalı məktəblərdə oxumasına diqqət çəkilir, “bu pullar hardandır”, deyə sual edilir və ardınca “milyonlarla hesablanan” bu pulların mənbəyi göstərilir. Müəllif qeyd edir ki, əvvəllər AXCP sədri ləğv olunmuş MTN tərəfindən maliyyələşdirilib. Lakin MTN AXCP sədrinin hökumət daxilindəki yeganə maliyyə mənbəyi olmayıb.
Sitat: “Lakin qaragüruhun “sönməz günəş”inin alış-verişi bununla da bitmir. Kərimliyə ən böyük maddi dəstək isə Prezident Administrasiyasındakı (PA) bəzi məmurlar tərəfindən verilir. Kərimlinin Prezident Administrasiyası tərəfindən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməsi və bunun müqabilində yüksək “qonorar” alması barədə məlumatlar mövcuddur. Avropa.infoya daxil olan təkzibolunmaz məlumatlara görə, qaragüruhun “yeganə lideri” bu gün də Prezident Administrasiyasında əyləşən bəzi şəxslər tərəfindən maliyyələşdirilir və instruktaj edilir. Söhbət heç də dövlət və dövlətçilik prizmasından getmir. Axı Kərimli belə işlərdə olduqca yarıtmazdır. Dövlət və dövlətçilik anlayışları qaragüruhun “sönməz günəş”i uçun yad anlayışlardır.

Söhbət Kərimlidən “su bulandırmaq”, şantaj vasitəsi, hakimiyyət daxilindəki rəqiblərə hücum məqsədli istifadədən gedir. Bu barədə saytımıza kifayət qədər faktlar daxil olub və Əli Kərimlinin PA-nin bəzi işçilərinin agenti olduğunu sübut etməyə vaxtımız çox getməyəcək…”

İcazənizlə, sual edək: NƏ BAŞ VERİR? Bu ağır ittihamlar Prezident Administrasiyasında kim(lər)ə qarşı yönəlib? Həqiqətənmi PA-dan kimlərsə Əli Kərimliyə pul buraxır? Bu ittihamları hakim komandada böyük “təmizləmənin” anonsu hesab etmək olarmı? (AzPolitika.info)

İnformasiyanın yayılmasında Fuad Ələsgərov maraqlı olub?

Xural.com saytına ekspertlərin məsələ ilə bağlı şərhi isə ortaya ilginc məqamlar çıxarıb. Məlum olur ki, Əli Kərimlinin Prezident Administrasiyası tərəfindən maliyyələşdirilməsi ilə bağlı ictimai rəy yaratmaq sifarişi elə həmin qurumda təmsil olunan digər bir qrup tərəfindən verilib.

Azərbaycanda demək olar ki, cüzi istisnalarla bütünlükdə mətbuatın nəzarətə götürüldüyü bir vaxtda, bir saytın ən radikal, mübariz və avanqard müxalif qüvvə hesab edilən bir partiya sədrinin Prezident Administrasiyası tərəfindən maliyyələşməsi barədə öz-özünə informasiya yayması mümkün deyil. Sözügedən informasiyanın yer aldığı saytın Dövlət Təhlükəsizlik Xidmətini rəisi Mədət Quliyevlə dostluq əlaqələrinin olması, Mədət Quliyevin isə Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovun kurasiya etdiyi xəttə olması mətbu və ictimai-siyasi çevrədə hamıya məlumdur. Beləliklə, çıxan nəticə odur ki, bu informasiyanın yayılmasında Prezident Administrasiyasının önəmli şəxslərindən sayılan Fuad Ələsgərov maraqlı olub.

Bəs hədəf kimdir?

Əli Kərimlinin Prezident Administrasiyasından maliyyələşdirilməsi yazılan infiormasiyanın başlığında qeyd edilsə də, xəbərin özündə bu məsələnin üstündən keçilib və konkret ad çəkilməyib.

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan Prezident Administrasiyasının yeni strukturu müəyyənləşib. Müəyyən dəyişikliklər olsa da, Prezident Administrasiyasının rəhbəri vəzifəsi dəyişməz qalıb və Ramiz Mehdiyev öz vəzifəsinin icrasına davam edir.

Ancaq Əli Kərimlinin Prezident Administrasiyası tərəfindən maliyyələşdirilməsi barədə informasiya yaymaq rəhbər olaraq Ramiz Mehdiyevin marağında olmamalıdır və bu, heç kim üçün inandırıcı olmaz.

Strukturda təmsil olunan Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Azər Əmiraslanov, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev, Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Əsədov, Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov və digərləri önəmli simalar hesab edilsələr də, onların heç birinin ictimai-siyasi məsələlərdə xüsusi yetkisinin olmadığı, ümumiyyətlə, bu cür proseslərdə iştirak etməmələri hamıya məlumdur. Siyasi partiyalarla birbaşa əlaqəli, hətta vəzifə borcu olaraq ilgisi olan yeganə şəxs isə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovdur. Yəni hətta icazəli və ya icazəsiz olsa belə, hansısa partiyanın və ya partiya sədrinin maliyyələşdirilməsi Əli Həsənovun tutduğu postun səlahiyyətinə aid məsələdir. Bu səbəbdən də yayılan informasiyada məhz Əli Həsənovun birbaşa hədəf alındığı təsdiqini tapır.
Fuad Ələsgərovla Əli Həsənov savaşının səbəblərinə gəlincə

Məmurlararası qovğa 2018-ci ilə hesablanıb

Prezident Administrasiyasında yüksək vəzifə tutan iki məmur arasında qrup savaşına start verilməsi barədə məlumat vermişdik. Xural.com-a ekspertlərin şərhlərinə əsasən, savaş Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovla Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov arasında gedir. Qrup maraqlarının toqquşması xeyli müddətdir başlasa da, ictimaiyyət və media üçün qapalı idi. İlk açıq həmlə isə Fuad Ələsgərov tərəfindən gəldi. Belə ki, onun nəzarətində olan saytlardan biri “Əli Kərimlini Prezident Administrasiyasından kimlər və nəyin qarşılığında maliyyələşdirir?” sərlövhəli yazı ilə çıxış edərək, Əli Kərimlinin əsas maliyyə mənbəyinin elə Prezident Administrasiyasında əyləşdiyini yazdı. Yazıda ad çəkilməsə də, ekspertlər hesab edirlər ki, yazıda hədəf administrasiyada ictimai-siyasi məsələlərdən sorumlu olan şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovdur. F.Ələsgərov Ə.Həsənovu radikal müxalifət hesab edilən partiyanı maliyyələşdirməsi ilə bağlı gündəmə gətirərək, onu “vurmağı” hədəfləyib.

Təbii ki, bu zaman ortaya suallar çıxır. Demək olar ki, eyni səviyyəli səlahiyyətlərə malik olan iki administrasiya məmuru niyə bir-birini bitirməyə çalışır? Özü də prezident seçkilərinin keçiriləcəyi qaynar 2018-ci ilə hazırlaşılan bir dövrdə hakimiyyətdaxili savaş niyə bu qədər alovlanıb? Xeyli müddətdir gizli gedən administrasiyadaxili savaş nədən mətbu sferaya daşındı?

Məsələni xural.com-a şərh edən ekspertlər bildirir ki, Həsənovla Ələsgərov arasındakı savaş elə 2018-ci ilə hesablanıb. Belə ki, ötən ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya edilən dəyişikliyə əsasən, 2018-ci seçkisində və bundan sonrakı dönəmlərdə prezident 5 il deyil, 7 il müddətinə seçilmiş olacaq. 2018 seçkisində YAP-ın namizədinin kim olması tam dəqiqləşməyib. Hakimiyyət daxilindəki qruplardan biri İlham Əliyevin, digəri isə hazırda birinci vitse-prezident postunda olan Mehriban Əliyevanın namizəd olmasına çalışır – ən azından kənardan görünən, ya da cəmiyyətə yeridilən budur. Maraqlıdır ki, administrasiyada təmsil olunan F.Ələsgərovla Ə.Həsənovun hər ikisi M.Əliyevanın prezident olmasını arzulayan qrupa aiddir – gələn informasiyalar belə qənaətə gəlməyə imkan verir. Onların arasındakı savaş isə M.Əliyevanın prezident olacağı dövrdə şəxsi ambisiyaları ilə bağlıdır. Belə ki, onların namizədinin prezident olması reallaşarsa, administrasiya daxilində ciddi kadr dəyişikliyi labüddür. Administrasiya rəhbəri də daxil olmaqla bir çoxlarının vəzifəsi ilə vidalaşaçağı, bəzilərinin isə səlahiyyət sərhədlərinin məhdudlaşacağı və ya genişlənəcəyi gözlənilir. Bu qovğanın içərisində güclü bəndlər var ki, onların əsas hədəfi isə məhz administrasiya rəhbəri olmaqdır – ya da yeni komandanın əsas simalarından biri. Bu sıradakı əsas fiqurlar isə Fuad Ələsgərov və Əli Həsənovdur ki, onlar artıq xeyli müddətdir ki, bir-birilərini gözdən salaraq, gələcək karyeraları üçün həlledici nəticələrə nail olmaq istəyirlər. Bunun ilk açıq həmləsi isə, qeyd etdiyimiz kimi, Əli Həsənova qarşı “müxalifəti maliyyələşdirmə ittihamıdır”. Ancaq gələn xəbərlərdə qeyd edilir ki, qarşı tərəf də boş durmayaraq, kompromat yolu ilə güclü və həlledici həmlələrə hazırlaşır. Çünki qarşı tərəf qismində Əli Həsənov dayanır ki, onu nəzarətində çox böyük media arsenalı var. Və Əli Həsənov belə zarafatları sevmir…

Görünən isə odur ki, 2018-ci il seçkisi dönəmində əsas savaşlar elə hakimiyyətin daxilində gedəcək.
Xural.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button