2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gəncə sakini: “Bir adamı uzun müddət həbsdə çürütmək həvəsi bu hakimlərdə hardandır?”

Yayımlandı: 31 Yanvar 2023 20:07

 Ali Məhkəmə əvvəlki qərarı ləğv edib yenidən araşdırmağa göndərib

Gəncə sakini Elçin Dajban məhkəmə sistemindən narazıdır. Deyir ki, həbsdə olan oğlunun işi üzrə obyektiv, hərtərəfli araşdırma aparılsaydı, bu gün fərqli nəticə ortaya çıxardı.

Saytların yığılması Saytlarin yigilmasi

“Tərəflərin davranışına, həyat tərzinə baxın”

“Mən başa düşə bilmirəm ki, iki azyaşlı uşağı olan, gənc, normal həyat tərzi olan bir adamı uzun müddət həbsdə çürütmək həvəsi bu hakimlərdə hardandır? Əlbəttə, cinayət törədən hər kəs onun cəzasını da çəkməlidir. Amma hakimlər, məhkəmələr də ona görədir ki, bu hadisələrin necə baş verdiyini araşdırsın. Hadisədə iştirak edən tərəflərin hər birinin davranışlarına, həyat tərzinə baxsın…”, – Elçin Dajban Meydan TV-yə danışır.

Gəncədə dava: bir nəfər öldü, biri yaralandı…

1990-cı il təvəllüdlü Nicat Dajban 2 il 2 aydan çoxdur ki, həbsdədir. O, 2020-ci il noyabrın 17-də Gəncədə Mirağa Əliyevi qətlə yetirməkdə ittiham olunur.

Cinayət işinin materiallarında göstərilib ki, axşam saatlarında Nicat Dajban dostu ilə birlikdə supermarketdən bazarlıq edib, maşınla çıxanda onlar arasında mübahisə yaranıb. Səbəb isə sərxoş vəziyyət olan Mirağa Əliyevin öz avtomobilinin qapısını açarkən qapının Nicat Dajbanın maşınına dəyməsi olub. Həmin vaxt Mirağa Əliyevin də yanında iki dostu olub. Mübahisə qısa çəkib. Amma tərəflər söhbəti maşın bazarının yanında davam etdirmək qərarı veriblər.

Cinayət işinin materiallarına əsasən, orada Mirağa Əliyev Nicatın yanında olan Rövşən adlı şəxsi bıçaqlayıb. Ətrafdakıların başı onu təcili xəstəxanaya aparmağa qarışıb. Bu zaman Nicat Dajbani də öz maşınına tərəf qaçaraq, oradakı cib bıçağını götürüb və Mirağa Əliyevi vurub. Mirağa Əliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

“Özümü müdafiə eləmişəm”

Nicat Dajbaniyə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə adam öldürmə) və 228.4 (qanunsuz olaraq, soyuq silahı əldə etmə, gəzdirmə) maddələrilə ittiham verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi ona bu maddələrlə də 16 il 6 ay həbs cəzası verib.

Hərçənd, o, özünü təqsirli bilmir. Məhkəmədə də bildirib ki, onun Mirağa Əliyevi öldürmək niyyəti olmayıb:

“Maşın bazarına gələn kimi bıçağı çıxarıb Rövşəni vurdu. Onda mən də qaçdım maşına, qapını bağladım. Ardımca gəlib maşının qapısına, şüşəsinə də bıçaqla vururdu. Mənim onu öldürmək niyyətim olmayıb, özümü müdafiə eləmişəm”.

Nicat Dajbani 16 il 6 aylıq hökmdən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, ona verilən ittiham düzgün deyil, burada xuliqanlıq niyyətilə adam öldürmədən söhbət gedə bilməz. Ona görə də ittihamı Cinayət Məcəlləsinin 120.2.2 maddəsindən 120.1 (qəsdən adam öldürmə) maddəsinə tövsif edib. Cəzanı isə 9 ilə endirib.

“Maşının da üstündə bıçaq yerləri var”

Bu hökmdən həm Nicat Dajbani, həm zərərçəkmiş Mirağa Əliyevin ailəsi, həm də prokurorluq Ali Məhkəməyə şikayət verib.

“Nicat özünü müdafiə edib. Maşının üstündə də bıçağın izləri var. Şahidlər də bunu deyir. Birini bıçaqlamışdı, onu xəstəxanaya aparmışdılar. Oğlumu da bıçaqla qovub maşının içinə salmışdı. Bunlar söz deyil, faktdır. Onu da bıçaqlamaq, öldürmək niyyəti vardı…”, – atası Elçin Dajbani belə deyir.

Təqsirləndirilən şəxsin vəkili Ali Məhkəməyə kassasiya şikayətində onun özünü müdafiə məqsədilə bu addımı atdığını əsas gətirərək, icraata xitam verilməsini istəyib.

Zərərçəkmiş tərəf narazıdır

Zərərçəkmişin hüquqi varisi və prokurorluq isə əksinə, apelyasiya məhkəməsinin ittihamı və cəzanı yüngülləşdirməsinə etiraz edib. Zərərçəkmiş tərəf iddia edir ki, Nicat Dajbani heç bir səbəb olmadan mübahisə yaradıb, daha sonra mübahisəni davam etdirib. Zərərçəkmişin fikrincə, onun əməlində elə xuliqanlıq niyyətilə qəsdən adam öldürmə cinayətinin əlamətləri var.

Ali Məhkəmə  təqsirləndirilən şəxsə “yox” desə də, zərərçəkmiş tərəfin kassasiya şikayətinə və prokurorluğun protestinə münasibətdə Gəncə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. İş yenidən araşdırılması üçün bu instansiyaya qaytarılıb.

“Mənim istədiyim odur ki, işə hərtərəfli baxılsın. Məhkəməyə kənar təsirlər olmasın. Hələ ki, çox şeyləri danışmaq istəmirəm…”, – Elçin Dajbani əlavə edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button