Loading...
Loading...
SEÇMƏ

Gəncə sakini: “Yoldaşımın barmaqlarını qapı arasında qoyublar, ona ağlagəlməz işgəncələr veriblər”

“Cinayətin açılması görüntüsü yaratmaq üçün bir ailəni bədbəxt edirlər”

Gəncə sakini Rumiyyə İsmayılova deyir ki, bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onun həyat yoldaşı qurban seçilib. Onun sözlərinə görə, ərinə heç bir aidiyyəti olmayan cinayətə görə ağır cəza verilib.

9 il əvvəlki qətl

Söhbət 2011-ci ilin fevralında Zaqatalada baş vermiş qətl hadisəsindən gedir. Zaqatala sakini, 1950-ci il təvəllüdlü Seyran Əyyubova yaşadığı evdə qətlə yetirilib. Bu cinayətin üstü uzun müddət açılmayıb. 9 il sonra – 2020-ci ilin fevralında hüquq-mühafizə orqanları həmin cinayətinin üstünün açılması haqda məlumat yayıb. Məlumatda bildirilirdi ki, Gəncə sakini, 1973-cü il təvəllüdlü Polad İsmayılov Seyran Əyyubovanı öldürdüyünü etiraf edib.

Seyran Əyyubova evini müxtəlif bölgələrdən Zaqatala bazarına gəlib, kənd təsərrüfatı və başqa məhsullar satan adamlara günlük kirayə verirmiş. Şahidlərin dediyinə görə, elə gün olub, evdə 15-dən çox adam gecələyib.

Rumiyyə İsmayılova Meydan TV-yə danışır ki, həyat yoldaşı da bu qadının evində günlük kirayə qalanlardan olub. Yük maşınının sürücüsü olan Polad İsmayılov həmin dövrdə daş karxanasından mişar daşlarının daşınması, Zaqatala bazarında satışıyla məşğul olurdu.

“Yoldaşımı saxlamağa bəhanə olsun deyə, polisə müqavimət ittihamıyla sənədləşdirdilər”

Yoldaşım yük maşınının sürücüsü olduğuna görə ölkədən kənara da tez-tez gedib-gəlirdi. Pasportunda ölkəyə giriş-çıxış möhürləri də var. Zaqatala zonasına yük aparanda neçə illər idi ki, bu qadının evində gündəlik pul verib kirayə qalırdı. Həmin gün yoldaşım tək olmayıb, Tərtərdən olan həmkəndlisilə birlikdə olub. Gecəni qalıblar, səhər də çıxıb bazara gediblər. Həmkəndlisi gündüz bazarın yanındakı kafedə çörək yeyəndə yoldaşım da maşınındakı nasazlığı düzəldib”, – Rumiyyə İsmayılova danışır.

Onun sözlərinə görə, həyat yoldaşı polis şöbəsində məruz qaldığı işgəncə nəticəsində həbsinin ilk günlərində etirafedici ifadəyə imza atmağa məcbur olub. Eyni ifadəni sonradan kamera qarşısında da təkrarlamağa onu məcbur ediblər:

“Yoldaşımın barmaqlarını qapı arasında qoyublar, ona ağlagəlməz işgəncələr veriblər. Əvvəl yoldaşımı saxlamağa bəhanə olsun deyə, polisə müqavimət göstərməsi haqda saxta sənəd hazırlayıb, məhkəmədən 10 sutkalıq inzibati həbs qərarı aldılar. Bu müddətdə də ona işgəncə vermişdilər. 10 gündən sonra onu qətldə ittiham eləyib, haqqında yeni həbs qərarı çıxartdırdılar”.

“Sanki uşaq başı aldadırlar”

Rumiyyə İsmayılova deyir ki, iş materiallarında çoxsaylı ziddiyyətlər var. Onun sözlərinə görə, vəkil bu ziddiyyətləri məhkəmənin nəzərinə çatdırsa da, əhəmiyyət verilməyib:

“Məsələn, iddia edirlər ki, hadisə yerindən kişiyə məxsus üçüncü qrup qan tapılıb. Mənim yoldaşımın qan qrupu isə birinci qrupdur. Guya genetik qan mənim yoldaşıma məxsus çıxıb. Bu, necə ola bilər? Sanki uşaq başı aldadırlar. Cinayətin açılması görüntüsü yaratmaq üçün bir ailəni bədbəxt edirlər”.

Gözdən qaçırmayın:  Əlillik müddəti uzadılmayan astaralı: “Xəstəxanaya getməyə yolpulu tapmıram”

Polad İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində ifadəsində deyib ki, Zaqatala Rayon Polis Şöbəsində fiziki işgəncələrə məruz qalmaqla yanaşı, polis rəisi və müavini onu zorlama ilə hədələyib. Onun sözlərinə görə, polis şöbəsində elə həddə çatdırılıb ki, ölüm işini boynina götürməkdən başqa əlacı qalmayıb.

Polad İsmayılovun qadını qisas məqsədilə qətlə yetirdiyi iddia olunur. İttihamda yazılıb ki, hadisə baş verən günün gecəsi Polad İsmayılov Seyran Əyyubanın evində gecələyəndə çarpayıda yatmaq istəyib. Amma ev sahibi icazə verməyib, başqa qonağı olacağını deyib. Səhər yuxudan oyananda Polad İsmayılov həmin çarpayının boş olduğunu görüb və qadının onu aldatdığını düşünüb. Səhər o, qohumu Nicatla birlikdə evdən çıxıb bazara getsə də, günorta geri qayıdıb və Seyran Əyyubovanı qətlə yetirib. İttihamda yazılıb ki, hadisədən bir müddət əvvəl başqa bir məsələ ilə əlaqədar da Polad İsmayılovla Seyran Əyyuba arasında mübahisə olub.

Rumiyyə İsmayılova deyir ki, çarpayıya görə kiminsə adam öldürdüyünü iddia etmək absurddur.

Polad İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti də nəticəsiz qalıb. Onun vəkili Zabil Qəhrəmanov Ali Məhkəməyə kassasiya şikayəti verib. Yaxın vaxtlarda bu işə Ali Məhkəmədə baxılacaq.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button