Loading...
Loading...
SEÇMƏ

Gəncədə dağıntılar altından çıxarılan Xədicənin yaxınları narazıdır

Yayımlandı: 29 İyun 2022 14:03

“Kirayə pulu verilmir, İcra Hakimiyyəti də deyir ki, “bizlik” deyil”

Gəncəyə raket atılması nəticəsində dağıntılar altından çıxarılan 3 yaşlı Xədicə Şahnəzərovanın yaxınları narazıdır.

Səbəb isə onun yaşadığı evin hələ də tikilib başa çatdırılmaması, kirayə pulunun verilməməsidir.

“Məsələ böyüyəndən sonra gətirib axırıncı ayın kirayə pulunu verdilər”

2020-ci il oktyabrın 17-də Gəncəyə raket hücumu nəticəsində Muxtar Hacıyev küçəsində II döngədəki 24 saylı ev də dağılıb.

Hadisə zamanı Xədicənin atası Röyal Şahnəzərov, anası Züleyxa Şahnəzərova və 1 yaşlı bacısı Mədinə həlak olub. Həmin ev Xədicənin nənəsi, 64 yaşlı Təzəgül Şahnəzərovaya məxsusdur.

O, xeyli vaxtdır ki, digər oğlu və onun ailə üzvləriylə birlikdə yaşayır.

Gəlini Nərminə Şahnəzərova Meydan TV-yə danışır ki, iki ilə yaxındır kirayədə qalırlar. Müvafiq qurumlar nə evi tikib başa çatdırır, nə də kirayə pulunu ödəyirlər:

“Ya evi təhvil versinlər, gedib yaşayaq, ya da qayda-qanuna uyğun kirayə pulu versinlər. Neçə ay bizə bir qəpik kirayə pulu verilmədi. Bir müddət əvvəl şikayət etmişdim. Məsələ böyüyəndən sonra 2-3 gün öncə gətirib axırıncı ayın kirayə pulunu verdilər”.

“Onun üçün orada qalmaq çox çətin olacaqdı”

Nərminə Şahnəzərovanın sözlərinə görə, məsələ ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, “bizlik deyil” cavabını alıblar. Kirayə pulu verilməməsinin səbəbi isə belə izah edilib:

“Hadisədən sonra evi dağılan bir çox vətəndaşlar yataqxanada yaşayıb. Amma mənim qayınanam orada qala bilmədi. Düzü, buna imkan verə bilməzdik. Qəfildən ailəsinin üç üzvünü itirmiş, yaşlı, xəstə adamdır. Onun üçün orada qalmaq çox çətin olacaqdı. Kirayələrdə də onun üçün çox ağırdı…”

Foto: Meydan TV

“Evlərdə az qala, hər gün usta davası döyülür”

Tikilən evin hazırkı vəziyyətinə gəlincə, Nərminə Şahnəzərova deyir ki, tamamlama işlərinə hələ çox var.
Onun sözlərinə görə, sadəcə, divarları tikilib, evin damı vurulub, indi içində suvaq işləri gedir.

Hesab edir ki, bu vaxta qədər yubanmanın səbəbi işlərin ləng getməsi, yetərincə ustanın cəlb olunmamasıdır:

“Guya demişdilər ki, avqustun axırına qədər bitirib təhvil verilməlidir. Biz də gözləyirik. Amma avqustun axırına çatası deyil. Fəhlə verilmir. Hazırda bir bizim evdə iş gedir. O da ona görə ki həyat yoldaşım iş-gücünü atıb, gedib orada iş görür. Digər evlərdə az qala, hər gün usta davası döyülür. Usta yoxdur. Bizim evdə hələ indi hasarın bünövrəsini qoyurlar”.

“Ev hazırdır, tamamlama işləri gedir”

Gözdən qaçırmayın:  Nikol Paşinyan: “Azərbaycan yeni müharibəyə hazırlaşır” (yenilənib)

O əlavə edib ki, hücum zamanı evi dağılan digər sakinlərin durumu da ağırdır. Onların da evləri təhvil verilmir, kirayələrdə əziyyət çəkirlər.

Gəncə sakini Rüfət Əsgərov də hadisə zamanı evi yararsız hala düşənlərdən biridir.

Onun sözlərinə görə, raket onun evindən təxminən 200 metr aralı düşüb. Nəticədə onun da evi dağılıb. O vəziyyətdə evdə yaşamaq mümkün olmadığına görə məcbur qalıb, kirayə qalıb.

Foto: Meydan TV

Rüfət Əsgərov da təmir-bərpa işlərinin ləng getməsindən şikayətçidir.

Deyir ki, evi tikib, damını vurmuşdular, amma bir müddət əvvəl gəlib söküblər.

Onlara bildirilib ki, iş düzgün görülməyib. Həmin müddətdə evin üstü açıq olduğuna görə yağan yağış içəridə olan məişət əşyalarını sıradan çıxarıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Təzəgül Şahnəzərovanın evi çox dağıldığına görə onun əvəzinə yeni ev tikilib. İnşaat işləri isə mülkiyyətçinin istəyinə uyğun layihə əsasında həyata keçirilib:

“Təzəgül Şahnəzərovanın evi hazırdır, sadəcə, tamamlanma işləri qalıb”.

Rüfət Əsgərovun evi sıra ilə təmir edilənlərin siyahısında olub. Bu evdə də yaxın zamanlarda təmirin yekunlaşdırılacağı bildirilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button