Xəbərlər

Gənclər Forumu haqqında qeydlər

Əslində, Heydər Əliyevin 1997-ci ildə ilk Azərbaycan Gəncləri Forumunun keçirildiyi günün – 2 fevralın “Azərbaycan Gəncləri Günü” elan edilməsi haqqında sərəncam imzalayarkən əsasını qoyduğu ənənəyə əməl olunsa, forumun formatı fərqli olmalı idi.

Formalaşmış ənənəyə əsasən, bayram üç ildə bir keçirilir. Əsasən, forum ərəfəsində, yəni bir neçə ay ərzində bütün ölkə üzrə rayon və şəhər konfransları keçirilir. Bu konfranslar zamanı Foruma üzv-nümayəndələr seçilir, gənclər və idman işləri üzrə yerli idarələrin rəhbərlərinin hesabatları dinlənilir, onlar öz rayonlarının və şəhərlərinin gəncləri qarşısında görülmüş işlər haqqında hesabat verir. Forum zamanı gənc nümayəndələr tərəfindən hökumətin gənclərin inkişafı istiqamətində işinə qiymət verilir və onların təklifləri, təşəbbüsləri və ideyaları əsasında gənclər siyasəti sahəsində fəaliyyət proqramları hazırlanır.

Ümumilikdə forumun ideyası məhz gənc nümayəndələrin təklifləri, qiymətləndirmələri və tənqidi əsasında növbəti üç il üçün gənclərin fəaliyyətini formalaşdırmaqdan ibarətdir.

Maraqlıdır ki, 1945-ci ildə İkinci Dünya Müharibəsinin başa çatmasından sonra təsis edilmiş Ümumdünya Gənclər Günü hər il noyabrın 10-da qeyd edilir. Bu gün Ümumdünya Demokratik Gənclər Federasiyasının himayəsi altında qeyd olunur. Bəlkə də, bu himayə demokratiya sözünə qarşı allergiyası olan Azərbaycan hakimiyyətinin qlobalizmin təsirindən müdafiə olunmuş öz suveren gənclər gününün keçirilməsi haqqında qərar qəbul edib.

Ilham Əliyevin qlobalizmin, rəngli inqilabların təsirindən “narahat olan”, amma milli dəyərləri qlobal versace, dior ətirlərinin və vulqar BTS musiqisinin pis təsirindən qorumağa çalışan gənc forum iştirakçılarının suallarına cavablarında qloballaşma təhlükəsi mövzusuna dəfələrlə toxunulub.

Əliyev qloballaşmanı, ölkə üzərində nəzarət qurmağa çalışan qlobal qüvvələri əsas düşmənlər adlandırıb, həmçinin buna qarşı milli dəyərlərin dünya dəyərlərindən üstünlüyünə əsaslanan mübarizə sistemini də müəyyən edib.

Forum iştirakçılarının sualları işsizlik, narkomanlıq, gənclərin roluna və onların potensialının həyata keçirilməsinin perspektivlərinə dəqiq baxış olmaması, ölkə əhalisinin strukturunda gənclərin xalis çəkisinin azalması kimi ölkə gənclərinin real problemlərinə toxunmayıb.

“Yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır. Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir”, deyə preizdent monoloqunun istiqamətini təyin edib.

O, yenə Azərbaycan gənclərinin qaçdığı və göz dikdiyi Qərbi islamofobiyanı yaymaqda, etnik dözümsüzlükdə ittiham edib. Kifayət qədər məlumatlı, Azərbaycan və Avropa arasındakı fərqi hiss etmək iqtidarında olan gəncləri qorxudan Əliyev auditoriyanı əksinə, Qərb birliyinə inteqrasiya fikrindən daşınmağa çağırıb: “O vaxtdan bu günə qədər bir çox dəyərlər də o istiqamətdə dəyişib və mən onlara heç dəyər deməzdim. Amma orada qalacaq azərbaycanlı uşağı necə böyüdəcək, hansı mühitdə böyüdəcək, onun uşağına kim dərs verəcək, nəyi öyrədəcək ona? Bunu düşünmək lazımdır və bütün bu amilləri nəzərə alaraq mən çox tövsiyə edərdim ki, qayıtsınlar öz Vətəninə, Vətənə xidmət etsinlər”. 

Forma və ideyaya uyğun olaraq ciddi şəkildə seçilmiş forum iştirakçılarını hansı fikirlərin ələ keçirdiyi məlum deyil, amma real ictimai rəyin yeganə ölçüsü olan sosial şəbəkələri qiymətlərin, cərimələrin, tariflərin və vətəndaşların şəxsi vəsaitlərinin əllərindən alınmasının digər alətlərini artırmaqla orta statistik azərbaycanlının belindəki kəməri gündən-günə sıxan hökumətin ünvanına tənqidlər bəzəyir.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

Öz etirafına görə sosial mənbələrdən məlumat əldə edən Əliyev gəncləri rəngli inqilab müəlliflərinin informasiya təxribatlarına uymamağa çağırıb: “Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə – hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”.

Amma zənnimizcə, prezidenti xarici təsirdən daha çox obyektiv (pandemiya) və subyektiv (pis idarəetmə) səbəblərdən yaranmış daxili sosial-iqtisadi problemlər qayğılandırıb. Sonuncu halda hökumət gözlənilən problemləri bildiyi halda böhrandan, o cümlədən gənclər siyasəti sahəsində böhrandan qaçmaq üçün səylərini birləşdirə bilməyib.

2017-ci ilin sonlarında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, yaxın 8 il ərzində Azərbaycan gəncləri iş problemi ilə qarşılaşa bilər: “2025-ci ilə qədər ölkədə əlavə olaraq 450 min yeni iş yerinin açılması planlaşdırılır, bu da orta hesabla ildə 50 min iş yeri təşkil edəcək. 2017-2025-ci illərdə 18 yaşına çatan gənclərin sayı açılan iş yerlərinin sayından 2,5 dəfə çox olacaq. 2025-ci ilə qədər hər il 125,2 min nəfər 18 yaşına çatacaq. Qeyd edilən dövrdə orta hesabla hər il 100 min gənc ilk dəfə işə düzələcək”.

Bu planların həyata keçirilməsi qismət olmadı. Bəlkə də buna görə gənclər forumunda “2015-2025-ci illər üçün Azərbaycan gənclərinin inkişaf strategiyası”ndan bəhs edilməyib. “Gözlənilən nəticələr” bölməsi ilə müasir reallıq arasında kəskin fərq var.

MDB Statistika Komitəsinin 2020-ci il üçün məlumatlarına görə, son 10 ildə Azərbaycan əhalisinin tərkibində gənclərin payı 3,6% azalıb. Bu zaman doğum sayı artıb, amma gənclərin ölkədən axını da artıb və doğum nisbətini nəzərəçarpacaq dərəcədə üstələyib. Bu, 15 yaşından 29 yaşına qədər bütün yaş qruplarına aid gənclər arasında, xüsusilə də 20-24 yaş qrupunda nəzərə çarpıb. Eyni zamanda, birləşdirilmiş büdcə xərcləri MDB-də ən aşağı səviyyədə – ÜDM-in 0,9%-i səviyyəsində qalıb. İşçi qüvvənin sayına nisbətdə gənclərin sayının azaldığı qeydə alınıb. 2019-cu ildə gənclərin təxminən 63%-i iş axtarışında olub. Bu, 2015-ci ildəki rəqəmdən (65%) bir qədər azdır. Pandemiya nəticəsində vəziyyət xeyli pisləşib, xüsusən gənclərin üstünlük təşkil etdiyi turizm və xidmətlər sektorunda.

Narkomanlıq iki dəfəyə yaxın, toksikomaniya beş dəfə artıb. Xüsusən, kişilər arasında – müvafiq olaraq hər 100 min nəfərdə 64,8 narkoman və 1,2 toksikoman. İntiharlar nəticəsində ölümlərin sayı 2 dəfədən çox artıb.

Əlbəttə, nailiyyətlərdən də danışmaq olar, baxmayaraq ki, forumda onlar da təhlil olunmayıb. Amma problemlər siyahısı ön plana çəkilməli idi ki, onları həll etməklə nailiyyətləri artırmaq olsun. Amma bu, baş vermədi. Hökumətə təkliflər verilmədi. Belə təkliflər ola da bilməzdi.

Təklif etmək üçün sərbəst düşüncələrlə plan qurmağı bacarmaq lazımdır, bunun üçün isə gənc olmaq lazımdır. Prezident forumda yaşca özündən kiçik olan həmvətənlərindən daha gənc görünürdü, təkcə ona görə yox ki, o, 60 yaşında 15 dəfə turnikdə dartılır və yaxşı yay havasında dənizdə üzür, ona görə ki, o, ən azından öz əqidəsini inamla və ardıcıl şəkildə müdafiə edir. Ölkə gənclərində əminlik və ardıcıllıq işıqları nəzərə çarpmırdı, bu isə ölkənin qaranlıq gələcəyi üçün əsas təhlükə və hətta təhdiddir.

Mehman Əliyev

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button