2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gecə klubunda partlayışla bağlı məhkəmə başladı

Yayımlandı: 18 İyul 2022 20:33

“Əsl günahkarlara ittiham verilməlidir”

Aprelin 3-də Bakıdakı “Location” gecə klubunda baş vermiş partlayışla bağlı məhkəmə araşdırmaları başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına üç nəfər çıxarılıb. Bunlar obyekti icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, şirkətin təsisçisi – klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.

Ruslan Məmmədov Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunur. Rəsul Rəsulov və Orxan Səfərova isə bununla yanaşı, həm də Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham verilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov istintaqın sonunda Binəqədi Rayon Məhkəməsinin qərarıyla ev dustaqlığına buraxılıb. İyulun 18-də məhkəmədə prokuror onun barəsində qətimkan tədbirinin dəyişməsini, Ruslan Məmmədovun həbs olunmasını istəyib. Lakin hakimlər prokurorun bu təklifilə razılaşmayıb, onu həbs etməyiblər.

Rəsul Rəsulovun vəkili onun haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, dərhal məhkəmə zalından azadlığa buraxılması barədə vəsatət qaldırıb. Vəkili deyir ki, Rəsul Rəsulov rəsmi olaraq gecə klubunda çalışmayıb:

“Partlayışdan sonra klub rəhbərliyi köhnə tarixlə onun işləməsini rəsmiləşdirib, gecə klubunda yanğından təhlükəsizliyə məsul şəxs kimi təqdim edib. Kompüterə baxış keçirməklə bunu aydınlaşdırmaq olar”.

Prokuror ev dustaqlığında olan Ruslan Məmmədovun həbsini istəyəndə onun vəkili buna etiraz edib. Deyib ki, cinayət işi üzrə 40 zərərçəkmişlə rəsmi qaydada barışıq əldə ediblər, onlara dəymiş maddi ziyan ödənilib:

“Ruslan Məmmədov az ağır cinayətlərdə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas yoxdur”.

Orxan Səfərlinin vəkili Muxtar Mustafayev isə istintaqdan narazılığını ifadə edib. Deyib ki, istintaq dövründə çoxlu sayda qanun pozuntularına yol verilib. Onun sözlərinə görə, bu cinayət işi təkrar istintaqa qaytarılıb araşdırılmalıdır:

“Bu işdə əsl günahkar olan şəxslərə ittiham verilməlidir. İbtidai istintaq qanun pozuntularıyla aparılıb”.

Məhkəmədə iştirak edən Elçin Rzayev də işin istintaqa qaytarılmasını istəyib. O bildirib ki, hadisə nəticəsində avtomobilinə ziyan dəyib. Prokurorluqda dindirildiyini deyən Elçin Rzayevin sözlərinə görə, sonda ona müstəntiqin zərərçəkmiş qismində tanınmaması barədə qərar qəbul etdiyi məlum olub. O, cinayət işinin istintaqa qaytarılması, özünün isə zərərçəkmiş qismində tanınması barədə qərar verilməsini istəyib.

Elçin Rzayev deyir ki, avtomobilini klubun yaxınlığında saxlamışdı, hadisə nəticəsində ona 3500 manat ziyan dəyib.

Məhkəmə qaldırılan vəsatətlərin heç birini təmin etməyib. Bu iş üzrə məhkəmə araşdırmalarının iyulun 25-dən etibarən başlanmasına qərar verilib.

Elçin Rzayevə isə bildirilib ki, məhkəmə onunla bağlı heç bir qərar qəbul edə bilməz. Çünki işdə ona ziyan dəyməsi haqda heç bir sənəd yoxdur. Onun diqqətinə çatdırılıb ki, bununla bağlı aidiyyəti üzrə qurumlara müraciət edə bilər.

Gecə klubunda partlayış bu il aprelin 3-də gecə saat 3 radələrində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq belə nəticəyə gəlib ki, klubun mətbəxində qanunsuz olaraq, qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İş üzrə ümumilikdə 52 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında “Bakı Lift Təmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. Həmin gecə o da klubda xəsarət alıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button